Əlaqə Arxiv
news Image
2015.12.01
09:30
| A A A
Azərbaycan Rusiya və Türkiyə barışdıra biləcək əsas vasitəçiyə çevrilir
Tamerlan Vahabov: “Xalqlarımız və ölkələrimiz arasında olan yaxınlıq Türkiyə-Rusiya münasibətlərinin yenidən nomallaşmasına münbit şərait yaradır” Vüqar Zifəroğlu: “İki ölkənin münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçi olması normal haldır”

Məlum təyyarə qalmaqalından sonra Türkiyə və Rusiya arasında münasibətlər getdikcə kəskinləşir. Artıq Rusiya tərəfindən qardaş ölkəyə qarşı müəyyən sanksiyalar tətbiq edilib. Amma Türkiyə hökumətinin münasibətlərin daha da pisləşməməsində maraqlı olduğu sezilir. Buna rəğmən, rəsmi Moskvanın barışıq jestləri hiss edilmir.

Bu fonda tərəflərin barışması üçün vasitəçilik missiyası gündəmə gəlir ki, burada Azərbaycanın adı daha çox səslənməkdədir. Elə rəsmi Bakı da bu gərginliyə son qoymaq üçün vasitəçi olmağa hazır olduğunu bir neçə dəfə bəyan etdi. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev Azərbaycan tərəfinin Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazır olduğunu bildirdi. Bundan başqa, Milli Məclisin sədri Oqtay Əsədov da Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməyə hazır olduğun dedi. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə özünün "twitter" səhifəsində Azərbaycan Türkiyə və Rusiya arasında gərginliyin azalmasına öz töhfəsini verməyə hazır olduğunu qeyd edib. Eyni zamanda Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov da Azərbaycan Prezidenti İlham Əliyev bacarıqlı diplomat kimi Türkiyə və Rusiya arasında vasitəçi ola biləcəyini düşünür. O, bunu belə əsaslandırır ki, Azərbaycanın həm Moskva, həm Ankara ilə yaxşı münasibətləri var: "Bu səbəbdən Bakının şansları yüksəkdir".

Rəsmilərlə yanaşı, siyasi şərhçilər də ölkəmizin bu işdə vasitəçi ola biləcəyini düşünürlər. Politoqların da bunun üçün kifayət qədər əsasları var. Politoloq Tamerlan Vahabov da düşünür ki, Rusiya ilə Türkiyənin münasibətlərinin normallaşdırılmasında Azərbaycan müəyyən rol oynaya bilər: "Çünki, hər iki ölkənin ikitərəli müstəvidə Azərbaycan ilə münasibətləri mövcuddur. Məhz bu aspektdən fikir ölkəmizin əhəmiyyətini vurğulamaq mümkündür. Azərbaycan Rusiyanın strateji tərəfdarıdır. Regionda əsas ölkələrdən olan Rusiyanın hazırda Azərbaycan ilə münasibətləri yüksək səviyyədədir. Bu münasibətləri bir çox sahələrdə özünü gösərir. Eyni ilə hərbi və təhlükəsizlik sahəsində də bunu görmək mümkündür. Hazırda söhbət də məhz təhlükəsizlik məsələsindən gedir.

Azərbaycan ilə Rusiya arasında böyük bir konstruktivliklə yanaşı mədəni, və iqtisadi əlaqələr də normal səviyyədədir. Bütün bu fikirləri hətta artıqlaması ilə Türkiyə haqqında da demək olar. Türkiyə Azərbaycanın həm mütəffiqidir, həm də emosional baxımdan desək, qardaş ölkədir. Xalqlarımız və ölkələrimiz arasında olan yaxınlıq Türkiyə-Rusiya münasibətlərinin yenidən nomallaşmasına münbit şərait yaradır. Yəni, Azərbaycanın konstruktiv rolunu bir daha ortaya qoya bilməsi üçün şərait yaranıb. Bu da iki ölkə arasındakı gərginliyin aradan qaldırıması üçün vasitə hesab olunur".

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da bu məsələyə optimist yanaşır: "İki ölkənin münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçi olması normal haldır. Çünki, Azərbaycanın hər iki ölkə ilə münasibətləri yüksək səviyyədədir. Rusiya yüksək münasibətlərimiz olduğu qonşu ölkədir. Türkiyə isə strateji portnyorumuzdur. Bu anlamda münasibətlərin normalaşmasında vasitəçi olmağımız təbii haldır. Hətta Azərbaycan ilə yanaşı Qazaxıstanın da adı çəkilir.

Hər bir halda Türkiyə ilə Rusiyaın münasibətlərinin pozulması tək özlərinə yox, region dövlətlərinin heç birinə, eyni zamanda Azərbaycana müsbət nəsə vəd etmir. Birinicisi, Türkiyə bizə hərtərəfli yaxın ölkədir. Rusiya isə müsbət və mənfi məqamları ilə bizim üçün strateji əhəmiyyətə malik bir faktordur. Bu anlamda hər iki ölkənin münasibətlərinin pozulmaması bizim də marağımızdadır. Amma ehtimal ki, bir müddət sonra korlanmış münasibətər öz axarına düşəcək. Qırıcının vurulmasından sonra Rusiyada isteriya yaşanmaqdadır. Bu da əsasən daxili auditoriyaya yönəlmiş təbliğatın qurulması ilə əlaqədar olan məsələdir. Diqqət etsək, görərik ki, son zamanlar Rusiyanın ziyalı elitası da bununla bağlı tənqidi münasibətlərini ortaya qoyublar. Bu anlamda gələcəkdə münasibətlər öz məcarasına yönələcək.".

Siyasi şərhçinin fikrincə, problemin həll olunması üçün ya xarici işlər nazirlərinin, ya da prezidentlər səviyyəsində görüşlər təşkil edilə bilər: "Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı başlayıb. Orada prezidentlərin görüşü təşkil oluna bilər. Biz isə tərəfləri bir araya gətirmək üçün xarici işlər nazirləri səviyyəsində müəyyən cəhdlər edə bilərik".



Sizin Reklam Yeriniz