Əlaqə Arxiv
news Image
2016.02.03
09:00
| A A A
Qərbin bitməyən ikili standartı
“Qərbin Azərbaycana münasibətdə ikili standartlardan çıxış etməkdə davam etməsi onun xristian təəssübkeşliyi və bölgədə olan maraqlarından irəli gəlir” “Qərbin Azərbaycana yönəlik bu siyasəti gələcəkdə də davam edəcəyi təqdirdə bundan uduzan elə onların özləri olacaq”

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə Qərbin ikili standartlarına toxundu. Bildirdi ki, bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər: "Onda riyakarlığa son qoyulsun. Deməsinlər ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq, bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq. Bəs 1 milyon Azərbaycan vətəndaşının insan haqları barədə onlar heç düşünürlərmi? Yox, bu, onları maraqlandırmır! Real vəziyyət bundan ibarətdir. Biz əlbəttə ki, real dünyada yaşayırıq. Bunu nəzərə almalıyıq. Öz siyasətimizdə də nəzərə alırıq. Ancaq, eyni zamanda, öz sözümüzü həmişə demişik və deyəcəyik".

Politoloq Elşən Manafov bildirdi ki, Qərb məhz xristian təəssübkeşliyi prizmasından yanaşmaqda davam etdiyindən Azərbaycana münasibətdə ikili standartlardan əl çəkmir: "Əslində, Azərbaycana qarşı ikili standartları təkcə Qərb deyil, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiya da sərgiləyir. Adı çəkilən dövlətlərin Azərbayanla münasibətləri məhz ikili standartlar üzərində qurması bu dövlətlərin bölgə ilə bağlı maraqlarının üst-üstə düşməməsilə və fərdi maraqlardan irəli gəlir.

Qərb Azərbaycanla münasibətləri enerji təhlükəsizliyi və beynəlxalq terrorizmə qarşı mübarizə müstəvisi üzərində qurur. Azərbaycan da Qərblə bu sahədə əməkdaşlığa sadiqdir. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, Qərb rəsmiləri ölkəmizin bu sahədəki əməkdaşlığını yüksək səviyyədə dəyərləndirib. Amma Azərbaycanın Qərb təsisatları və dövlətlərindən umacağı məsələ sadəcə, Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq normalarının tanınması və bu prosesin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinə yardımçı olmasından ibarətdir. Təəssüf ki, Qərb də bu məsələdə ikili standartlardan çıxış edir.

Qərbin ölkəmizə münasibətdə bu ikili standartı həmçinin onun xristian təəssübkeşliyindən irəli gəlir. Azərbaycan Qərbin özünün də qəbul etdiyi kimi İslam ölkələri arasında özünün tolerantlığı ilə seçilən dövlətdir. Cari il bildiyiniz kimi, Prezident tərəfindən "Multikulturalizm ili" elan olunub. Bu mesajla Qərb institutlarına birmənalı şəkildə bəyan edilir ki, Azərbaycanda müxtəlif siyasi, dini baxışlardan çıxış edən bütün insanların qanun qarşısında bərabərlyinə təminat verilir. Qərb isə öz ampulasından çıxış edərək bütün bunları görməməzliyə vurur. Avropa Şurasına qəbul olunmağımız ərəfəsində Qərbin təklif etdiyi bütün tövsiyələri Azərbaycan tərəfi qəbul etdi, bununla bağlı xüsusi referendum keçirdi, Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Nəticədə bir sıra hallarda Azərbaycan əksər Qərb ölkələrindən də daha yüksək dəyərlərə malik qanunvericilik aktlarına malik oldu ki, bunu Avropada da təsdiqləyirlər. Lakin geosiyasi rəqabətin doğurduğu amil, Azərbaycanın Qərbin diqqət mərkəzində olan Yaxın və Orta Şərqə yaxın ərazidə, şimal və cənub nəqliyyat dəhlizində yerləşməsi kimi amillər, Qərb dünyasını ölkəmizlə münasibətləri ikili standartlar üzərində qurmağa sövq edir. Qərbin əslində, Azərbaycanın mövqeyini dəstəkləməsinə ehtiyac yoxdur.Sadəcə olaraq, Qərb ölkəmizə, onun problemlərinə münasibətdə beynəlxalq normaların işlənilməsinin üstünlüyünü nəzərə almalıdır. Ancaq Qərb hazırkı şəraitdə status-kvonun saxlanılmasını daha məqbul sayır. Nə Qərb, nə də Rusiya hələlik Cənubi Qafqaz uğrunda ciddi rəqabətə girməyə hazır deyil. Qərb postsovet məkanında hələlik Rusiya ilə rəqabətdən çəkinir.

Qərbin bu ikili standart siyasətinin perspektivdə Azərbaycanın Avropaya inteqrasiyası baxımından da yaxşı perspektiv vəd edəcəyini görmürük. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu həyata keçirdiyini dərk edən Qərb anlamalıdır ki, bu amil ölkəmizin milli təhlükəsizlik maraqlarından irəli gələn bir məsələdir".

Politoloq Mais Gülalıyev qeyd etdi ki, Qərbin Azərbaycana qarşı ikili standart siyasətini davam etdirməsi onun xislətindən, tutduğu mövqeyindən irəli gəlir: "Qərbin onsuz da bütün siyasətini ikili standartlar üzərində qurulub. Onlar bir əli ilə əməkdaşlıq etdiyi ölkəyə sığal çəkisrə, digər əli ilə əksinə ona təzyiq edir. Bu, Qərbin başqa ölkələrə, o cümlədən Azərbaycana münasibətdə siyasi-iqtisadi əlaqələrdə həyata keçirdiyi bir metoddur.

Azərbaycanda hazırda möhkəm sabitlik hökm sürür, ölkəmiz iqtisadi cəhətdən kifayət qədər gücə malikdir. Bu isə bir çox hallarda Qərbdəki bəzi dairələri qıcıqlandırır. Nə qədər ki, Azərbaycan xalqı ilə hakimiyyətin birliyi olacaq, insanlar Avropanın əsl mahiyyətini başa düşəcək, Qərb ölkəmizlə bağlı öz çirkin niyyətlərinə nail ola bilməyəcək. Qərbin Azərbaycana yönəlik bu siyasəti gələcəkdə də davam edəcəyi təqdirdə bundan uduzan elə onların özləri olacaq. Qərbin elə bir əməkdaşlıq etdiyi ölkə yoxdur ki, oradan həmin dairələr tam razı qalsınlar. Məsələn, Cənubi Qafqazda Qərb əsasən Gürcüstanla əməkdaşlıq edir. Onlar hətta bu ölkədə də hakimiyyəti müəyyən məsələlərdə sıxışdırmağa çalışırlar".



Sizin Reklam Yeriniz