Əlaqə Arxiv
news Image
2012.11.16
12:47
| A A A
Büdcə artımını radikal müxalifət yenə görməzlikdən gəlir
Siyavuş Novruzov: "Büdcə ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsinə, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına stimul verəcək" Fəzail Ağamalı: "Milli Məclisdəki müxalifət partiyaları büdcə ilə bağlı tənqidlərini, təkliflərini səsləndiriblər"

Milli Məclisin 2013-cü ilin dövlət büdcəsinin müzakirələri başa çatsa da onun ətrafında hələ də müəyyən fikirlər səslənməkdədir. Qeyd edək ki, gələn il üçün büdcə gəlirləri 19 154 milyard manat, xərcləri 19 810 milyrad manat, kəsiri isə 656 milyon manat səviyyəsində nəzərdə tutulur. Büdcə gəlirləri üzrə 12,4%, xərcləri üzrə isə 12,1% artım gözlənilir.

Büdcə gəlirlərinin strukturunda 11 milyard 350 milyon  manat və ya 59,3%-i Dövlət Neft Fondundan daxilolmalar, 6 milyard 400 milyon manat və ya 33,4%-i Vergilər Nazirliyi üzrə daxilolmalar, 1 milyard 380 milyon manat və ya 7,2%-i Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar, 5 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və 19 milyon manatı sair daxilolmaların payına düşür.

Gələn ilin büdcə müzakirələri zamanı diqqət çəkən məqamlardan biri də müxalifətin bu prosesə münasibət məsələsidir. Radikal müxalifət partiyalarının təmsil olunduğu İctimai Palata iki gün öncə gələn ilin büdcəsini müzakirələrini müzakirə etdi. Daha çox ümumi sözlər, qeyri-peşəkar şərhlərlə aparılan müzakirələrdə diqqətçəkən məqamlardan biri də müxalifətin dövlət səviyyəli müzakirələrə, tədbirlərə ənənəvi qarayaxma münasibətinin olması idi.  Dövlət büdcəsinin 20 milyard manata çatması, sosial-iqtisadi, infrastruktur layihələrə yönəli xərclərin artırılması, hərbi, əməkhaqqı büdcələrinin xeyli artırılması sanki müxalifəti qətiyyən sevindirmir.

Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov bizimlə söhbətində müxalifətin 2013-cü ilin büdcə müzakirələrinə verdiyi qiymət barədə xəbərsiz olduğunu bildirdi: "Müzakirələr çox normal keçib. Fəal müzakirələr oldu. Deputatlar razı qalmadıqları məsələləri tənqid ediblər, bəzi problemləri qaldırıblar, yəqin ki, təkliflərin bir çoxu nəzərə alınacaq. Ümumilikdə 2013-cü ilin dövlət büdcəsi təqdirəlayiqdir. Büdcə ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsinə, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına stimul verəcək".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 2013-cü ilin büdcəsini yüksək qiymətləndirdi: "Kifayət qədər çəkili büdcədir. Xərclərin istiqamətləri, təsnifatlar  aydın göstərilib. Orada qaranlıq qalan heç bir məqam yoxdur. İctimai Palatanın alternativ büdcə müzakirəsinə normal yanaşıram. Amma düşünürəm ki, onların dövlət büdcəsi barədə səsləndirdikləri neqativ fikirlərin heç bir əsası yoxdur".

F.Ağamalı düşünür ki, 2013-cü ilin büdcə müzakirəsində həm hökumət nümayəndələri, həm də parlament nümayəndələri fəal iştirak edibər: "Kifayət qədər aktiv müzakirələr oldu. Milli Məclisdəki müxalifət partiyaları büdcə ilə bağlı tənqidlərini, təkliflərini səsləndiriblər. Düşünürəm ki, təkliflərimiz nəzərə alınacaq və 2013-cü ilin dövlət büdcəsində öz əksini tapacaq".

F.Ağamalı müxalifətin gələn ilin büdcəsilə bağlı təkliflərini yazılı şəkildə parlamentə təqdim etməsini vacib bildi: "Buyursunlar, təkliflərini parlamentə, hökumətə, geniş ictimaiyyət nümayəndələrinə çatdırsınlar. Müzakirələr birtərəfli qaydada deyil, iqtidar və digər siyasi partiyaların nümayəndələrinin iştirakı ilə aparılmalıdır. Birtərəfli şəkildə aparılan müzakirələrdə reallığı üzə çıxarmaq və düzgün qərar qəbul etmək mümkün deyil".

Sizin Reklam Yeriniz