Əlaqə Arxiv
news Image
2015.09.22
10:45
| A A A
Avropa Parlamentinin Qərb dünyasına böyük zərbəsi
Aydın Mirzəzadə: “Ölkəmizin müstəqilliyinə barmaqarası baxan, üzərimizdə ağalıq etmək istəyən dairələr artıq Azərbaycanla xeyli məsafə saxlamalı olacaqlar” Niyaməddin Orduxanlı: “Qərb özünün səhv addımları ilə bu günə qədər ona etibar edən dövlətləri itirəcək”

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsi fonunda ölkəmizdə Qərbə inam sarsılıb. Anoloji vəziyyət Qərblə müəyyən münasibətləri olan bir çox digər ölkələrdə də müşayiət olunur. Hazırda Rusiyada da Qərbə bu günə qədər olan inam tamamilə itib. Bundan başqa, Qərbin Türkiyəyə münasibətdə tutduğu ikili mövqe, uzun illərdir ki, bu dövləti Avropa Birliyinə yaxın buraxmamaları, qardaş ölkədə də Qərblə bağlı münasibətləri mənfiyə doğru yönəldib. Həmçinin, Qərbin Yaxın Şərqdəki neoimperalist siyasəti bu region ölkələri arasında da onun nüfuzdan düşməsinə gətirib çıxarıb. Bir sözlə, hazırda əksər dünya dövlətlərində Qərbə olan inam itib. Bu vəziyyət görəsən hansı nəticələrə gətirib çıxaracaq? Bütünlükdə bu tendensiya Qərbə nə vəd edir?

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Qərbdəki bəzi dairələrin ölkəmizə qarşı qərəzli mövqe sərgiləməsi fonunda onlar bizi itirəcək, Azərbaycan onlarla münasibətlərdə müəyyən məsafə saxlamalı olacaq: "Ümumilikdə nə Azərbaycan cəmiyyətində, nə dünyada Qərbə inam sarsılmayıb. Bunu ancaq Qərbdəki müəyyən dairələrə münasibətdə demək olar. Qərb ümumilikdə inkişaf etmiş, bəşəriyyət tarixinə böyük töhfələr verən bir bölgədir. Bu gün də beynəlxalq aləmdə stabilliyin qorunub saxlanılmasında, problemlərin həll edilməsində böyük rol oynayır. Amma Qərbdəki bəzi dairələr ki, bu gün ayrı-ayrı ölkələrə qarşı, o cümlədən Azərbaycana qarşı ədalətsiz mövqe tutur, məsələlərə ikili standartdan yanaşır, müstəqil siyasət yürüdən ölkələri öz təsiri altına almağa çalışır, həmin dairələrə əlbəttə, müstəqil dövlətlər ehtiyatla yanaşmağa başlayıb. Həmin dairələr artıq yeni müstəqi dövlətlərə münasibətdə əvvəlki nüfuzda deyillər. Bu baxımdan Azərbaycan Qərblə özünün yaxın münasibətlərini saxlayır, onunla əməkdaşlığın yeni formalarına böyük önəm verir və bundan sonra da Qərblə birlikdə dünyada təhlükəsizlik, stabilliyin qorunmasında birgə hərəkət edəcək. Ancaq ölkəmizin müstəqilliyinə barmaqarası baxan, üzərimizdə ağalıq etmək istəyən dairələr artıq Azərbaycanla xeyli məsafə saxlamalı olacaqlar. Çünki, Azərbaycan onların iç sifətini, bizə yeritməyə çalışdıqları siyasəti gördü və əlbəttə ki, buna müvafiq addımlar da atılacaq.

Ümumilikdə Qərb anlayışı genişdir. Burada demokratik, azad düşüncə sahibi olan yeni yaranmış dövlətlərlə bərabər hüquqlu əlaqələr qurmaq istəyən güclü, nüfuzlu dairələr var. Özü də həmin dairələrin nüfuzu beynəlxalq aləmdə yüksəkdir. Ancaq bəzi dairələr var ki, onlar da iç sifətlərini vaxtaşırı göstərirlər". BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə qeyd etdi ki, Avropa Parlamentinin qərəzli qərarları Qərbə bu günə qədər olan ümidlərin, etibarın itməsinə gətirib çıxaracaq: "Avropa Parlamentinin Azərbaycanla bağlı verdiyi qərar ölkəmizlə münasibətlərin korlanmasına istiqamətlənmiş bir qərardır. Ona görə də Azərbaycan xalqı bu qərarla barışmayacaq. Görürük ki, hazırda Avropa Parlamenti Qərbin əlində bəzi müstəqil dövlətlərə qarşı təzyiq mexanizminə çevrilib. Qərbin Azərbaycana və digər dövlətlərə qarşı belə qərəz sərgiləməsi sözsüz ki, həmin ölkələrdə onlara qarşı inamsızlıq yaradacaq və yaradıb. Bundan sonra, Qərb özünün bu səhvlərini düzəltməsə, ona münasibətdə əvvəlki inam bir daha bərpa olunmayacaq. Belə vəziyyət Qərblə başqa dövlətlər arasında böyük etimadsızlıq mühiti yaradıb. Artıq digər dövlətlər başa düşüb ki, vəziyyət belə davam edəcəyi halda, Qərbə nəyisə həvalə etmək olmaz, çünki onlar daha nəyisə həll edə bilməzlər. Ölkəmizə qarşı qərəzli mövqe sərgilədiyi halda, Azərbaycan xalqı onlardan hansı ədalətli mövqeni gözləyə bilər? Bu səhv hərəkətləri ilə Qərb ancaq Azərbaycan ictimaiyyətində ona qarşı böyük bir etimadsızlıq mühitinin yaranmasına nail oldu. Biz sözlə, Qərb özünün səhv addımları ilə bu günə qədər ona etibar edən dövlətləri itirəcək. Azərbaycan xalqı görür ki, belə mövqe sərgiləməkdə Qərb bütün hallarda haqsızdır. Bu kimi yersiz qərarlar dövlətlərarası münasibətlərə xeyir deyil, zərər verəcək. Bundan da uduzan birinci növbədə Qərbin özü olacaq".



Sizin Reklam Yeriniz