Əlaqə Arxiv
news Image
2016.02.04
09:30
| A A A
Fransa Minsk qrupunda həmsədrlikdən uzaqlaşdırılacaq?!
Hatəm Cabbarlı: “Fransanın bu addımı atması siyasi əxlaq qaydalarına ziddir” Elxan Şahinoğlu: “Fransa fəal həmsədr olmaq istəyirsə, belə bir addım atmamalıdır”

Fransada "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan yeni qanun layihəsi növbəti dəfə gündəmə gətirilib. Belə ki, Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş fransalı sədri Jan-Pol Kostaya "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan yeni qanun layihəsi üzərində işləmək barədə tapşırıq verib. Bunu F. Olland Fransadakı erməni təşkilatlarının Koordinasiya Şurası ilə keçirdiyi ənənəvi illik görüşü zamanı deyib. O, Kostanın bu məsələ ilə bağlı tez bir zamanda öz nəticələrini təqdim edəcəyini söyləyib.

Fransa prezidenti bu təşəbbüsün qarşıdan gələn prezident seçkiləri ilə qətiyyən əlaqəli olmadığını da vurğulayıb. O bildirib ki, burada əsas məsələ barışıqdır: "Ermənistan da, Türkiyə də danışıqlar yolunun irəliləməsində yardımını əsirgəməyən Fransanı həmişə öz yanlarında görəcəklər". Ancaq ekspertlər birmənalı olaraq F. Olland tərəfindən irəli sürülən bu təşəbbüsün ermənipərəst mövqe daşıdığını deyirlər. Bu isə Fransanın Minsk qrupunda həmsdərlik missiyasına da ziddir.

Xatırladaq ki, 2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv etmişdi. Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirir ki, 2015-ci il qondarma "erməni soyqırımı"nın 100-cü ilində Ermənistan və erməni diaspor təşkilatları dünyanın müxtəlif dövlətlərində bu barədə tədbirlər keçirdi, anım mərasimləri təşkil etdi: "Bu gün də qondarma "erməni soyqırımı" ilə bağlı Ermənistan və erməni diaspor təşkilatları təbliğat fəaliyyətlərinə davam edirlər. Bu fəaliyyətin daha geniş miqyasda olması və inandırıcılığı baxımından Ermənistan və erməni diasporu daha çox xarici dövlətlər nəzdində, onların dəstəyi ilə hərəkət etməyə çalışır.

Bildiyimiz kimi, Fransa qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etmişdi. Amma bu qanun daha sonra Konstitusiya Məhkəməsində ləğv edilmişdi. Bu günlərdə Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş fransalı sədri Jan-Pol Kostaya "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan yeni qanun layihəsi üzərində işləmək barədə tapşırıq verib. Fransa daxili qanunvericiliyə zidd olmayan şəkildə yenidən bu qanunu qəbul etmək istəyir. Bu, hər şeydən əvvəl demokratiya və ifadə azadlığının ciddi şəkildə pozulmasıdır. Heç bir beynəlxalq məhkəmənin bu barədə qərarı olmadan Fransanın bu addımı atması siyasi əxlaq qaydalarına ziddir. Bu barədə hər hansı bir məhkəmənin qərarı olsa belə, hamının qondarma "erməni soyqırımı"na inanması və inkar edənlərin cəzalandırılması qəbul edilməzdir.

Fransa beynəlxalq hüququn normalarını və demokratiyanın əsas prinsipi olan ifadə azadlığını boğmağa, məhv etməyə çalışır. Bu cür riyakar qanunun qəbul ediləcəyi təqdirdə Fransanın digər ölkələrdə demokratiya və insan haqlarının pozulması zamanı o dövləti tənqid etməyə nə hüquqi, nə də siyasi haqqı var. Yəni, Fransa demokratik qayda və ənənələrin pozulmamasını istəyirsə, birinci özü bunu etməməlidir. Belə bir qanun qəbul ediləcəyi təqdirdə isə demokratik ənənəyə sahib Fransanın imici beynəlxalq aləmdə ciddi şəkildə zədələnəcək və etibarını itirəcək. Bu cür absurd qanun qəbul edən dövlət Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Guya Dağlıq Qarabağ probleminin həll edilməsi üçün vasitəçidir. 20 ildən çoxdur Minsk qrupu tərəflərə heç bir ciddi həll planı təqdim etməyib. Problemin həll edilməsi yox, uzadılması istiqamətində fəaliyyət göstərirlər. Minsk qrupunun fəaliyyətindən narazılığı Azərbaycanın dövlət başçısı müxtəlif vəsilələrlə dilə gətirib. AŞPA-da Dağlıq Qarabağ ilə bağlı iki məruzə müzakirə edilmədən əvvəl Minsk qrupu həmsədrləri bəyanat verərək, bu məsələnin müzakirə edilməsinin AŞPA-nın səlahiyyətinə aid olmaması barədə fikir bildirmələrindən sonra onlardan sadəcə biri qəbul edildi. Halbuki, Minsk qrupu həmsədrlərinin bu bəyanatı olmasaydı, hər iki məruzə rahatlıqla qəbul edilə bilərdi".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, oxşar hadisə əvvəl də baş vermişdi: "Qanun parlamentdən keçdi və Fransa prezidenti onu imzalamışdı. Sadəcə, Fransa Konstitusiya Məhkəməsi bu qanun təşəbbüsünü rədd etmişdi. İndi də proseslər eyni ssenari üzrə gedir. Ancaq Fransa fəal həmsədr olmaq istəyirsə, belə bir addım atmamalıdır. Bu, özü də o mərhələdə baş verir ki, Azərbaycan Minsk qrupunun münaqişənin həllində maraqlı olmadığını qeyd edir. Əslində, Minsk qrupu münaqişəni dondurmaqla məşğuldur. Son hadisə də buna sübutdu. AŞPA-da kobud müdaxilə edərək Qarabağla bağlı qətnamənin qəbuluna imkan vermədilər.

Onsuz da Azərbayan Minsk qrupundan narazıdır. Eyni zamanda həmsədrlərdən biri bu cür təşəbbüslə çıxış edir. Bu fonda ölkəmiz üçün yeganə alternativ yol kimi onlardan imtina etmək qalır. Amma bu çətindir. Azərbaycan onlardan imtina etsə, artıq "biz masadan qalxırıq" deməkdir. Ona görə də görünür, biz onların şıltaqlarına bir qədər də dözməli olacağıq. Aydındır ki, Azərabycan siyasi dairələri və cəmiyyəti bu formatda münaqişənin həllinə nail olmayacaq".

Politoloq əlavə etdi ki, Azərbaycanın Minsk qrupunun formatının dəyişdirilməsi təşəbbüsü var: "Məsələn, biz formata Türkiyə və Almaniyanın da daxil edilməsini istəyirik. Hətta yeni təklif ondan ibarətdir ki, ATƏT öz mənzil qərargahında konfrans təşkil etsin. İclasda bütün Minsk qrupu dövlətləri iştirak edib, fəal olsunlar. Amma bu, tək bizim istəyimizdən asılı deyil. Çünki, bu 3 dövlət faktiki olaraq, münaqişənin həlli prosesini inhisara alıblar. Başqa dövlətin prosesdə rol oynamasına imkan vermirlər".

Mübariz BAYRAMOV



Sizin Reklam Yeriniz