Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. Movqe.az xəbər verir ki, görüşdə rayonun sosial iqtisadi inkişafı ilə bağlı təklif və müraciətlər müzakirə olunub. Görüş iştirakçıları ümummilli lider Heydər Əleyevin abidəsini ziyarət edib xatirəsini anıblar. Mədəniyyət Mərkəzində davam edən tədbiri rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov açaraq son illər Qubada görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Vurğulanıb ki, respublikanın digər bölgələrində olduğu kimi, Qubada da bu illər ərzində yeni müəssisələr istifadəyə verilib, şəhər və kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılıb, yaşayış məntəqələrinin böyük hissəsi qazlaşdırılıb, qubalılar bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə rayon ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır. Tədbirdə bildirilib ki, iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək. Keçirilən tədbirdə Qubanın sosial iqtisadi inkişafı ilə bağlı preoritet məsələlərdə müzakirə olunub. Rayonda meyvəçiliyin,heyvandarlığın,xalçaçılığın və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi yolları diqqətə çatdırılıb. Qubada meyvə emalı müəssisələrinin yaradılması, eləcə də son illərdə fəaliyyəti məhdudlaşan konserv zavodunun fəaliyyətinin yenidən bərpasının vacibliyinə toxunan Əli Həsənov yerli icra strukturlarının rəhbərlərinə yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov çıxış edərək, Qubanını sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər səsləndiriblər.Görüş iştirakçıları dövlətimizin başçısının antiböhran tədbirlərini dəstəklədiklərini bildirib, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək dəyərləndirdiklərini diqqətə çatdırıblar.Çıxışlarda rayon əhalisi ilə dövlət nümayəndələrinin birgə fikir mübadiləsi aparmasının əhəmiyyəti xüsusi qeyd edilib. Görüşdə Qubanın inkişafı ilə bağlı müraciət və təkliflər qeydiyyata alınaraq, onların həllinə kömək göstəriləcəyi bildirilib.