ABŞ-ın nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkəti oktyabrın 14-də seçkiqabağı sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkədə 5,1 milyon seçicini əhatə edən geniş məsələlərə toxunub. Rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər. "Ölkə düzgün istiqamətdə hərəkət edirmi" sualına isə respondentlərin 77,1 faizi "düzgün istiqamətdə" cavabını verib. Yalnız 14,7 faizi bildirib ki, istiqamət düzgün deyil. Bu barədə ABŞ-ın "The Street" nəşri şirkətin hesabatına istinadən yazır.
Məlumat üçün bildirək ki, "Arthur J. Finkelstein & Associates" ABŞ-da 40 ildir siyasi konsaltinq və araşdırmalar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət "exit-poll", sorğu, təhlillərin keçirilməsi üzrə xidmətlər göstərir, eləcə də mediastrategiya və imiclə bağlı konsultasiya aparır. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak edib, eləcə də sorğu aparıb və strategiya hazırlayıblar. Siyasi şərhçilərin sözlərinə görə, ölkəmizlə bağıl yuxarıda qeyd olunan nəticələr Azərbaycanda xalq ilə hakimiyyət arasında həmrəyliyin olmasını bir daha təsdiqlədi. Ölkəmizə qarşı məkrli kampaniya aparan qurumlara qarşı isə növbəti ən tutarlı cavablardan biri oldu.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, biz özümüz də partiya olaraq daxildə belə sorğular keçiririk: "Bu baxımdan əminliklə deyə bilərəm ki, ABŞ şirkətinin keçirdiyi sorğu obyektiv sorğudur. Çünki, bizim sorğuların nəticələri ilə təxminən üst-üstə düşür. Ancaq bizim sorğulardakı nəticələr bir qədər də yüksək olur. Biz daha geniş rayonları əhatə edə bilirik. Bizim sorğuların nəticələrində respondentlərin 90%-dən çoxu Prezident İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə dəstəkləyirlər.
Bütün bunlar xalqla hakimiyyətin həmrəylinin əyani göstəricisidir. Yəni, Azərbaycan xalqı öz iradəsi ilə inandığı şəxsi rəhbər seçib. Bu illər ərzində də prezidentin parlaq fəaliyyəti reallıqda özünü doğruldub. Onun parlaq fəaliyyəti Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına qədər gətirib çıxarıb. Bu gün Azərbaycan regionda, Şərqi Avropada deyil, bütövlükdə Avropada, dünyada sayılan ölkələr sırasına gəlib çıxıb. Bu da birbaşa Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə bağlıdır. Bir daha təsdiqlənir ki, Azərbaycanda xalq-hakimiyyət birliyi var. Bu birlik Azərbaycan xalqının davamlı inkişafına xidmət edir".
Partiya sədri əlavə etdi ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlar bu nəticələrdən ən azı utancaqlıq hissi keçirməlidirlər: "Amma bifayda. Onlar öz fəaliyyətində olacaqlar. Sorğunun nəticələri həmçinin aldanıb, onların təbliğatına uyan azsaylı insanlara sərt cavabdır".
Siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, bu gün Azərbaycan üçün bir nömrəli problem Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Bu məslədə doğrudan da xalqın hakimiyyəti dəstəkləməsi müsbət bir hal kimi qiymətləndirilməli və doğrudan da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlıiyevin bu istiqamətdə apardığı siyasət alqışlanmalıdır. Xalq Prezidentlə birdir. Məhz bu istiqamətdə aparılan siyasət öz bəhrəsini verməkdədir. Balans artıq xarici və daxili siyasətdə Azərbaycanın xeyrinə nəzərəcarpacaq dərəcədə dəyişib. Bu isə, artıq erməniləri qorxudur. Məhz buna görə də rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər.
Bundan başqa ölkənin düzgün istiiqamətdə hərəkəti qeyd edilib və bugünkü stabilliyə görə, düzgün siyasət müsbət hal kimi qiymətləndirirlir. İqtisadi, mühacirət və digər məsələlərə gələndə hökumətin böhranının qarşısını almaqda atdığı addımlar və səylər düzgün hesab olunmalıdır. Təbii ki, əsas məsələlərdən biri təhlükəsizliyə təhdidlərin qarşısının alınmasıdır. Bu məsələdə də müvafiq addımlar atılır və ümumi geosiyasi baxımdan demək olar ki, bu gün stabillik hökm sürür. Yəni, bütün bunları nəzərə alsaq, xalq-hakimiyyət birliyi müsbət qiymətləndirilməlidir".
Arzu Nağıyev əlavə etdi ki, statistik rəqəmlər və rəy sorğularının nəticələri Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlara da ünvanlanan sərt mesajdır: "Təbii ki, bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da çətinliklər mövcuddur. Ölkədə erməni təcavüzü nəticəsində silahlı münaqişə, müharibə şəraiti hökm sürür. Lakin həyat bütün istiqamətlərdə öz axarı ilə davam edir və bu, təbii ki, hamını razı sala bilməz. Kimsə ölkənin xaosa sürüklənməsini istəyir ki, öz çirkin əməllərini həyata keçirsin, kimsə siyasi dividend qazanmaq üçün Qərbin bəzi dairələrinin fikirlərini bizə sırımağa çalışır. Başqa biriləri isə Azərbaycanı ərəb dövlətlərində baş verənlərə eyni hala salınmsını arzulayır. Lakin bütün bunlara baxmayarq, Azərbaycan öz siyasətini yürüdür və bu, ən düzgün yoldur. Məhz bunu görən bir sıra beynəlxalq təşkilatlar öz qısqanclıqlarını göstərir. Ancaq istəklərinə nail ola bilmirlər. Çünki bizim tutduğumuz yol düzgün yoldur".