İşğal altındakı torpaqlarımızn güc yol azad oluna biləcəyinə dair düşmənə bir daha xəbərdarlıq olundu. Oktyabrın 21-də Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən yaşayış binasının açılış mərasimi zamanı əsas problemimizin torpaqlarımızın işğal altında qalmasını vurğulayan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu problemin Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələr tərəfindən həll olunacağını bildirib. General qeyd edib ki, qısa bir müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq və qarşı tərəf panikadadır: "Torpaqlarımızın azadlığı uğrunda düşmənə vurulacaq zərbədə əsas rolu o cümlədən Hərbi Hava Qüvvələri yerinə yetirəcək və Azərbaycan xalqının, cənab Prezidentin etimadını doğruldacaqsınız".
Hərbi məsələlər üzrə ekpert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Dağlıq Qarabağ məsələsi kifayət qədər uzun zaman aparıb: "Bu istiqamətdə Azərbaycan kifayət qədər səbr, dözüm nümayiş etdirib. Beynəlxalq qurumlara bəslənən ümidlər də özünü doğrultmadı. Beynəlxalq qurumlar özlərini sülhsevər siyasət üzərində köklənmək istədilər, amma alınmadı.
20 ildən artıqdır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirməyən bir dövlət faktiki olaraq, ATƏT-in Minsk qrupunun xeyir-duası ilə işğalçılıq siyasətini davam etdirir. Beynəlxalq qurumların gördüyü iş gah prezidentlərin, gah da xarici işlər nazirlərinin görüşünü təşkil etməkdən ibarət olub. Ona görə də bütün işlər silahıl qarşıdurmaya doğru gedir. Bu məsələdə əvvəlki mövqeyimizdəyik. Yəni, son sözü Azərbaycan əsgəri deməli olacaq.
Birinci əsgərimiz olan müdafiə naziri bu fikirləri səsləndirirsə, bu, sıradan olan fikirlər deyil. Mümkün deyil ki, bir ölkənin rəhbəri öz xalqını uzun müddət nəyəsə ümidləndirsin, amma sonda heç bir nəticə olmasın. Beynəlxalq qurumlara isə ümumiyyətlə, ümid etməyə dəyməz. Bu qurumlar heç bir mexanizm olmadığından aciz durumdadırlar. Bu vəziyyət də uzun müddət davam edə bilməz. Azərbaycan bu məsələdə qətiyyətlidir. Hansı qərarların veriləəcyini isə ölkə rəhbəri daha yaxşı bilir. Bunun üçün əlverişli şəraitlər də olub və olacaq. Azərbaycan hələlik səbr nümayiş etdirir. Amma ölkə başçısınını dediyi kimi, səbrin də bir həddi var.
Zakir Həsənovun isə son açıqlamaları onu deməyə əsas verir ki, Azərbaycan Ordusu tam hazır vəziyyətdədir. Yalnız və yalnız siyasi qərar olandan sonra erməni tərəfi Azərbaycan əsgərinin var gücünü hiss edəcək. Elə vəziyyətin belə davam etməsini Azərbaycanla yanaşı, beynəlxalq qurumlar da arzulamırlar. Onlar bir qədər səbr nümayiş etdirsələr də başa düşürlər ki, Azərbaycan bu məsələdə qətiyyətlidir. Yaxın zamanlarda Azərbaycan vətəndaşları işğaldan azad olunmuş ərazilərində normal həyatını bərpa edəcəklər".
Ekspert əlavə etdi ki, Azərbaycan-Ermənistan müharibəsinin uzun, ya da qısa müddəti də əhatə edəcəyini demək çətindir: "Ancaq silahlı qüvvələrimiz qısa müddətə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək gücündədir. Bunun üçün bütün imkanlar mövcuddur. Yəni, bizdə olan ən müasir silah-sursatlarımız onu deməyə əsas verir ki, müharibə uzun müddət çəkməyəcək. Artıq əvvəlki çətinliklərimiz yoxdur. Əgər düşmən ilk həmlədən Azərbaycan Ordusunun gücünü hiss edəcəksə, onlar üçün həmin ərazilərdə qalmaq mənasız olacaq. Azərbaycan da rahat şəkildə ərazi bütövlüyünü bərpa edə biləcək".
Ekspertin sözərinə görə, bu işdə diplomatik baza da hazırdır: "Artıq beynəlxalq qurumlar, həmsədrlər gözəl başa düşürlər ki, Azərbaycan bu vəziyyətlə barışmaq niyyətində deyil. Azərbayanın məsələni uzatmaq istəmir".