Əlaqə Arxiv
news Image
2015.09.17
08:30
| A A A
Avropanın “Şərq tərəfdaşlığı” proqramı Azərbaycansız iflasa uğrayır
Aydın Ağayev: “Azərbaycansız “Şərq tərəfdaşlığı” proqramının heç bir əhəmiyyəti qalmayacaq”

Azərbaycana rəsmi səfərə gələn Çexiya Prezidenti Miloş Zeman Bakıda Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Azərbaycan "Şərq tərəfdaşlığı" proqramından çıxarsa, bu proqram əsas komponentini itirəcək. M. Zeman qeyd edib ki, "Şərq tərəfdaşlığı"na faydalı proqram kimi baxır və Azərbaycanın bu təşkilatda indiyədək icra etdiyi rolu yüksək qiymətləndirir.

Beləliklə, Çexiya prezidentinin bu çıxışından da görmək olar ki, Qərb Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramında iştirakında maraqlıdır. Bu maraq da ondan irəli gəlir ki, ölkəmizin həmin proqramda iştirakı Avropa üçün də mühüm əhəmiyyət kəsb edir.

Lakin Azərbaycanın bu kimi proqramlarda iştirakında maraqlı olduğunu deyən Qərb son zamanlar ölkəmizə qarşı qərəzli mövqe tutmağa başlayıb. Onlar bir yandan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın orada iştirakına ehtiyac duyduqlarını bəyan edir, digər tərəfdən isə ölkəmizə qarşı əsassız bəyanatlar, iftiralar səsləndirirlər.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Azərbaycansız "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyəti, nüfuzu qalmayacaq: "Çexiya Prezidentinin dediyi bu fikirlər tamamilə düzgündür. Bunu əsaslandırmaq üçün "Şərq tərəfdaşlığı" kimi layihələrin irəli sürüldüyü və ondan keçən müddət ərzində bu proseslə bağlı gedən məsələləri bir daha göz önünə gətirmək lazımdır.

"Şərq tərəfdaşlığı" proqramı hədəflərini həyata keçirmək üçün seçdiyi taktika və münasibət doğru deyildi. Proqram elan olunur, dövlətlər ona qoşulur, tədbirlər keçirilir. Azərbaycan da vaxtilə burada çox fəal olub. Burada böyük bir konfrans keçirildi. Bütün bunların hamısına vaxt, resurs sərf olunur. Təbii ki, hamı da nəticə gözləyir. Nəticə bizim kimi dövlətlər üçün olmalıdır. Amma nəticə yoxdur. Buradakı beynəlxalq meydançada sözünü deyir, narahat edən məsələləri ortaya çıxarır və yardım istəyirsən. Bunlar olmayanda isə əməkdaşlığın əhəmiyytətini təmin edə biləcək mənbələr də yox olur. Fəaliyyətin mənasızlığı üzə çıxır. Proqram elan olunanda gərək fəaliyyət yönündə hədəfləri düzgün seçə və düzgün münasibət qurardılar. Lakin bu münasibəti onlar qura bilmədilər. Elə bir vəziyyət yarandı ki, ora dəvət olunan dövlətlər, o cümlədən Azərbaycan onun mənasızlığını anladı.

Ölkəmiz belə bir münasibət sərgiləməkdə haqlıdır. Çexiya Prezidenti "Şərq tərəfdaşlığı" proqramı üçün Azərbaycanın əhəmiyyətindən danışır. Həqiqətən də Azərbaycan bütün bu proseslərə digər dövlətlərdən daha fərqli, perspektivi olan münasibət sərgilədi. Eyni zamanda, ölkəmiz prosesə töhfəsini də verir. Avropa ilə əməkdaşlıqda Azərbaycanın yeri nə Ermənistanın, nə Gürcüstanın, nə də Moldovanın yeridir. Burada da Azərbaycan mühüm yer tutur. Çexiyanın dövlət başçısı həmin proqramın Azərbaycansız əhəmiyyətini itirəcəyini deyəndə məhz bunları nəzərdə tuturdu. Azərbaycanın verdiyi və bundan sonra da normal şərait olsaydı, verə biləcəyi töhfələri nəzərdə tutaraq, o, belə bir fikir səsləndirib. Bu bir reallıq, gerçəklikdir. Bu haqda düşünür, təhlil edirik, sözümüzü bildirir və qərarımızı veririk.

Qoy, orada da düşünsünlər, niyə bunu ortaya atdınız və indi nədən iflasa doğru gedirsiniz? Bu, artıq onların məsuliyyət məsələsidir. Burada Azərbaycan üçün problem yoxdur. Ölkəmiz situasiyanı düzgün qiymətləndirərək, Azərbaycanın milli maraqları baxımından qərar verir. Qərbdə belə bir azar formalaşıb, onlar münasibət qurduqları ölkələrdən nəsə qoparmaq istəyir.

Amma problemlərin həllinə gələndə məsələnin orada həll olunmadığını deməklə minlərlə bəhanə gətirirlər. Məsuliyyətdən qaçır, yaxud da bütövlükdə ədalətsiz mövqe nümayiş etdirirlər. Ermənistan "Şərq tərəfdaşlığı" proqramına heç nə verə bilməyəcək. Onlar açıq-aşkar öz kursunu müəyyən edib, indi Avrasiya İqtisadi Birliyində təmsil olunur. Açıq şəkildə Rusiyadan idarə olunurlar. Amma bununla bərabər Qərbin onlara münasibəti tamamilə başqadır. Azərbaycan isə nə MDB-də yaranan hərbi-siyasi təşkilata üzv deyil, nə də Avrasiya İqtisadi Birliyinə qoşulmaq fikri yoxdur. Ölkəmiz müstəqil siyasət yürüdür, ikitərəfli münasibətlərə əsas yer verir.

Avropa ilə olan proqramlara da vaxtında çox əhəmiyyət və töhfə verib. Proqramlar çərçivəsində praktiki işlərdə iştirak edib. Lakin nəticədə ölkəmizə onlar tərəfindən yad münasibətin olduğunu görürük. Onda nədən, səmərəsi olmadığı, əksinə, ziyan gətirdiyi halda, bu töhfələri verməkdə davam etməliyik? Beynəlxalq aləmdə, xüsusən də Qərb dairələrində Azərbaycan ətrafında pis imic yaratmaq cəhdləri davam etməkdədir. Bunları görərək, Azərbaycan haqlı olaraq müvafiq nəticələr də çıxarır.

Əslində, "Şərq tərəfdaşlığı" proqramının bizə ehtiyacı var. Ölkəmizin isə ona ehtiyacı yoxdur. Nəticə görməyəndə də təbii ki, öz qərarımızı veririk və bu da çox doğrudur. Həqiqətən də Azərbaycansız həmin layihələrin heç bir əhəmiyyəti qalmayacaq. Həmin proqramda Azərbaycandan başqa iştirak edən dövlətlərin indi hansı vəziyyətdə olduğunu görmək olar". 

Sizin Reklam Yeriniz