Əlaqə Arxiv
news Image
2015.10.29
07:00
| A A A
Ermənistanın cəzalandırılmaması Minsk qrupuna da baha başa gəlir
Hasan Oktay: “Ermənistan ATƏT-in nümayəndələri ilə sanki oyun oynayır” Hatəm Cabbarlı: “Ermənistan bununla ATƏT-in Minsk qrupunun monitorinq fəaliyyətini şübhə altına alır”

Ermənilər qoşunların təmas xəttində monitorinq keçən ATƏT həmsədrlərini də atəşə tutdular. Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər. Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər. Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb. Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb. Ermənilərin bu hərəkəti ilə bağlı ATƏT-dən rəsmi münasibət gəlməsə də, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində bunun qəbuledilməz olduğunu qeyd edib.

Xatırladaq ki, monitorinq zamanı Ermənistan tərəfindən atəşkəsin pozulması halı ilk dəfə deyil. Ancaq bu günə qədər beynəlxalq qurumlar, xüsusən də ATƏT tərəfindən Ermənistan nədənsə hansısa formada cəzalandırılmayıb. Siyasi analitiklərin fikrincə, Ermənistan bununla ATƏT-i saymadığının açıqca mesajını vermiş oldu. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay bildirir ki, Qarabağ probleminin həllində ATƏT-ə etimad ı qalmadığı haqqında artıq ictimaiyyətdə ciddi narahatlıqlar hökm sürür: "22 ildir davam edən çözümsüzlük prosesinin bu vəziyyətə gəlməsində ATƏT-in rolu böyükdür. Ermənistan mövcud durumun onun lehinə işlədiyini bildiyindən ATƏT-in bölgə üçün bir funksiya icra edə bilməyəcəyini anlayır. Bu baxımdan ATƏT-in nümayəndələri ilə sanki oyun oynayır. Qarabağ problemi yarandığında ABŞ və Avropa Birlyii tərəfli davranmayıb da problemi öyrənməyə çalışıb və ona görə hərəkət etsə idi, bu gün bölgədə sülh çoxdan təmin olunmuşdu. 22 il əvvəl ABŞ və Avropa Birlyii Qarabağ problemini anlaya bilməməsinin cəzasını indi Ukraynada ödəyir. Ermənistan-Azərbaycan cəbhəsində baş verən bu hadisənin eynisi indi Qərb blokuna qarşı Ukraynada tətbiq olunmaqdadır.

Qarabağda qlobal bir problem formasının ortaya çıxacağını qavraya bilməyən Qərb bloku indi Ukraynada eyni üsul ilə qarşı-qarşıya qalınca, etmiş olduğu səhvi anladı, amma çox gec oldu. İndi Ermənistan Qərb blokunun bu səhvini yaxşı bildiyi üçün ATƏT-i də ciddi qəbul etmir və sərhəddə müşahidə aparan nümayəndələrinə atəş aça bilir. Bu mənada Qərb əkdiyi küləyi fırtına olaraq biçməkdədir. Qarabağ problemi başladığında Qərb zənn etdi ki, bir xristian dövlət bir müsəlman dövləti üzərində qələbə əldə edir. Buna görə səs çıxarmadı. İndi o səs çıxarmadıqları üsul onlara atəş açır. Burada əsas məsul olan Ermənistan yox, Ermənistanı davamlı qudurdaraq onu bu hala gətirən qərbli müttəfiqləridir. Artıq Qarabağ məsəəlsində sülh ilə bir həll əldə etmə imkanı demək olar ki, qalmayıb".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı hesab edir ki, monitorinq qrupunun Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması çox ciddi məsələdir: "Ermənistan bununla ATƏT-in Minsk qrupunun monitorinq fəaliyyətini şübhə altına alır. Cəbhədə atəşkəsi pozmaqla sanki Minks qrupuna xəbərdarlıq edir. Ermənistanın monitorinq qrupunu atəşkəsə tutması ilk dəfə deyil. Bundan əvvəl də dəfələrə ermənilər monitorinq qrupunun keçdiyi əraziləri atəşə tutub. Hətta qrupun nümayəndələri üçün təhlükələr də yaranıb.

Düzdür, Ermənistanın atəşkəsi pozmasından sonra ATƏT-in həmin ölkəyə qarşı hansı təzyiqləri tətbiq edəcəyi hələlik məlum deyil. Çünki, bundan əvvəl oxşar hallarda da ATƏT-in Minsk qrupu Ermənistana ciddi təzyiq göstərməyib. Əslində, atəşkəsi pozanı necə cəzalandırmağın mexanizmi də yoxdur. Ancaq belə bir mexanizmin olmaması Ermənistana qarşı hansısa cəzanın verilməyəcəyi anlamına gələ bilməz. Məsələn, Ermənistana siyasi təzyiqlər göstərilməsi mümkündür. Atəşkəsin şərtlərinə daha ciddi əməl etməsi üçün müxtəlif sanksiyalar tətbiq edilə bilər ki, təəssülər olsun bu günə qədər bunun heç bir nümunəsini görməmişik. Ona görə Ermənistanın bundan sonra da atəşkəsi pozacağı ehtimalı olduqca yüksəkdir".



Sizin Reklam Yeriniz