Əlaqə Arxiv
news Image
2015.09.18
15:20
| A A A
Erməni müxalifətçi: Ermənistan Prezidentinin ailəsi reketlə məşğul olur

Serj Sarkisyanın ailəsi reketlə məşğul olur. Movqe.az-ın  məlumatına görə, bunu Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan Bakıda keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, S.Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın hətta "Saşa 50/50" ləqəbi var, çünki o iş adamlarından biznesin iri və ya kiçik olmasına baxmayaraq, gəlirlərin yarısını alır: "Aleksandrın adamları mənim tanışım olduğu konserv zavodunun rəhbərinin oğlunu oğurladılar. Nəticədə o, gəlirin yarısını vermək məcburiyyətində qalıb".


V.Martirosyan qeyd edib ki, S.Sarkisyanın digər qardaşı Levon Sarkisyan uşaqların müalicəsi üçün Avropa və ABŞ-dan pul dilənən xeyriyyə fonduna rəhbərlik edir: "Əslində isə pullar həmin məqsədlərə xərclənmir və Sarkisyanın ailəsinin cibinə gedir".


O diqqətə çatdırıb ki, S.Sarkisyan və R.Koçaryanın başçılıq etdiyi "Qarabağ klanı" Ermənistanı və xalqını sevmir, əksinə nifrət edir: "Ermənistan Afrikanın üçüncü dünya ölkələrindən daha pis vəziyyətdədir. Ermənistanda iş yoxdur. İnsanlar xaricdə yaşayan qohumlarından yardım almasa, hamısı çoxdan acından ölərdi. Korrupsiya çox yüksək səviyyədədir. Hamı bilir ki, məsələn, kənd yerində müəllim işləmək üçün 3 min dollar, şəhər məktəbində isə 10 min dollar rüşvət ödəmək lazımdır".


V.Martirosyan əlavə edib ki, heç kəs Dağlıq Qarabağda yaşamaq istəmir: "Orada boş şəhərlər var. Dağlıq Qarabağda indi seçkilər keçirilsə, xalq Azərbaycanla birləşməyin lehinə səs verəcək".


Təşkilat rəhbəri pul oğurluğunda ittiham edilməsini təkzib edib: "Hakimiyyət mənə qarşı kampaniyaya başladıqdan sonra iddiaçı mənim əleyhimə ərizə verib. O, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təsiri altında edib".


V.Martirosyan Ermənistanda qalan anasının və həyat yoldaşının qardaşının təhlükəsizliyini təmin etmək xahişilə Azərbaycandakı BMT-nin və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətlərinin ofislərinə müraciət edib.


O bildirib: "Bizim Milli Təhlükəsizlik Xidmətinin hansı metodlardan istifadə etdiyini bilirəm. Xahiş edirəm ki, BMT və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti müdaxilə etsin. Azərbaycanda qalacağıma və ya sonradan üçüncü ölkəyə gedəcəyimə dair hələ qərar verməmişəm".

Sizin Reklam Yeriniz