Bəzi Avropa təsisatlarının Azərbaycanla münasibətdə atdığı addımlarda qərəz amili getdikcə daha çox ön plana çıxdığından bu, qarşılıqlı əlaqələrin gələcəyinə də istər-istəməz öz təsirini göstərə bilər. Hesab edilir ki, Avropada Azərbaycana qarşı məlum qərəzli kampaniya davam edərsə, bundan uduzan əsas tərəf elə Qərbin özü olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın taleyini müəyynləşdirən əsas ölkə və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminində yeganə yeni mənbə olaraq Qərb dünyasına çox lazımdır.
Amma hələ Avropa Oyunlarından əvvəl yaranan vəziyyət göstərdi ki, burada heç də hamı sözügedən reallığı görmür. Elə bundan irəli gələrək cari ilin sentyabrında Avropa Parlamenti Azərbaycanla bağlı heç bir əsası olmayan olduqca məkrli bir qətnamə qəbul etdi. Bunun davamı olaraq Avropa Parlamenti parlament seçkilərini müşahidə etməkdən yenə də hansısa əsas olmadan imtina etdi. Ardınca ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu analoji addım atdı. Bütün bunlar isə parlament seçkilərin ərəfəsi Avropada müəyyən mərkəzlərdə və beynəlxalq təşkilatlarda anti-Azərbaycan isterikasının hədsiz dərəcədə güclənməsinin real təzahürü oldu. O da bəlli oldu ki, həmin qüvvələr seçkilərdən öz məkrli məqsədləri üçün istifadə edərək Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə çalışırlar. Anti-Azərbaycan qüvvələrinin ölkəmizi təcrid etmə planları iflasa uğrasa da, hər halda belə vəziyyət Avropa təsisatları ilə ölkəmizin əlaqələrinə müəyyən təsir edir. O da maraqlıdır ki, Azərbaycana qarşı qərəzə yol verilməsi Avropanın özündə də açıq etiarf olunur. Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən Secki-2015.az saytına açıqlamasında bu xüsusda bildirib: "Avropa Parlamenti və ATƏT-in seçkiləri müşahidə etməməsi məni təəccübləndirdi. Bu çox qəribə qərardır. Xüsusilə ona görə ki, bu seçkilər Azərbaycanın inkişafında ciddi rol oynayacaq. Digər tərəfdən ortalıqda belə bir fakt var ki, 22 beynəlxalq təşkilat Azərbaycana 500 müşahidəçi göndərir. Bunlar arasında Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin və Qara Dəniz İqtisadı əməkdaşlıq təşkilatının müşahidəçiləri var". Bləkmənin sözlərinə görə, bütün bu faktlar Azərbaycandakı seçkilərə mövcud marağı göstərir: "Biz əminik ki, bu seçkilər sabit və xoş ab-hava şəraitində keçəcək". Bu fikirlər anti-Azərbaycan qüvvələrinin niyyətlərinin iflasa uğramasının daha bir təsdiqidir. Amma Avropa təsisatlarında baş verənlər qeyd olunduğu kimi onlarla Azərbaycanın münasibətlərinə təsir edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev "Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti" adlı yeni məqaləsində bu məsələyə kifayət qədər dəqiqliklə şərh edib: "Avropa inteqrasiyasında islahat ümdə zərurətə çevrilib. Daxili və xarici problemlərin həllində Avropa İttifaqının beynəlxalq münasibətlərin aktoru kimi səmərəsiz olduğunu göstərən çoxsaylı nümunələr bu qurumun staqnasiyasını və inteqrasiya prosesində deqradasiyanın başlanmasını nümayiş etdirir.
Digər tərəfdən, islamofobiyanın artması və multikulturalizmin böhranı onu göstərir ki, Avropa həm institusional və sistem böhranı, həm də ideya böhranı keçirir. Avropa İttifaqı və digər Avropa təsisatları tərəfindən hər yerdə ikili standartlar siyasətinin tətbiq edilməsi Aİ-yə etimadı azaldan amilə çevrilib. Beynəlxalq siyasətin subyekti kimi onun nüfuzunun azalması təkzibedilməz fakt olub. Azərbaycana münasibətdə qərəzli və əsassız tənqid bir daha göstərir ki, Avropa strukturları hüquq bərabərliyi prinsipini pozur, postsovet məkanındakı ölkələrin demokratik inkişafının qiymətləndirilməsində bağışlanılmaz subyektivliyə yol verirlər. Onların yaydığı qətnamə və bəyanatlar isə lobbiçilik xarakteri daşımaqla, əslində səhnəarxası sifarişlərin məhsuludur.
Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Avropa Məhkəməsi və digər strukturlarda anti-Azərbaycan kampaniyası onu göstərir ki, xəcalət doğuran bu proses vahid mərkəzdən əlaqələndirilir və Azərbaycanı onların maraqlarına tabe etmək məqsədi güdür. Azərbaycanı hörmətdən salmaq kampaniyasının cavabı yalnız ardıcıl inkişafını davam etdirən güclü və müstəqil Azərbaycan ola bilər. Biz başa düşürük ki, tarazlaşdırılmış, praqmatik və müstəqil xarici siyasətimiz, alyanslarda və ittifaqlarda iştirak etməmək strategiyamız Azərbaycanı beynəlxalq münasibətlər zəncirinin zəif halqası və deməli, xarici qüvvələrdən asılı dövlət kimi görmək istəyən bəzi ölkələri narahat edir. Azərbaycan ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqil inkişaf yoluna qədəm qoymuş suveren dövlətdir. Ümummilli Lider təşəkkül konsepsiyasının mahiyyətini belə bəyan edib: "Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır" . Biz başa düşürük ki, iqtisadi artım, uğurlu inkişafımız Qafqaz-Xəzər regionunda yeni güclü regional oyunçunu görmək istəməyən bəzi ölkələri qorxuya salır. Onlar üçün əsas məsələ bu regionu pərakəndə və qeyri-sabit görməkdir. Ölkə rəhbərliyinin siyasi iradəsi, coğrafi determinizm, Azərbaycanın təşəbbüsü ilə başlanmış regional layihələr, iqtisadi artım və azərbaycanlıların Prezidentin siyasi kursunu dəstəkləməkdə həmrəyliyi Azərbaycan Respublikasının ardıcıl və proqnozlaşdırıla bilən xarici siyasətinin həyata keçirilməsi üçün şərait yaradır.
KİV-lərdə təşkil edilən hər hansı kampaniyalarla, yalançı demokratikləşdirməyə dair boş qətnamələr və layihələrlə Azərbaycan xalqının, onun rəhbərliyinin iradəsinə və dözümünə təsir göstərmək mümkün deyil. Aİ-də və digər güc mərkəzlərində bunu nə qədər vaxtında anlasalar, bizim tərəfdaşlarla və beynəlxalq təşkilatlarla əməkdaşlığımız bir o qədər səmərəli olacaq. Bu qarşılıqlı münasibətlərin əsası ədalət və hüquq bərabərliyi olmalıdır. Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir".