Əlaqə Arxiv
news Image
2015.09.29
08:00
| A A A
Atəşkəsin pozulması yeni müharibəyə yol açır
Üzeyir Cəfərov: “Ermənilər ağılsız hərəkətlərinə son qoymasa, vəziyyətləri daha da ağır olacaq” Emin Həsənli: “Konkret ölçü götürməsələr, regionda vəziyyət daha da ağırlaşacaq və Ermənistanın özünün mövcudluğu sual altında qalacaq”

Son günlərdə cəbhə xəttində vəziyyətin yenidən gərginləşməsi müşahidə olunur. Özü də getdikcə daha ağır silahlar işə salınır. Bəs bu cəbhə bölgəsində nəyə gətirib çıxara bilər?

Hərbçi-ekspert Üzeyir Cəfərov düşünür ki, son hadisələr fonunda vəziyyət istənilən halda nəzarətdən çıxa bilər: "Hazırda cəbhə bölgəsində hadisələr çox ciddidir. Belə vəziyyətin yaranmasının bir sıra səbəbləri var. Bir səbəb də BMT-nin Nyu-Yorkda keçirilən tədbirilə əlaqədardır. ATƏT-in Minsk qrupu həmsədrləri də Nyu-Yorkdadırlar. Burada Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüş keçiriblər. Üstəlik Rusiyanın xarici işlər nazirinə Dağlıq Qarabağ münaqişəsilə bağlı hesabat da veriblər.

Bu da qəribə haldır, üç ölkənin həmsədrləri Rusiya xarici işlər nazirinə danışıqların vəziyyətilə bağlı hesabat verir. Ona görə də düşünürəm ki, cəbhədə son günlər cərəyan edən vəziyyət daha çox siyasi oyunlarla bağlıdır. Burada Rusiya oyun oynayır. Ermənistanın bu təxribatları da Rusiyadan qaynaqlanır. Bilirsiniz ki, Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 7-də Bakıya gələn ərəfədə cəbhə xəttində dəhşətli vəziyyət yarandı. Bu zaman atəşkəsin pozulması fonunda minaatanlar, qumbaraanatlardan, hətta bəzi hallarda artilleriyadan da istifadə olundu. Azərbaycan tərəfi də düşmənə cavab zərbəsi endirərək, onları ağır itkilərə məruz qoydu. Son günlər baş verənlər də onu deməyə əsas verir ki, istənilən an vəziyyət nəzarətdən çıxa bilər. Çünki, Azərbaycan vətəndaşlarına qarşı istifadə olunan silah-sursat, düşmənin həyata keçirməyə çalışdığı təxribatlar ola bilsin, Azərbaycan tərəfini qısa müddətli də olsa güc amilindən istifadə etməyə məcbur etsin. Hər şey buna doğru gedir. Ermənilər ağılsız hərəkətlərinə son qoymasa, vəziyyətləri daha da ağır olacaq. Çünki Azərbaycanın başqa yolu qalmır.

ATƏT-in Minsk qrupunun fəaliyyəti iflasa uğradı və proses tam iflasa doğru gedir. Ermənistan prezidentinin Nyu-Yorka yola düşməzdən əvvəl Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi kimi qələmə verdiyi fikirlər onu deməyə əsas verir ki, həll istiqamətində indiyə kimi aparılan fəaliyyət sıfıra bərəbərdir. Yaxın iki-üç gün ərzində cəbhə xəttində diqqəti daha da artırmalıyıq. Çünki danışıqlar prosesində müəyyən məqsədə nail olmaq üşüm düşmən bütün təxribatlara əl ata bilər. Hər halda ordumuz düşmənə tutarlı cavab verməyə tam hazırdır, amma istənilən halda şəxsi heyətin və insanlarımızın həyatını qorumaq üçün əvvəlki dövrdə olduğundan proses başa çatana qədər diqqəti daha da artırmalıyıq. Nyu-Yorkdakı görüşləri nəzərdə tuturam. Bunları nəzərə almasaq gərgin anlar yaşana bilər. Hər halda ordumuz tam hazır vəziyyətdədir. Ali Baş Komandan qərar verəcəksə, bu, ermənilər üçün böyük itkilərlə müşayiət olunacaq".

Digər ekspert Emin Həsənli qeyd etdi ki, işğalçının cəzalandırılması istiqamətində konkret ölçü götürülməsə, daha ağır döyüşlərin başlayacağı labüddür: "Hazırda Ermənistanda vəziyyət həddən artıq pisdir. Bu ölkənin iqtisadi durumunun ağır olması fonunda ermənilər ölkədən köçürlər. Burada enerji daşıyıcılarının qiyməti qalxandan üzü bəri əhali aksiyalar keçirərək hakimiyyətə etirazlarını bildirirlər.

Ermənistan ordusunda da vəziyyət kritikdir. Onlar bura dəfələrlə diversiya qrupları yollasalar da, ağır məğlubiyyətə düçar olublar. Keçən ilin avqustundan üzü bəri erməni silahlı qüvvələri Azərbaycan Ordusundan aldığı ağır zərbələrdən hələ də özünə gələ bilmir.

Serj Sarkisyan da bilir ki, Azərbaycan 1993-cü ildəki ölkə deyil. Son zamanlar erməni ordusunun acı məğlubiyyətlərə uğramasından xəbərdardır. Lakin daxildəki vəziyyətdən diqqəti yayındırmaq üçün hər zaman cəbhədəki durumu gərginləşdirməyə çalışırlar. Onlar müharibə də etmək istəmirlər, çünki bilirlər ki, bunu etsələr, acınacaqlı məğlubiyyətlə üzləşəcəklər. Azərbaycan iqtisadi, ordunun qüdrəti və beynəlxalq imici baxımından Ermənistandan qat-qat güclü və nüfuzludur. Ordumuz mənəvi-psixoloji hazırlıq, silahla təminat baxımından da düşməndən güclüdür. Belədə erməni işğalçılarının gücü ancaq azyaşlılara və dinc sakinlərə çatır. Milli ordumuzla qarşı-qarşıya gələndə isə ağır itki verərək geri otuzdurulurlar. Erməni əhalisi də bunları görür və hakimiyyətdən cavab verilməsini tələb edirlər.

Vəziyyətin belə olmasında beynəlxalq aləmin də günahı vardır. Problem həll olunsaydı, indi belə bir vəziyyət də yaranmazdı. Sarkisyan kimi Xocalıda əli qana batmış bir cinayətkarı həbs edib məhkum etsəydilər, vəziyyət çoxdan düzəlmişdi. Qərb bir saatın içində Liviyaya dair qətnamənin icrasına başlayır, amma 22 ildir ki, BMT qətnamələri Ermənistana tətbiq edilmir. Ona görə də indi belə bir vəziyyət yaranıb. Bunun da məsuliyyəti Ermənistanla ATƏT rəhbərliyinin üzərindədir. Onlar konkret ölçü götürməsələr, regionda vəziyyət daha da ağırlaşacaq və Ermənistanın özünün mövcudluğu sual altında qalacaq. Azərbaycan öz torpaqlarını azad etməyə, ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır".



Sizin Reklam Yeriniz