Əlaqə Arxiv
news Image
2015.09.21
14:40
| A A A
​Müsavat Partiyasının Məclis sədri: "Azərbaycanda bəzi müxalif qüvvələr birliyin əleyhinədir"

"2000-ci ildə hamı gördü ki, Əli Kərimlinin yanında olmuş şəxslər parlamentdə təmsil olundu. Bu, təkzibolunmaz faktlardır".

Bunu "Report"-a Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı deyib.

O bildirib ki, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Məclisdə təmsil olunduğuna görə Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsinin digər qanadını - Klassik Xalq Cəbhəsi Partiyasını tanıyıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi üzvlərinin Müsavat Partiyasını bölücülükdə ittiham etməsinə münasibət bildirərkən deyib ki, təmsil etdiyi partiya həmişə müxalifətdaxili birliyin olmasına çalışıb: "Müsavat Partiyasının 2005-ci ildə parlament seçilərindən sonra "Azadlıq" blokunu, 2013-cü ildə prezident seçkilərindən sonra Milli Şuranı tərk etməsinə normal baxmaq lazımdır. Çünki bu qurumlar seçkiöncəsi və seçki mərhələsi üçün yaradılmışdı. Seçki bitəndən sonra həmin qurumlar funksiyasını itirdi. Müsavat Milli Şuranı tərk etdikdən sonra AXCP-yə, o cümlədən digər müxalif qüvvələrə funksional əməkdaşlıq təklif etdi, amma təklif qəbul olunmadı. Biz müxalif qüvvələrin birləşməsində maraqlıyıq. Təəssüflər olsun ki, bəzi qüvvələr mübarizəni müxalifətin daxilinə yönəldir".

N.Sadıxlı bildirib ki, AXCP-nin Müsavat Partiyasının güclü partiya hesab etməməsi doğru deyil: "Müsavat Partiyası güclü partiyadır. Bu il keçiriləcək parlament seçkilərində 75 seçki dairəsi üzrə namizəd irəli sürmüşük. Müsavat Partiyası mandat davası aparmır, seçki prosesindən fəallaşma üçün istifadə edir. AXCP Müsavatı güclü partiya hesab etmirsə, özləri bilər. Mən belə hesab edirəm ki, hazırda Azərbaycanın müxalifət düşərgəsində Müsavatdan güclü partiya yoxdur".


Sizin Reklam Yeriniz