Əlaqə Arxiv
news Image
2015.09.21
23:00
| A A A
İran hərbi gücünü paradda nümayiş etdirəcək

İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə sentyabrın 22-də keçiriləcək hərbi paradda Silahlı Qüvvələrin raketlər, dəniz, quru qoşunlar, eləcə də hava hücumundan müdafiə sahəsində yeni nailiyyətləri nümayiş olunacaq. Movqe.az-ın İranın "Tasnimnews" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) sözçüsü Ramazan Şərif deyib.


O bildirib ki, hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir. Paradın keçirilməsində məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsidir.


Məlumata əsasən, parad Tehranda İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq. Paradı İran Prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici diplomatik nümayəndəliklərin hərbi attaşeləri izləyəcək.


Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.


İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

Sizin Reklam Yeriniz