Əlaqə Arxiv
news Image
2015.09.14
17:50
| A A A
Milli Məclisdə Avropa Parlamentinin qətnaməsi sərt tənqid edilib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlı müzakirə aparılıb.


Movqe.az-ın məlumatına görə, MM-in Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu təxribat dolu qətnaməyə uyğun cavab verilməlidir.O qeyd edib ki, əslində bu qətnamə ilə Avropa Parlamenti özünə ciddi zərbə vurub: "Bundan sonra onların deyəcəyi sözlərin, verəcəkləri vədlərin heç bir əhəmiyyəti yoxdur. Onlar müstəqil dövlətə qarşı belə bir addım atdılar. Mən bir faktı deyim. Bu sənədin təşəbbüskarlarından biri Azad Avropa Alyansında təmsil olunur. Həmin alyansın deputatları Dağlıq Qarabağda fəaliyyət göstərən "Artsax Demokratik Partiyası"nı öz sıralarına qəbul ediblər. Biz öz sözümüzü deməliyik".


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iyul ayında prezident Avropa Parlamenti ilə əməkdaşlığın yeni konsepsiyasını hazırlamaq barədə tövsiyə verib: "Bu gün toplaşmağımız bu baxımdan da əhəmiyyətlidir. İlk dövrdən Avronest Parlament Assambleyasının niyyəti bizə şübhəli gəlirdi. Bu qurum yarananda biz təklif edirdik ki, onun fəaliyyət sahəsinə münaqişəli zonalar məsələsini də salaq, ancaq dedilər ki, yox, biz mədəniyyət və başqa istiqamətdə əməkdaşlıq edəcəyik. Lakin sonradan Ukrayna problemi ilə bağlı məsələni gündəmə saldılar. İndi Azərbaycanı korrupsiyada ittiham edirlər. Bizim hüquq- mühafizə orqanları həbs edilən şəxslərlə beynəlxalq donorlar arasında əlaqələri bir qədər də araşdırsalar, bəlli olar ki, son zamanlar qətnamə qəbul edən, danışan avropalı deputatlar da bu prosesdə var, onlar da ifşa olunur. Bizim üçün Azərbaycan xalqının fikirləri, seçkilərdə mövqeyi vacibdir. Biz Azərbaycanla münasibətləri olan Avropa İttifaqı ölkələrinin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir. Hesab edirəm ki, bundan sonra da Azərbaycanda Heydər Əliyev siyasəti davam edəcək".


Siyavuş Novruzov qeyd edib ki, son iki ildə Avropa Parlamentinin qərəzli qətnamələrinin şahidi olub: "Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər. Avropa Parlamentinin son qətnaməsinin 10-cu maddəsində yazılıb ki, Leyla və Arif Yunusun həbs olunması işğalçı dövlətlə Azərbaycan gəncləri arasında münasibət yaradılmasına görədir. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. Onlarla bizim milli satqınlar şurası birgə fəaliyyət göstərir. Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir milli satqınlar şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar, sabah qrant aldıqlarının Azərbaycanla bağlı verdiyi bəyanatlarda özlərini element kimi görmək istəyirlər. Avropalılar gəlib Azərbaycandan tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğu öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanda iqtidar və xalq birdir".


Vahid Əhmədov bildirib ki, Avropa Parlamenti bütün Avropa demək deyil və Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var: "Hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. Xüsusilə Azərbaycanın əleyhinə olan qüvvələrlə işləri daha da genişləndirmək lazımdır".


V. Əhmədovun çıxışına sədr Oqtay Əsədov reaksiya verib: "Biz demirik ki, Avropa ilə əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Şults Avropa Oyunları ərəfəsində göstəriş vermişdi ki, Azərbaycana rəsmi, ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər".


Qüdrət Həsənquliyev deyib ki, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması ilə bağlıdır: "Bu qətnaməni hazırlayanlar ermənipərəst şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yetkin deyil. Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındırlar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur".


Q. Həsənquliyev qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini gözləmir: "Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki,Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq. Biz Milli Məclisdə qəbul ediləcək qərarı dəstəkləyəcəyik. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır".


Daha sonra çıxış edən digər deputatlar da Avropa Parlamentinin qətnaməsini sərt tənqid ediblər.


Milli Məclisin sədri Oqtay Əsədov isə aşağıdakıları bildirib: "Azərbaycan olaraq biz Avronestdə Dağlıq Qarabağa aid olan bir dənə də sənədi imzalatdırıb, müzakirə olunan məsələlərin arasına sala bilmədik. Bu təşkilatda bizim iştirakımız bizə nə verir? Həmin təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm ki, Nazirlər Kabinetinə müraciət etməliyik ki, "Şərq Tərəfdaşlığı" Proqramına yenidən nəzər salsın".




Sizin Reklam Yeriniz