Əlaqə Arxiv
news Image
2016.02.02
06:00
| A A A
Avropa Şurasında demokratiya maxinasiyası
Zahid Oruc: “Ən pisi odur ki, bunu gizlətmək üçün onlar xüsusi səy də göstərmirlər”

Avropa Şurası Parlament Assambleyasından ölkəmizə qarşı növbəti təxribatın üstü açıldı. Belə ki, qurumda britaniyalı deputat Robert Uolterin Azərbaycanın işğal altındakı ərazilərində zorakılıq hallarına dair məruzəsinin səsverməsi zamanı "səs oğurluğu" faktı üzə çıxıb. Bu məruzənin lehinə səs verən türkiyəli deputatın səsi hesaba alınmayıb.

Səsvermənin nəticələrinə əsasən Türkiyə nümayəndə heyətinin 12-ci üzvü, CHP millət vəkili İlhan Kesici bitərəf qalıb. İlhan Kesici bildirib ki, AŞPA-da səslərin hesablanmasında saxtakarlıq olub: "Mən bu sənədin Azərbaycan üçün əhəmiyyətini yaxşı başa düşürəm və Uolterin məruzəsinə səs vermişəm. Ancaq məlum olanda ki, səsim nəzərə alınmayıb, guya mən səsvermədə iştirak etməmişəm, bundan çox təəcübləndim. Təkcə mən yox, bütün Türkiyə nümayəndə heyəti təəcübləndi. AŞ PA katibliyinə müraciət etdim, bizə vəd etdilər ki, səhvi düzəldəcəklər. Azərbaycan ve Türkiyə qardaş dövlətlərdir, mən bu cür mühüm sənədin səsverməsində iştirak etməyə bilməzdim".

Millət vəkili Zahid Oruc bildirir ki, Robert Uolterin hazırladığı həmin sənədin ölkəmiz üçün bütövlükdə vacib siyasi əhəmiyyəti var: "Bu cür hüquqi aktlar və ya siyasi bəyannamələr ümumən Azərbaycanın diplomatik mübarizəsində önəmli yeri tutmaqdadır. Lakin hətta bu şəraitdə belə Avropa Şurası bilavasitə münaqişənin tənzimlənməsində əsas format deyil.

Hazırki dövrdə missiyanı öz üzərinə götürən Minsk qrupu illərdir ki, bu məkanda təhlükəsizliyə cavabdehlik daşıyır. Amma görünür ki, AŞ-nın divarları içərisində, qədim Avropanın salonlarında da baş verənlər demokratiya və hüquq prinsiplərinə təhqir oldu. Həqiqətən, yaşayananlar onu sübut etdi ki, dünyada zaman-zaman gizli maraqların irəli sürülməsi, qruplaşmalar, əsas güc mərkəzlərinin diqtəsi, beynəlxalq qurumların müxtəlif dövlətlərin əlində vasitə olması və s. doğrudur. Bir tərəfdən türk parlamentarilərinin birinin səsi nəzərə alınmayıb. Bu, oğurluq faktı kimi dəyərləndirilə bilər. Digər tərəfdən də parlament üzvlərinə qarşı hücumlar, Minsk qrupunun məmur sisteminin xalq təmsilçiləri olan qüvvələrə qarşı basqıları, onları ciddi şəkildə təzyiq qarşısında saxlamaq və s. sübut etdi ki, bir sıra hallarda postsovet məkanı üçün təqdim olunan dəyərlər xüsusi olaraq görüntü xarakteri daşıyır. Bunun arxasında məkrli planlar dayanır. Ən pisi odur ki, bunu gizlətmək üçün onlar xüsusi səy də göstərmirlər.

Artıq pərdə çəkilib, bütün səhnə ortaya çıxıb. Ancaq bunu istənilən ölkənin parlament tablosu kimi götürmək də çox pis nümunə olardı. Yəni, AŞPA-da baş verən hadisələri eynən bir ölkənin qanunverici orqanında görmək qüsurlu olardı. Əslində, qeyd olunan işğal zonasındakı hərbi eskalasiyanın ağır nəticələri ilə bağlı müddəalar demək olar ki, Sərsəng su anbarında baş verən ekoloji cinayətlərlə və Azərbaycan xalqına qarşı həyata keçirilmiş təcavüzkarlıq planlarına görə olan müddəalarla eyni idi. Göründüyü kimi, bu qətnamə istənilən səsi qazanmış oldu. Çünki, həmin proqram, qruplaşma, təsirlər az idi. Amma "Azərbaycanın işğal altındakı ərazilərində zorakılıq hallarına dair məruzə"də isə vahid ssenari ətrafında parlament üzvlərinin səfərbər edilməsi dayanırdı".

Millət vəkili əlavə etdi ki, bu məsələlər üzərindən "Biz guya Qərbi gözdən salırıq" kimi mövqelər nümayiş olunurdu: "Halbuki, heç kəs siravi avropalının, onun həyata tərzinin, demokratik yaşam istəklərinin, texnoloji-qabaqcıl mövqelərinin pisliyini iddia etmir. Yəni, bu, bizim Avropa dairələrindən geri durmağımız üçün əsas deyil. Sadəcə, hər bir kəs mənzərini yaxşı görsün! Bilsin ki, 1990-cı illərdəki azadlığımıza qovuşanda düşüncələrimizə hakim kəsilən "mələk" Avropa, yalnız haqqı müdafiə edən Qərb kimi nəzəriyyələr yanlışdır. Siyasət çox amansızdır. Siyasətdə maraqlar uğrunda savaş qəddarcasında gedir. Ona görə də Avropa qurumlarının bu məkanında Azərbayan hər zaman özünü sistemli mübarizəsi ilə çıxmalıdır ki, maraqlarını qoruya bilsin".

Sizin Reklam Yeriniz