Əlaqə Arxiv
news Image
2016.02.03
08:00
| A A A
Avropanın təhlükəli xristian təəssübkeşliyi
Hikmət Babaoğlu: “Hazırda Qərbdə formalaşmış siyasi təfəkkür islamafob əsaslara, sivilizasiyaların qarşıdurması fəlsəfəsinə söykənir” Elçin Mirzəbəyli: “Bir çox məsələlərdə xristian həmrəyliyi və Avropada hökm sürən islamafobiya proseslərin obyektiv dəyərləndirilməsinə mane olur”

Avropada Azərbaycana qarşı münasibətdə dini amildən də istifadə edir. Belə ki, keçirdiyi mətbuat konfransında millət vəkili Elxan Süleymanov bildirib ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə ləyihəsinin qəbul edilməməsi üçün erməni lobbisi əlindən gələni etdi: "ATƏT - in Minsk qrupunun həmsədrləri də bu layihənin qəbul edilməməsi üçün səylə çalışdılar. Hətta ikiüzlülük nümayiş etdirməkdən belə çəkinmədilər". Millət vəkili hesab edir ki, bu qətnamənin qəbul olunmamasında avroparlamentarilərin xristan həmrəyliyindən çıxış etməsi də böyük rol oynayıb.

Bu məsələdə digər siyasilər də həmfikirdilər. Sözügedən qətnamənin qəbul olunmamasında xüsusən Avropada müşahidə edilən islamafobiyanın təsirləri var. Millət vəkili Hikmət Babaoğlu bildirir ki, şərait olduqca mürəkkəbdir: "Bu gün Avropa qurumlarının əksəriyyəti öz fəaliyyətlərində dini təəssübkeşliyi az qala prioritet hal kimi müəyyənləşdiriblər. Bütün beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, AŞ PA-da məsələlərə yanaşma yalnız dünya siyasətini müəyyənləşdirən Qərb bölgələrinin maraqları çərçivəsində qiymətləndirilir. Bu maraqlar da çox təəssüf ki, bir çox hallarda milli dövlətlərin maraqları ilə üst-üstə dşümür. Çünki, Qərb imperializminin milli maraqları istismarçı mahiyyət daşıyır. Yaxın Şərqdə baş verən hadisələri də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Bundan başqa hazırda Qərbdə formalaşmış siyasi təfəkkür islamafob əsaslara, sivilizasiyaların qarşıdurması fəlsəfəsinə söykənir".

Millət vəkili vurğuladı ki, bütün müstəvilərdə xalqlar özlərinin milli və dövlət maraqları üçün mübarizə aparıblar: "Ona görə də bəzən biz Avropanın qlobal dəyər kimi qəbul etdiyi demokratiya, insan hüquqları və s. kimi məsələlərə həddən artıq idealist növteyi-nəzərindən yanaşırıq. Bu, doğru deyil. AŞPA-da Azərbaycan ilə bağlı təqdim edilən qətnamələrin müzakirəsi zamanı şahidi olduq ki, qərblilər üçün bu dəyərlər doqmatik deyil. Onların milli maraqlarını təmin edə vasitədir. Əgər belə olmasa idi, insan hüquqları üzrə ixtisaslaşmış Avropanın ən mötəbər təşkilatı AŞPA asanlıqla bu qərarları qəbul edərdi ki, ermənilər azərbaycanlıların təməl hüquqlarını pozublar. Eyni zamanda beynəlxalq hüquqlarımız pozulub. Amma bu amillərin arxa planda qaldığını gördük. Burada bir dini təəssübkeşlik, ikili standart var. Qiymətləndirmə meyarı obyektiv deyil. Yenə də qiymətləndirmə meyaları hansısa dövlətin, hansısa dinin daşıyıcısı olmasına söykənir. Bunu bariz şəkildə gördük.

Sərsəng su anbarı ilə bağlı qəbul edilən qətnamə uğurdur. Amma mübarizəmizi bütün müstəvilərdə davam etdirməliyik. Mürəkkəb dövrü arxada qoymağı bacaracağıq".

Digər siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, tək bu yox, bir çox məsələlərdə xristian həmrəyliyi və Avropada hökm sürən islamafobiya proseslərin obyektiv dəyərləndirilməsinə mane olur: "Bunun da əsasları var. Təbii ki, dini faktorları önə çəkənlər heç də xristian təəssübkeşi olan və ya dini dəyərlərin qorunmasına çalışan insanlar deyillər. Dini amillər sadəcə, bu gün dünyanın ayrı-ayrı ölkələrində, xüsusən də Yaxşın Şərqdə həyata keçirilən siyasətin dəstəklənməsi üçün ifadə olunan ideoloji formadır. Bu da Avropada ilk növbədə islamafobiya faktorlarının gücləndirilməsinə, Qərb dövlətlərinin Yaxın Şərqdə yürütdüyü siyasətin dəstəklənməsinə yönəlişmiş amillərdir.

Təəssüflər olsun ki, bir çox hallarda bəzi siyasətçilər bu kiçik hissələrin girovuna çevrilirlər. Dünyada baş verən proseslərə, o cümlədən də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına məhz xristian-müsəlman münasibətləri müstəvisindən yanaşırlar. Bu məsələni Azərbayan Prezidenti gənclərlə görüşündə də açıq şəkildə vurğulamışdı. Baxmayaraq ki, Azərbaycanda bütün dinlər qarşılıqlı münasibətdə yaşayırlar. Hətta Azərbaycan kimi tolerant ölkəyə münasibətdə belə dini faktor qabarıq şəkildə ortaya çıxır. Bu da Qərb siyasətçilərinin düşüncələrində kök salmış sivilizasiyalararası münaqişə tendensiyasından doğan amillərdir. Halbuki, Azərbaycan mədəniyyətlərarası dialoqun tərəfdarı olan ölkə kimi tolerantlığın qorunmasına yönəlik siyasət yürüdüb. Amma istəklərimizdən asılı olmayaraq, dünya bizim düşündüyümüz qədər də ədalətli deyil".

Sizin Reklam Yeriniz