Əlaqə Arxiv
news Image
2015.09.29
09:00
| A A A
Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması mexanizmi yaradılır?!
Şahin Cəfərli: “Atəşkəs pozuntuları da daxil olmaqla, bütün problemlərin təməl səbəbi işğal faktıdır, həmsədrlər ya bunu anlamır, ya da anlamaq istəmir” Araz Əlizadə: “Ermənistanın işğalçı ordusunun Dağlıq Qarabağdan çıxmasının yalnız bir mexanizmi var”

"Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması mexanizminin və planının yaradılması zəruridir". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Politoloq Şahin Cəfərli bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin təmas xəttindəki insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair çağırışı onların problemin real həllindən çox, yan faktorlarla məşğul olmağa davam etdiyini göstərir: "Atəşkəs pozuntularına daha çox hansı tərəfin yol verdiyini müəyyənləşdirməyin elə də prinsipial əhəmiyyəti yoxdur. Lap tutaq ki, həmin mexanizm yaradıldı və fəaliyyətə başladı. Müəyyən olundu ki, filan ayın filan həftəsində, məsələn, 100 dəfə atəşkəs pozuntusu baş verib. Nə dəyişəcək?

Ən böyük atəşkəs pozuntusu Azərbaycan torpaqlarının işğal olunması faktıdır və bu, çoxdan baş verib. Həmsədrlərin vəzifəsi bu pozuntunu – BMT Nizamnaməsinə, ATƏT-in Helsinki Yekun Aktına və digər önəmli beynəlxalq sənədlərə zidd olan işğalı aradan qaldırmaq üçün beynəlxalq hüquqa uyğun təkliflər hazırlamaqdan ibarətdir. Bu məsələ birbaşa onların mandatına aiddir. Lakin bunun əvəzinə biz yenə, türkiyəli qardaşlarımızın ifadəsi ilə desək, "oyalama taktikası"na şahid oluruq. Atəşkəs pozuntuları da daxil olmaqla, bütün problemlərin təməl səbəbi işğal faktıdır, həmsədrlər ya bunu anlamır, ya da anlamaq istəmir".

Müsahibimiz əlavə etdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun təklifi problemin mahiyyəti üzrə irəli sürülən təklifdir: "İnsidentlərin araşdırılması mexanizminin yaradılmasına vaxt, enerji, maliyyə sərf etməkdənsə, elə birbaşa problemin həllinə dair real mexanizmlər hazırlamaq daha məqsədəuyğundur. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində başqa bir dövlətin ordusunun nə işi var?! Dünyada kimsə bunu izah edə və əsaslandıra bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin öz ərazisində atəşkəsi pozmaq hüququ da var və heç bir beynəlxalq sənəd bunu qadağan etmir. Əgər işğalçı torpaqları boşaltmırsa və sülh çağırışlarına, irəli sürülən təkliflərə məhəl qoymursa, Azərbaycanın son çarə kimi hərbi yola əl atmaq hüququ qalır. Həmsədrlər və onların təmsil etdiyi dövlətlər atəşkəs pozuntularına birdəfəlik son qoymaq istəyirlərsə və real nizamlanmada maraqlıdırlarsa, Azərbaycan tərəfinin təklifini ciddi şəkildə nəzərdən keçirməlidirlər. Artıq palliativ çözüm təşəbbüslərinin zamanı çoxdan keçib və bunların hər hansı effekt vermədiyini ötən illərdə dəfələrlə görmüşük. E. Məmmədyarovun təklifinin necə reallaşacağına gəldiksə isə, bu məsələ hazırlanacaq Böyük Sülh Sazişinin mətnində əksini tapa bilər. Azərbaycan çoxdandır bu sazişin hazırlanmasına başlanmasını istəyir və bu mövqeyini dəfələrlə ifadə edib. Lakin Ermənistan tərəfinin destruktiv mövqeyi ucbatından problemin həllinin təməlini təşkil edəcək bu sənədin hazırlanmasına başlamaq mümkün olmur. Təəssüf ki, biz hələ də işğalçıya hər hansı ciddi beynəlxalq təzyiq müşahidə etmirik. Əksinə, münaqişəni həll etməli olan həmsədr ölkələr arasında Ermənistanı himayə edənlər var. Bütün bunlar hələlik problemin siyasi yolla həlli ilə bağlı ümidli olmağımıza imkan vermir".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə məsələyə daha kəskin yanaşdı: "Tarixdə bu günə qədər müharibə yolu ilə işğal edilmiş torpaqlar sülh yolu ilə heç bir zaman geri qaytarılmayıb. Ona görə də Ermənistanın işğalçı ordusunun Dağlıq Qarabağdan çıxmasının yalnız bir mexanizmi var. Bu da müharibə edib, onları əzib, Ermənistan torpaqlarına qaytarmaqdır. Burada başqa bir mexanizm yoxdur ki, effektiv nəticələr alaq".



Sizin Reklam Yeriniz