Əlaqə Arxiv
news Image
2015.09.30
19:30
| A A A
Tanınmış dövlət xadimi Ziya Yusifzadənin vəfatı ilə əlaqədar nekroloq imzalandı
Azərbaycan Prezidenti, dövlət rəsmiləri tanınmış dövlət xadimi Ziya Yusifzadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Movqe.az-ın məlumatına görə, nekroloqda deyilir: "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış dövlət xadimi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadə 2015-ci il sentyabrın 29-da ömrünün 87-ci ilində vəfat etmişdir.


Ziya Yusifzadə 1929-cu il fevral ayının 15-də Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini 1946-cı ildə Zaqatala şəhərində başa vurmuşdur. O, 1947-1952-ci illərdə Moskva Dövlət Xarici Dillər Pedaqoji İnstitutunda ingilis dili ixtisası üzrə ali təhsil almışdır.


Əmək fəaliyyətinə 1946-1947-ci illərdə Zaqatala şəhər orta məktəbində müəllim kimi başlayan Ziya Yusifzadə 1952-1953-cü illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda müəllim işləmiş, 1953-1956-cı illərdə Azərbaycan Respublikası Maarif Nazirliyinin məktəblər idarəsinin inspektoru və eyni zamanda, 1954-1956-cı illərdə Azərbaycan Respublikası Nazirlər Sovetinin İşlər İdarəsinin referenti vəzifələrində çalışmışdır.


1956-cı ildən etibarən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul edilən Ziya Yusifzadə 1962-ci ilədək burada müxtəlif vəzifələr tutmuş, 1973-cü ildən isə Komitədə rəhbər vəzifələrdə çalışaraq 1977-ci ilədək Komitə sədrinin müavini, 1977-1980-ci illərdə Komitə sədrinin 1-ci müavini, 1980-1988-ci illərdə Komitənin sədri olmuşdur. O, 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbələrini almışdır.


1988-ci ildə təhlükəsizlik orqanlarından istefaya çıxan Ziya Yusifzadə həmin vaxtdan 1992-ci ilədək Azərbaycan Respublikası Nazirlər Sovetinin daimi yaşayış yerlərini tərk etmiş əhali ilə iş üzrə xüsusi şöbəsinin müdiri işləmişdir. O, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olmuşdur.


Ziya Yusifzadənin ömrünün 70 ilə yaxın bir dövrü Azərbaycan dövlət idarəçiliyi sistemində keçmişdir. Onun Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarındakı uzunmüddətli fəaliyyəti yüksək professionallıq nümunəsidir. Ziya Yusifzadə çalışdığı hər bir sahədə məhz özünün zəngin biliyi, fədakarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bütün vəzifələrin öhdəsindən bacarıqla gəlmişdir. Müstəqil Azərbaycanın dövlət təhlükəsizliyi sistemi formalaşdırılarkən milli kadrların hazırlanması işinin müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının geniş dünyagörüşlü, peşəkar kadrlar yetişdirən xüsusi təyinatlı, mötəbər ali təhsil ocağı kimi təşkilində Ziya Yusifzadənin fəaliyyəti təqdirə layiqdir.


Ziya Yusifzadə bir neçə çağırış Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilmişdir. O, vətənə şərəflə xidməti həyatının başlıca amalına çevirmiş, ölkədə baş verən proseslərə münasibətdə daim obyektivlik nümayiş etdirmiş və dövlətçilik prinsiplərini hər zaman uca tutmuşdur.


Ziya Yusifzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medallarla təltif olunmuş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Azərbaycan Bayrağı" və "Şöhrət" ordenlərinə layiq görülmüşdür.


Tanınmış dövlət xadimi, bacarıqlı təşkilatçı və gözəl pedaqoq Ziya Məmmədiyyə oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.


Allah rəhmət eləsin!"


Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Eldar Mahmudov, Zakir Həsənov, Ramil Usubov, Fikrət Məmmədov, Yavər Camalov, Mikayıl Cabbarov, Elçin Quliyev, Fəttah Heydərov, Dadaş Rzayev və Tofiq Ağahüseynov imzalayıblar.

Sizin Reklam Yeriniz