Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Təmas xəttində baş verən hadisələrə toxunan Prezident Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğuladı. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlətimizin başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını dedi.
Siyasilər isə vasitəçilərin bu məsələyə tam ciddiliyi ilə yanaşmamasının müəyyən səbəblərdən doğduğunu deyirlər. Millət vəkili Zahid Oruc bildirdi ki, siyasi aləmdə "maraqların balansı" adlanan məşhur termin var: "Əksər hallarda bu təmin olunmur. Amma faktiki olaraq, Suriya üçün məlum Rusiya qərarlarından sonra orada atılan addımlar fonunda "maraqların balansı"nın nə vəziyyətdə olduğunu görürük. İndi də bizim regionda həmin nöqteyi-nəzərdən çıxış etsək, tərəflər prosesi donuq vəziyyətdə saxlamağa, daha artıq dərəcədə Azərbaycana təzyiq göstərməklə onu müharibə qərarlarından çəkindirməyə, hərbi eskalasiyanın nəzarətdən çıxmamasına və bizi digər məkanlar boyunca təsir zolaqlarının yaradılması uğrunda mübarizənin başa çatmasını gözləməyə təhrik edirlər. Yəni, baxsınlar ki, Əfqanıstan, İraq, Suriyada proseslər hansı formada cərəyan edəcək və orada qalib kim olacaq, digər nöqtədə də buna uyğun geopolitik konfriqurasiya qurmaq istəyəcəklər. Yəni, Aİ-nın təmsilçisinə Azərbaycan Prezidentinin verdiyi mesaj ondan ibarətdir ki, burada real olaraq bölgə üçün sülh missiyasında atılan addımlar yoxdur. Danışıqlar nəyin üzərində aparıldığı müəyyən dövrdən sonra açılıb. 1999-cı ildə "paket", daha sonra mərhələli, "Madrid prinsipləri" və s. kimi həll varinatları meydana çıxmışdı. Amma nəticə olmadı. Bu, ona görə baş vermədi ki, konkret olaraq qarşı tərəfə real sülh planını qəbul etdirmək üçün təzyiqlər yoxdur. Bu halda isə Ermənistna prosesi sonsuzluğa qədər uzada bilər. Yəni, o, üzərində siyasi, iqtisadi, hərbi sanksiya hiss etmirsə, kompromisə nə üçün gəlməlidir ki?
Ermənistan Azərbaycan tərəfindən real zərbələr hiss edən kimi, Serj Sarkisyan BMT tribunasını anti-Azərbaycan bəyanatları ilə bürüdür. Eyni zamanda günün birində Ermənistan rəhbərliyi müxtəlif ölkələri özlərinə yardıma çağırsa, buna da təəccüblənməməliyik. Ona görə də Aİ əslində, iqtisadi birlik olmaqdan daha çox beynəlxalq siyasi həyatda aktiv qüvvə kimi iştirak etməkdədir. Almaniya, o cümlədən Fransa Ukrayna prosesində fəal rol oynadı. Deməli, istəyəndə bunlar baş verir. Məhz ona görə də Ermənistana müxtəlif iqtisadi yardım etməklə, onu sadəcə, Rusiyanın təsir zolağından çıxarmağı düşünmək, bu ölkənin içərisində Qərb qüvvələrini yaratmaqla iş bitmir. Nə qədər ki, bu bölgədə real təhlükəsizlik təmin olunmayıb, ədalət, sülh bərqərar olunmayıb, Aİ-nin bu bölgədə xərclədiyi pulların hamısı havayıdır. Necə ki, Moldovada özünü bu cür kövrək vəziyyətdə göstərir. Gürcüstan üçün də eyni sözləri demək olar. Ona görə də Azərbaycan Prezidenti açıq şəkildə Qərb dairələrinə deyir ki, bizim ölkəmizin həyatının hər metrinin beynəlxlq standartlara nə cür uyğun gəlməyi ilə məşğulsunuz. Olsun, yoxlasınlar. Bu da onların missiyalarıdır. Hər zaman müfəttişlər olub, bu gün də var. Amma işğal reallığı beynəlxalq konykkturaya, Avropa hüquq prinsiplərinə necə sığır? İşğal üzərində demokratiya necə qurulur? Ərazisindən didərgin düşmüş insanlar öz doğma torpaqlarını düşünüdüyü yerdə siz ona siyasi haqları necə qəbul etdirəcəksiniz? Məsələnin əsl mahiyyəti budur".
Digər siyasi şərhçi Tofiq Abbasov da vasitəçiləri fəaliyyətsizlikdə qınadı: "Vasitəçilərin yarıtmaz fəaliyyəti Qarabağ ətrafında müəmmalı vəziyyət yaradıb. Onların missiyasi işğalçı ölkəni dünya nizamına dəvət etmək və tələb etməkdir. BMT-nin 70-ci sessiyasında bir daha gördük ki, böyük dövlətlər üçüncü dünya ölkələrinin problemlərindən sui-istifadə edərək öz münasibətlərini həll edirlər.
Qarabağ problemi çərçivəsində də oxşar hadisələrin şahidi oluruq. Vasitəçilər problemin həllində cavabdehlik daşıyır. Hansısa dövlət dünya nizamını, beynəlxlq hüququ pozursa, onlar gərək həmin ökəni hüquq arealına qayıtmasını tələb etsinlər. Lakin biz bir çox problemlərdə, həmçinin, Qarabağ ətrafında da bu təzadlı məqamın şahidi oluruq. Əgər indiki format problemin öhdəsindən gələ bilmirsə, onlar gərək bunu etiraf etsinlər, ya da başqa təkliflər versinlər. Çünki, danışıqlar prosesindəki qeyri-müəyyən vəziyyət işğalçı dövlətin xeyrinə işləyir. Ermənistan da bundan istifadə edib istədiyini danışır. Sarksiyan İrəvanda çıxış edərkən Qarabağın Ermənistan torpağı olduğunu rəsmən bəyan etdi. Amma BMT-də başqa cür danışdı. Yəni, işğalçı dövlət sürüşkən mövqe tutub. Onu düz yola gətirmək üçün vasitəçilər bütün imkanlardan istifadə etməlidirlər ki, işğalçı dövlət qoşunlarını Azərbaycan ərazisindən çıxarsın".