Əlaqə Arxiv
news Image
2012.04.18
15:13
| A A A
Cənub qonşumuz gələn ay vurulacaq
İsrailin İrana qarşı müharibə hazırlığını başa çatdırdığı bəyan edildi

Qalmaqallı nüvə proqramına görə dünyanın diqqətini özünə cəlb etməkdə davam edən cənub qonşumuza qarşı gələn ay müharibəyə start verilə bilər. Hər halda İsrail mediasının yaydığı məlumatlar bu qənaətə gəlməyə əsas verir. Düzdür, İsrail rəsmiləri bu barədə hələ ki, qəti mövqe sərgiləmirlər, lakin İrana hərbi zərbə endiriləcəyini də istisna etmirlər.

İsrailin müdafiə naziri Ehud Barak məsələ ilə bağlı vurğulayır ki, təmsil etdiyi hökumət İranın nüvə obyektlərinə zərbə endirmək haqqında hələ dəqiq qərar qəbul etməyib. Onun sözlərinə görə, Qərblə danışıqlar zamanı İsrail İranın nüvə obyektlərinə zərbə vurmaq barədə heç bir bəyanat verməyib.

Nazirin fikrincə, dünya ictimaiyyətinin İranın nüvə obyektlərini neytrallaşdırmaq istiqamətində göstərdikləri səylər gözlənilən nəticələr verməyəcək. Məhz belə bir vaxtda məlum olub ki, əslində, İsrail İrana hücuma başlamaq üçün hazırlıqları bitirib. İsrailin "Kanal 10" telekanalının məlumatına görə, İsrail artıq F-15 təyyarələrini planın həyata keçirilməsinə hazırlayıb, bununla yanaşı, pilotların adları artıq məlumdur.

"Kanal 10" televiziyası bildirir ki, ordu nümayəndələri ilə uzun müddət danışıqlar apararaq, nüvə müzakirələrində bir nəticə əldə olunmayacağı təqdirdə İsrailin İrana qarşı hücuma keçəcəyi ilə bağlı məlumat əldə edib. Kanalın müxbiri Alon Ben-Davidi məlumat verib ki, İsrail mayın 23-də müzakirələrin Bağdadda keçiriləcək ikinci mərhələsini gözləyəcək. Əgər razılıq əldə edilməsə, İsrail ordusuna İranın nüvə obyektlərinə hücum etmək əmri veriləcək.

Əməliyyata böyük sayda müasir hərbi texnika cəlb olunacaq. İsrailin Hərbi Hava Qüvvələrinin ən uzaq məsafəyə uçmağa qadir "F-15" hərbi təyyarələri də hücumun ön cəbhəsində yer alacaqlar. Bundan başqa, telekanalın məlumatına görə, əməliyyata onlarla vertolyot, yanacaqdolduran təyyarə, müasir pilotsuz uçan aparatlar və s. cəlb edilib. Hava qüvvələrinin "Eitan" pilotsuz təyyarələri İrana göndəriləcək. İndidən pilotların ailələrini yerləşdirmək üçün bazalardan kənarda təhlükəsiz bölgələr yaradılıb. Ancaq İsrail İranın bütün nüvə təsislərini məhv edəcək gücə sahib olmadığı üçün "qısa və peşəkar" bir hücum planlaşdırır. Əməliyyatlar zamanı İsrail tərəfinin də itki verəcəyi bildirilir. İsrail bu əməliyyatlardan sonra ölkənin şimalında son 30 il ərzində misli görünməyən genişmiqyaslı müharibənin başlayacağını etiraf edir.

Qeyd olunduğu kimi, isə hələlik Təl-Əviv İranın "altılıq" ölkələri ilə Bağdadda, mayın 23-də keçiriləcək danışıqlarının başa çatmasını gözləyir. Hadisələrin bu səpkidə inkişafı daha çox ABŞ-ı narahat edir. Çünki İsrail İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə ABŞ avtomatik bu müharibəyə cəlb olunacağını yaxşı bilir. ABŞ-ın "Front Page Magazine" internet jurnalı yazır ki, prezident Barak Obama İsrailin İrana hücumunun qarşısını almaq üçün gərgin fəaliyyət göstərir. Jurnal xatırladır ki, bundan əvvəl müdafiə naziri Leon Panetta, milli təhlükəsizlik müşaviri Tom Donilon İsraili İrana hücumdan vaz keçirmək üçün Yerusəlimə göndəriliblər. Lakin istənilən nəticə hasil olunmayıb. Jurnal mümkün müharibə zamanı İsrail aviasiyasının İrana qonşu ölkələrin, o cümlədən Azərbaycanın ərazisindən istifadə ehtimalının aradan qalxdığını da diqqətə çatdırır. Xatırlanır ki, Azərbaycan rəsmiləri əvvəlcədən belə bir halın mümkünlüyünü istisna ediblər: "Azərbaycan rəsmiləri ölkə ərazisinin İrana hücum etmək üçün istifadə olunmayacağını əvvəlcədən bəyan ediblər".

Xatırladaq ki, Bakının İrana zərbə endirilməsi üçün İsrailə Azərbaycanın bir neçə hərbi aerodromundan istifadə etməyə icazə verdiyi barədə iddialar bir müddət əvvəl nüfuzlu "Foreign Policy" jurnalının elektron versiyasında peyda olmuşdu. Lakin sonradan bu iddialar Bakı və Vaşinqtonda, elə İsraildə də rəsmən təkzib olundu. Politoloq Zərdüşt Əlizadə Azərbaycanın rəsmi xarici siyasət doktrinası ərazinin üçüncü ölkələrə verilməsinin mümkünsüzlüyünü əks etdirməsini xatırladır.

İsrailin XİN rəhbəri Avidqor Libermanın Bakıya gözlənilən səfərini şərh edən siyasi ekspert, bu ölkənin Azərbaycanda siyasi və iqtisadi maraqlarının olduğunu deyib: "İsrail təbii qazın böyük hissəsini Azərbaycandan alır. Azərbaycan İranın şimal qonşusudur. İsrailin Rusiyada və Azərbaycanda maraqları mövcuddur. Bu normal haldır. Qoy gəlsinlər, müzakirə etsinlər".

Digər ekspertlər də hesab edir ki, istənilən halda Azərbaycan birmənalı şəkildə İsrail və İran arasında müharibənin başlanmasının əleyhinədir. Çünki mümkün müharibə ölkəmizin də yerləşdiyi regiona dağıdıcı fəlakətdən başqa heç nə vəd etmir.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz