Əlaqə Arxiv
news Image
2015.09.17
08:31
| A A A
ATƏT DTİHB-nin ikiüzlülüyü ifşa edildi
“DTHİB kollektiv orqanların qərarlarının ziddinə olaraq iştirakçı ölkələrdə getdikcə daha çox özünün partizan metodlarını tətbiq edir“

Qərbdə müəyyən dairələrin yenidən aktiv şəkildə Azərbaycan əleyhinə fəaliyyətə başlaması heç kimə sirr deyil. Avropa Parlamentinin ölkəmizlə bağlı məlum qərəzli qətnaməsinin böyük əksriyyəti erməni lobbisi ilə bağlı olan həmin dairələrin "zəhməti" olması da danılmaz həqiqətdir. Azərbaycana qarşı daha bir qərəz isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən nümayiş etdirilməkdədir.

Qeyd edək ki, sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda qarşıdan gələn parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb. Bunun üçün isə heç də əsaslı olmayan səbəblər irəli sürülüb. Halbuki, ATƏT-in parlament seçkiləri ilə bağlı müşahidə missiyasını göndərməkdən imtina etməsi bu strukturun öz mandatını ciddi şəkildə pozması deməkdir. Digər tərəfdənnəzəər almaq lazımdır ki, Azərbaycan hökuməti, ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib. ATƏT DTİHB qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. eyni zamanda yenə hansısa ciddi əsas olmadan , ATƏT DTİHB Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu cür mövqe isə həm ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına, həm də ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir.

Baş verən bu ikiüzlülüklə bağlı Rusiyanın ATƏT-dəki nümayəndəliyi təşkilatın Daimi Şurasının növbəti iclasında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iş metodologiyası ilə bağlı məsələ qaldırmağa hazırlaşır. Rusiya Federasiyasının ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç xatırladıb ki, Azərbaycan hökuməti təklif olunan müşahidəçilərin sayının çox olduğunu əsas gətirərək öz variantını təklif edib: "Lakin DTİHB barışmaz mövqe tutdu və nəticədə Azərbaycandakı seçkilərin monitorinqini ləğv etdi. Ona görə də Daimi Şurada ATƏT-in bu institutunun elektoral sferada iş metodologiyası ilə bağlı ciddi söhbət aparılacaq".

Lukaşeviç DTHİB-nin kollektiv orqanların qərarlarının ziddinə olaraq iştirakçı ölkələrdə getdikcə daha çox özünün partizan metodlarını tətbiq etdiyini deyib. Diplomat bu strukturda islahatların vaxtının çatdığını vurğulayıb: "Bildiyiniz kimi, DTHİB-lə Azərbaycan arasında seçkilərin müşahidəsi ilə bağlı sonuncu qalmaqal iştirakçı ölkədə anlaşılmazlıq və narazılıq yaratdı. Çünki onu böyük sayda müşahidəçilərdən ibarət komandanı qəbul etməyə məcbur etmək istəyirdilər. Onlar isə çoxsaylı müşahidəçilərin göndərilməsini yersiz, artıq qərar hesab etdilər və öz milli maraqlarına uyğun olan variantlarını irəli sürdülər. Nəzərə aldılar ki, təkcə ATƏT yox, digər beynəlxalq müşahidəçi strukturları da bu seçkiləri izləmək hüququna malikdir. Lakin DTHİB barışmaz mövqe nümayiş etdirdi və nəticədə Azərbaycanda seçkilərin monitorinqindən imtina etdi. Ona görə də təşkilatın yaxın vaxtlarda keçiriləcək Daimi Şurasında ATƏT-in bu institutunun elektoral sferada iş metoduna dair ciddi söhbət olacaq".

Rusiya səfiri deyib ki, DTHİB öz şərtini diqtə edir, ancaq heç kim izah edə bilmir ki, nəyə görə bu institut bəzi Qərb ölkələrinə seçki missiyasını ya ümumiyyətlə göndərmir, ya da demokratiyanın 100 faiz təmin edildiyini, heç bir problemin olmadığını qeydə almaq üçün 10-15 nəfərlik missiya göndərməklə kifayətlənir: "Hərçənd biz bilirik ki, heç bir cəmiyyət ideal deyil, problemlər hər yerdə var". Qeyd edək ki, bu günlərdə məsələyə Yeni Azərbaycan Partiyasının təmsilçiləri tərəfindən d əsərt reaksiya verilib. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov məsələ ilə bağlı bildirib: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəldən məqsədi ondan ibarət idi ki, müxtəlif bəhanələr gətirərək parlament seçkilərində Azərbaycana müşahidəçi göndərməsinlər". S.Novruzov bildirib ki, DTİHB bu və ya digər bəhanələrlə Azərbaycan hökumətinin, Azərbaycan Parlamentinin, Mərkəzi Seçki Komissiyasının müşahidəçi göndərmək dəvəti ilə bağlı problemlər yaradırdı: "Mərkəzi Seçki Komissiyası və ayrı-ayrı aidiyyəti qurumlar Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar həm müxtəlif Avropa institutlarına, həm MDB Parlament Assambleyasına, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, o cümlədən ayrı-ayrı ölkələrin parlamentlərinə və seçki komissiyalarına seçkilərin azad, ədalətli, demokratik keçirilməsini müşahidə etmək üçün müşahidəçilər göndərilməsi ilə bağlı müraciətlər edib".

Millət vəkili qeyd edib ki, bu müraciətlərə və Azərbaycanın mövqeyinə baxmayaraq, istər Avropa Şurası Parlament Assambleyasından, istərsə də ATƏT-dən və xüsusilə DTİHB-dən elə adamlar seçilib bu müşahidə missiyasına daxil edilmişdi ki, onların bir hissəsi Azərbaycanın icazəsi olmadan işğal olunmuş Dağlıq Qarabağ ərazisində bu və ya digər tədbirlərdə iştirak ediblər, bəziləri də Ermənistan parlamenti ilə həmin ölkələrin parlament dostluq qruplarının rəhbərləridir: "Yəni bu cür adamları xüsusilə seçib müəyyənləşdirmişdilər ki, Azərbaycan hökuməti növbəti dəfə etiraz etsin və bunlar da bəyan etsin ki, Azərbaycan müşahidəçilərin gəlməsini istəmir. Bilirsiniz ki, Azərbaycan iqtidarı belə bir şərt qoyub ki, Azərbaycandan icazəsiz Dağlıq Qarabağ ərazisinə gedən siyasətçi, iş adamı, müğənni, yazıçı, şair, yəni kimliyindən asılı olmayaraq hər kəs qara siyahıya daxil edilir və Azərbaycana buraxılmır".

Onun sözlərinə görə, DTİHB ayrı-ayrı dövlətlərə 15 nəfərdən artıq müşahidəçi göndərmir: "Azərbaycanda 125 seçki dairəsi fəaliyyət göstərir və Azərbaycan hökuməti hər dairəyə bir nəfər qısamüddətli müşahidəçi və 10-a yaxın uzunmüddətli müşahidəçi göndərməyi təklif edib ki, bu da kifayət edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçki haqqında öz fikrini bildirsin". S.Novruzov bildirib ki, DTİHB-nin və digər bu kimi qurumların rəyi artıq bəllidir: "Seçkilərin necə keçirilməsindən asılı olmayaraq, bunların rəyi artıq yazılıb. Sadəcə olaraq bunlar müxtəlif bəhanələr axtarırlar".

Sizin Reklam Yeriniz