Suriyadakı əməliyyatlarda iştirak edən Rusiya Su-34 bombardmançısının Türkiyənin hava sahəsinə müdaxilə etməsindən sonra Ankara ilə Moskva arasında onsuz da gərgin olan münasibətlər daha da gərginləşib. Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhəddə patrul uçuşları keçirən təyyarələrin sayını artırıb. Habelə türk pilotlar sərhədəi pozan təyyarəni vurmaq barədə qərarı komandanlıqdan icazə istəmədən müstəqil qəbul etmək səlahiyyəti alıb. Bu isə Rusiya ilə Türkiyə arasında növbəti toqquşma riskini artırır.
Xəbər verildiyi kimi ötən həftə Rusiya təyyarəsi Türkiyənin hava sahəsinə daxil olub. Sərhəd boyu patrul uçuşları keçirən Türkiyə qırıcılarının pilotları ingilis və rus dillərində rus pilota xəbərdarlıq etsə də hava sahəsinə müdaxilə təkrarlanıb. İnsidenti NATO radarları da qeydə alıb. Lakin Rusiya Hava Komsik Qüvvələrinin komandanlığı Türkiyə hava sahəsinə müdaxiləni inkar edir. Türkiyə mətbuatı yazır ki, sonuncu insidentdən sonra Türkiyə HHQ-nin bir neçə aviabazası yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Suriya sərhədində Su-24 bombardmançısının vurulmasından sonra Rusiya Suriyada S-400 zenit-raket kompleksləri yerləşdirib. Habelə Suriya sahillərində güclü havadan müdafiə sistemləri ilə təchiz olunmuş gəmi mövqe tutub. Bundan başqa bombardmanlara qatılan təyyarələri "hava-hava" raketləri ilə təchiz edilmiş qırıcılar müşaiyət edir. Bu isə o deməkdir ki, növbəti mümkün insident zamanı Türkiyə qırıcısı Rusiya təyyarəsini hədəf alsa cavab raketinə tuş gələ bilər.
Hadisəni şərh edən Yaxın Şərq Tədqiqatları Mərkəzinin eksperti Sergey Danilov Rusiyanın hərəkətlərinin planlı xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Rusiya aviasiyası Türkiyənin hava məkanında uçmaqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cavab hərəkətlərinə təhrik edir: "Vladimir Putin türk prezidentinin reaksiyasını sınaqdan keçirir. Rusiyalılar türklərə deyirlər ki, necə istəyiriksə, özümüzü o cür aparacağıq! Bu güc tətbiqinə təhrikdir". Ekspert əmindir ki, Moskva Suriya məsələsinin həllini qeyri-mümkün etmək istəyir.
Türkiyə Hərbi-Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Kartal da Rusiyanın manevrlərini şərh edib. Rusiyanın manevrlərinin güc nümayişi olduğunu deyən generalın sözlərinə görə, Türkiyə NATO ilə birlikdə hərəkət etməlidir: "Türkməndağı bölgəsi Əsəd və Rusiyanın əlinə keçdi. Rusiya Fərat çayının qərbində təhlükəsiz bölgə qurmaq istəyən Ankaraya mane olmağa çalışır və "əlinizdəki Türkmandağı bölgəsini də aldım, daha da irəliləyə bilməzsiniz" mesajı ilə şou edir. Rusiya "Suriyada irəliləməkdən imtina etməyəcəyəm. Bura mənimdir" mesajı verərək əslində yalnız Türkiyəyə deyil, bütün dünyaya meydan oxuyur. Rusiya qarşıdakı dövrdə də Türkiyənin təhlükəsiz bölgə qurmaq istədiyi ərazilərə doğru irəliləyəcək. PYD ilə əməkdaşlıq da bütün bunların göstəricisidir".
Kartal Türkiyənin indiki mərhələdə təmkinli davranmalı olduğunu deyib: "Rusiya öz şousuna davam edə bilər, amma Türkiyə bu şounun qurbanı olmamalıdır. Bu gün dünyada II Dünya Müharibəsindən əvvəlki vəziyyət hökm sürür. BMT öz vəzifələrini yerinə yetirmədiyi üçün iri güclər bir-birlərinə qarşı şou edirlər və nəticədə Yaxın Şərqdə yanğın baş verir. Suriya əgər hazırda bütün dünya üçün bir döyüş meydanına çevrilibsə, bunda BMT-nin aktiv ola bilməməsinin də böyük payı var".
Türkiyənin hava məkanının pozulub-pozulmadığı barədə qəti fikir söyləməyin çətin olduğunu deyən rusiyalı ekspert Aleksandr Golz ABŞ-ın ortaya qoyduğu dəlillərlə birlikdə mübahisəsiz şəkildə Ankaranın yanında dayandığına diqqət çəkib: "Aydın olan odur ki, Ankara müttəfiqlərini razı salıb və dəstəklərini zəmanət altına almaq üçün xeyli çalışıb".
Moskvanın Ankara ilə yaşadığı ixtilafı Qara dənizə daşımaq niyyətində olmadığını dilə gətirən ekspert Rusiya və Türkiyənin müharibənin bir addımlığında olduğunu vurğulayıb.