Əlaqə Arxiv
news Image
2015.12.01
06:00
| A A A
Azərbaycan reallığından uzaq düşən Nardaran
Elşad Miri: “Nardaranda dövlət, hökumət, Azərbaycan əleyhinə güclü təbliğat aparılıb” Əkrəm Həsənov: “Biz belə ekstremist hərəkətləri pisləyir və belə hərəkətlərin qətiyyətlə qarşısının alınmasını tələb edirik”

Yenə də Nardaran. Fəqət, nə üçün məhz Nardaran? Bu sual artıq bütün cəmiyyəti düşündürür. Çünki, məhz həmin məkanda oxşar hadisələr əvvəllər də dəfələrlə təkrarlanıb. Məsələnin maraq doğuran tərəfi bundadır ki, Nardaran qəsəbəsi istisna olmaqla ölkənin hər hansı digər inzibati ərazi vahidində mövcud qanunlardan və ictimai həyat normalarından fərqli durum hökm sürmür. Sözügedən qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını qəbul etməyərək özünəməxsus üsul-idarə modeli tətbiq edirlər. Bu isə Azərbaycan qanunvericilyi ilə daban-dabana ziddiyyət təşkil edir. Yolunu bu qəsəbədən salanların heyrətinə səbəb olan amil burada uşaqlar orta məktəbdən yayındırılıraraq, ifrat radikal dini təlimə cəlb olunmasıdır. Narkomaniyanın və digər mənfi halların yayıldığı qəsəbədə digər müəyyən təhdidlər də edilir. Qəsəbənin küçələrini Azərbaycan reallığına tamamilə yad olan dini bayraqlar, şüarlar bəzəməsi də qəbuledilməz hal sayılır.

Hadisələrin bu səpkidə inkiaşf etməsinin əsas səbəblərindən biri də odur ki, qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir. Bu da sonda acınacaqıl nəticələrə gətirib çıxarır.

İlahiyyatçı alim Elşad Miri bildirir ki, orada dövlət, hökumət, Azərbaycan əleyhinə güclü təbliğat aparılıb: "Burada dövlətin dinə qarşı olmasına dair iddialar səsləndirilir. Halbuki, Azərbaycanın ən böyük məscidlərindən biri məhz Nardaranda yerləşir. Əgər dövlət dinə qarşı olsa idi, həmin məscidin Nardaranda tikilməsinə şərait yaradardımı? Sadəcə, bu gün kənardan, Azərbaycanı sevməyən insanların apardıqları təcrübələrin acı nəticəsini yaşayırıq. Türkiyə və Azərbaycanda testlər həyata keçirdilər. Testlərdən nəticələr əldə edəndən sonra bəzi yerlər seçildi. İnsanları orada ayağa qaldırıb ölkədə xaos yaratmağa istiqamətlənidirməyə çalışırlar. Azərbaycanda da Bakıya ən yaxın yer kimi Nardaran seçilib. Bu işləri Nardaranda həyata keçirirlər.

Nardaranda dövlət təhsili gücləndirə bilsə, həmçinin ora ilk gedən insan QMİ-nin nümayəndəsi olsa idi, bu məsələ müsbət həllini tapa bilərdi. İndi də gec deyil, sadəcə olaraq, hazırki gərgin mərhələnin keçməsi lazımdır. Cavanlar arasında maarifləndirmə aparmaq gərəkdir. Bununla da problemlərin düzgün istiqamətə yönələcəyinə ümid etmək olar. Əgər insan ölkəni xaosa aparan çağırışlar səsləndirdiyinə görə həbs ediləcəyini bilsə, bu cür addımlar atmaz".

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirir ki, bizim bütün adətlərimizin çoxu dinimizdən qaynaqlanıb: "Həyatda atdığımız bütün addımların dinlə əlaqəsi var. Bu səbəblə dinə qarşı olmaq da düzgün deyil. Sadəcə, dini düzgün başa düşüb həyatı yaşamaq lazımdır. Ancaq Nardaranda baş verən hadisələrin dinlə əlaqəsi yoxdur. Sadəcə, qərəzli müxalifət mediaları sosial şəbəkələrdə bu məsələni dini məsələ kimi vermək istəyirlər. Ola bilər ki, dini düzgün başa düşməyən gənclər də hisslərinə qapılıb müxalifətin dövlətə və dövlətçiliyə qarşı çıxışlarının təsirinə düşüblər. Ancaq belə gənclərə dini doğru mənbələrdən aşılamaq lazımdır ki, onlar dini düzgün başa düşüb yaşasınlar. Bu məsələdə bəzi bizə qarşı qərəzli olan dövlətlərin də rolu ola bilər.

Bu gün müstəqil və azad, əmin-amanlıq şəraitində yaşan həmvətənlərimiz və dövlət qurumlarımız belə halların baş verməsinə qətiyyən yol verməməlidirlər. Belə düşüncədə olanları isə maarifləndirmə yolu ilə düzgün istiqamətə yönləndirmək olar. Əgər onlar maariflənmə yoluna razı olmasalar, onda ölkəmizin sərt qanunları onlara tətbiq olunmalıdır. Dövlət daima möhkəm qalması üçün daxili üsyanları yatızdırmaq kimi səlahiyyətə sahibdir. İslam dininə görə, müstəqil ölkə öz sərhədlərini xarici üsyanlardan qorumağa məcbur olduğu kimi, daxili üsyanları da yatızdırmağa məcburdur. Bütün dinlər, xüsusi ilə İslam dini buna icazə verir. Biz belə ekstremist hərəkətləri pisləyir və belə hərəkətlərin qətiyyətlə qarşısının alınmasını tələb edirik".



Sizin Reklam Yeriniz