Əlaqə Arxiv
news Image
2015.09.17
08:33
| A A A
Qarabağda yeni müharibə xəbərdarlığı
Nüfuzlu araşdırma mərkəzləri indiki vəziyyət dəyişməyəcəyi təqdirdə, münaqişənin yaxın aylarda yenidən alovlanmasını istisna etmirlər

Cəbhə xəttində atəşkəsin pozulması düşmənə tərəfə hər dəfə böyük itkilər bahasına başa gəlsə də, ermənilər hələ ki, təxribatlara son vermir. Lakin qeyd olunduğu kimi bu vəziyyət ermənilərin itkilərinin daha da artması ilə müşayiət olunur. Məsələn, üç gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçan aparat məhv edilib.

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq vurulub. Hesab edilir ki, bu vəziyyətdə münaqişənin həllində vasitəçilik edən tərəflər konkret addım atmasa, erməni təxribatları davam etsə, onda Qarabağ müharibəsinin yenidən alovlanması qaçılmaz olacaq. ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yaranmış durumda atəşkəsə riayət etməyin vacibliyini vurğulayıb: "Mən ATƏT Minsk qrupunun həmsədri qismində vəzifəmə başlayanda, əsas təhlükə snayperlərdən qaynaqlanırdı. Amma indi taktikalar dəyişib. İndi biz həmlələrin şahidi oluruq. Minaatan və ağır silahlardan istifadə olunur. Təəssüf ki, biz mülki vətəndaşlar arasında itkilər görürük. Biz tərəflərə təkid edirik ki, bu cür itkilərin qarşısını almaq üçün əllərindən gələni etsinlər".

Rusiyanın "Vestikavkaz" saytı isə yazır ki, səbir kasası dolmaqda olan Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını qaytarmağa hazırlaşır. Azərbaycanın bu yaxınlarda 65 minlik şəxsi heyətlə keçirdiyi böyük hərbi təlimə diqqət çəkən sayt qeyd edir ki, bu manevrlər Qarabağda müharibə vəziyyətində ordunun hərəkətini asanlaşdırır, həmçinin onun düşmən üzərində qalib gəlməsinə təminat verir. Maraqlıdır ki, hərbi təlimlər zamanı belə Ermənistan təmas xəttində təxribatlarından əl çəkmədi. Belə ki, Ermənistan təyyarələri Azərbaycanla təmas xəttində uçuşlar həyata keçirərək təxribatlara təşəbbüs edib: "Azərbaycanın müdafiə naziri Zakir Həsənov təmas xəttində təxribat uçuşları həyata keçirdən Ermənistan təyyarələrinin vurulması əmrini verib. Həmçinin, o, atəşkəs pozulacağı təqdirdə yalnız cavab atəşi ilə qənaətlənməyəcəklərini, iri kalibrli silahların işə düşəcəyini bəyan edib. Bu təlimlər Ali Baş Komandan, Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə keçirilib". Rusiyanın siyasi və hərbi analiz institutunun analitiki Aleksandr Xramçikin sayta açıqlamasında bildirib ki, Azərbaycan hərbi qüdrətinə görə ilk sıralarda yer alır: "Hətta mən deyərdim ki, Azərbaycan post-sovet məkanında hərbi gücünə görə Rusiyadan sonra ikinci yerdədir".

Ekspert vurğulayıb ki, Qarabağda müharibənin başlaması ehtimalı hər gün artır: "Mən həmişə bildirmişəm ki, Dağlıq Qarabağda müharibə mütləq baş verəcək. Hərçənd bunun nə vaxt olacağını demək çətindir".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi hesab olunan "Stratfor" da bildirir ki, Dağlıq Qarabağda uzun müddətdir dondurulan münaqişə yaxın aylarda əhəmiyyətli dərəcədə dəyişə bilər. Mərkəz qeyd edir ki, Azərbaycan ATƏT vasitəçilərinin münaqişənin həllində irəliləyişə nail olmasını istəyir: "Əgər əməliyyatlar yenidən başlasa, Rusiya münaqişənin həllində əsas vasitəçi olmaq və problemi həll edərək Bakının dəstəyini qazanmaq istəyirsə, o zaman tək yol Ermənistanı Dağlıq Qarabağ siyasətinə yenidən baxmağa məcbur etməkdir".

Müharibə yenidən başlanacağı təqdirdə isə Azərbaycanın qısa müddətdə qalib gələcəyi beynəlxalq miqyasda da etiraf olunur. Bunu barəsinəd yuxarıda söz açılan və sentyabrın 6-dan 13-dək davam edən hərbi təlimlər də təsdiq etdi. Müdafiə naziri Zakir Həsənov da bildirir ki, Azərbaycan düşmənin atəşinə bütün imkanları ilə cavab verir: "Əgər onlar çirkin niyyətlərindən əl çəkməsələr daha sarsıdıcı zərbə onların mövqelərinə vurulacaq… Ali Baş komandanın tapşırığı nəticəsində Silahlı Qüvvələrin döyüş qabiliyyəti, hazırlığı o səviyyədədir ki, biz istənilən vaxt işğal olunmuş ərazilərimizi azad etməyə tam hazırıq. Ona görə də mən istərdim ki, düşmən son anda başa düşsün ki, bu, onlar üçün faciə ilə nəticələnə bilər. Hələ ki gec deyil bizim torpaqlarımızı azad etsin! ".

Sizin Reklam Yeriniz