Əlaqə Arxiv
news Image
2015.09.29
10:00
| A A A
AXCP-nin iflası sürətlənir
Mais Səfərli: “Əli Kərimlinin yenidən sədr olması partiyada dağılma prosesini daha da sürətləndirəcək” Niyaməddin Orduxanlı: “Bu addımları partiyada dağılma prosesini daha da sürətləndirəcək”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimli yenidən özünü sədr seçdirdi. Bununla da o yenidən partiyanı inhisarda saxlayacağını nümayiş etdirdi.

Son illərin mənzərəsinə fikir versək, görərik ki, onun rəhbərliyi altında AXCP ardıcıl olaraq uğursuzluqlara düçar olur. Belədə təşkilat sürətlə dağılır. Son bir ildə partiyanı çoxsaylı insan tərk edib. Tərk edənlərin də demək olar ki, hamısı məhz Əli Kərimlinin təşkilatda yeritdiyi siyasətə etiraz olaraq bu addımı atdıqlarını bəyan ediblər. Deməli, Əli Kərimlinin postunda qalması fonunda partiyada dağılma prosesinin davam edəcəyini gözləmək olar.

Yurddaş Partiyasının sədri Mais Səfərli də bildirdi ki, Kərimlinin yenidən öz postunda qalması partiyanı daha sürətlə uçuruma doğru yuvarladacaq: "Əslində, AXCP-nin keçirdiyi qurultay sönük bir tədbir kimi yadda qaldı. Adətən, siyasi təşkilatların həyatında qurultaylar möhtəşəm bir tədbir olaraq siyasi əhəmiyyət kəsb edən və ictimai fikri cəlb edən bir tədbir kimi yaddaşlarda qalır. Azərbaycanda sorğu aparsanız, görərsiniz ki, insanların böyük əksəriyyəti AXCP-nin tədbirindən xəbərsizdir. Deməli, bunun özü onu göstərir ki, həmin qurultay ictimai fikri cəlb etməyib. Bu, həm də onun sönük olduğuna bir işarədir.

Digər tərəfdən, qurultay bir daha göstərdi ki, AXCP daxilində demokratiya yoxdur. Onlar hər addımbaşı demokratiya, insan haqlarından dəm vurur, amma öz daxillərində buna əməl etmirlər. Orada demokratiya olsaydı, indiyə kimi sədrlik postunu tutanlar orada otura bilməzdilər. Çünki seçkiləri mütəmadi olaraq uduzan partiyalarda eyni adamın 20 ildən artıq sədr seçilməsində bir məntiq yoxdur. Ümumiyyətlə, AXCP daxilində ciddi islahatlar aparılmalıdır ki, o, bir normal təşkilata çevrilsin. Amma hazırkı rəhbərliyin bunu edəcəyinə də inanmıram. Çünki, burada hələ də digər partiya üzvlərinin fikirləri nəzərə alınmır, belə olan halda burada hansı demokratiyadan danışmaq olar. İndiki AXCP-nin bu mənada Sov.İKP ilə heç bir fərqi yoxdur. Burada cərəyan edən proseslər sanki keçmiş Kommunist Partiyasını xatırladır. Sanki onlar da bu partiyanın şinelindən çıxıb. AXCP-nin dağılması prosesi son zamanlar bilirsiniz ki, sürət götürüb. Əli Kərimlinin yenidən sədr olması isə həmin prosesi daha da sürətləndirəcək. Bu birmənalıdır. Hesab edərəm ki, yaxın illərdə AXCP-dən heç nə qalmayacaq. Onsuz da bu gün orada qalanların sayını barmaqla saymaq olar".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı da qeyd etdi ki, yenidən Əli Kərimlinin öz postunda qalması partiyaya daha ağır zərbələr vuracaq, daha çoxsaylı insan onunla əlaqələrini birdəfəlik kəsəcək: "Faktiki olaraq, Əli Kərimli 15 ildir ki, bu təşkilata sədrlik edir. Artıq 4-cü dəfədir ki, ora sədr seçilir. Azərbaycanın demokratikləşməsi istiqamətində özünü "cəfakeş" kimi göstərən adam yenə də alternativsiz seçki ilə sədr oldu. Qurultay iştirakçılarına fikir verdikdə orada Əbülfəz Elçibəyin dövründə partiyanın üzvü olan, orada rəhbər strukturlarda olan ancaq 1-2 nəfəri görə bilərdik. Yerdə qalan qurultay iştirakçıları, rəhbərlikdə təmsil olunanlar heç bir halda AXC-yə aid olmayan insanlardır. Belədə bu adamların ciddi uğur qazanmaları da real görünmür. Ona görə də bu tədbiri Əli Kərimlinin özünə yaxın, bir neçə nəfər qohumundan ibarət şəxslərin toplandığı qurultay kimi xarakterizə edə bilərdim. Mətbuatda Kərimli ətrafındakı 5-10 gəncin gündə iki dəfə satılması ilə məlumatlardan başqa onlar haqqında heç bir informasiya yoxdur. Onun ətrafındakı adamlar da beləcə ancaq satılmaqla gündəmə gəlirlər. Belə bir təşkilatın hansı perspektivindən, onlara rəhbərlik edənin hansı liderliyindən danışmaq olar? Bu adam özünü alternativ olmadan təkbaşına sədr elan etdi. Hətta qurultayda namizədliyini irəli sürəcəyini deyən Sahib Kərimli təkidlə gizli səsvermənin keçirildiyini tələb etsə də, bu adam qorxusundan açıq səsvermə və alternativ olmadan prosesi təşkil etdi. Bunun özü də onu göstərir ki, həmin adam cəmiyyətdə ciddi qəbul olunmur. Həmin addımı ilə Əli Kərimli bir daha göstərdi ki, son dərəcədə qorxaq, demokratiyaya düşmən bir siyasətçidir. Bu addımları partiyada dağılma prosesini daha da sürətləndirəcək. Yenidən onun ətrafında olan çoxsaylı insanlar Əli Kərimli ilə əlaqəni kəsəcək. 20 ildən artıq müddətdə bir uğura imza ata bilməyən bir adamın yanında kim qala bilər ki? Əlbəttə, heç kim. Ətrafında olanlar 5-10 nəfər təcrübəsiz gənclərdir ki, onlar da "radikal" siyasi düşərgənin təmsilçisi kimi göstərməklə xarici ölkələrdən sığınıcaq almağa çalışırlar. AXCP adlanan qurumun dağılması prosesi sürətlənəcək. İnanmıram ki, özünə hörmət edən bir şəxs Əli Kərimlinin yanında qalmış olsun".



Sizin Reklam Yeriniz