"Ötən həftə HAMAS terror təşkilatı tərəfindən İsrail ərazisindəki məktəblərə, xəstəxanalara, uşaqlara istiqamətlənmiş mindən çox raket atılıb.
İsrail öz vətəndaşlarını müdafiə etməlidir. Bu, hökumətin vəzifəsidir, bu əməliyyat da İsrailə qarşı yönəlmiş təhlükəni aradan qaldırmaq məqsədilə keçirilir".
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz noyabrın 14-dən Qəzza sektorunda keçirilən "Buludlu sütun" əməliyyatını APA-ya eksklüziv olaraq belə şərh edib.
Səfir bildirib ki, əməliyyatın əsas məqsədləri bir-iki aylıq deyil, uzun müddətə sabitliyə nail olmaq, həmçinin HAMAS tərəfindən uzaq mənzilli raket təhlükəsini minimuma endirməkdir: "Bu dəfə onlar Tel-Əvivə və üç səmavi din üçün müqəddəs sayılan Yerusəlimə zərbələr endirirlər. Biz Fələstin xalqı ilə deyil, bizim üçün əsas təhdid olan HAMAS terror təşkilatı ilə mübarizə aparırıq".
Diplomat Qəzza sektoruna
humanitar yüklərin həmişəki kimi İsrail ərazisindən çatdırıldığını
deyib.
Səfir qeyd edib ki, İsrail yalnız terrorçulara zərbə endirməyə çalışır: "Onlarla bizim aramızda fərq budur. Onların hədəfi dinc sakinlər, bizim hədəfimiz isə terrorçulardır. O terrorçular ki, dinc əhali arasında gizlənirlər, bu isə beynəlxalq hüquqa görə cinayət sayılır. Biz hər həlak olan günahsız fələstinliyə görə təəssüf hisi keçiririk və əməliyyatı cərrah dəqiqliyi ilə həyata keçirməyə çalışırıq. Lakin bu, müharibədir".
Səfir hesab edir ki, İsrail tərəfdən qurbanların sayının az
olmasına "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemi kömək edib:
""Dəmir günbəz" İsrailə atılmış mindən artıq raketdən 300-ə
yaxınını vura bilib. Lakin təsəvvür edin, birdən bizə bu cür
sistem olmayaydı? Onda dağıntılar və tələfat qat-qat artıq olardı.
Biz müharibə deyil, sülh istəyirik. Lakin bu cür şəraitdə, mühasirə
şəraitində yaşayırıq. Biz Qəzza sektorunu 2005-ci ildə tərk
etmişik, bu torpaqlardan çıxmışıq və düşünürdük ki, sülh bərqərar
olacaq. Bunun əvəzində müharibə ilə üzləşdik".
Diplomat HAMAS-ın İsrail ərazilərinə raket zərbələrini davam etdirəcəyi təqdirdə ordunun keçirdiyi əməliyyatın miqyasının genişlənəcəyi, yerüstü əməliyyatların başlayacağı variantının gündəmdə olması məlumatını təsdiqləyib: "Bəli, bu, variantlardan biridir və məqsəd İsrailə qarşı hücumlara yol verməməkdir".
Fələstinin Azərbaycandakı
səfiri Naser Abdel Kərim hesab edir ki, Qəzza sektorunda vəziyyətin
gərginləşməsinin iki əsas səbəbi var. O, APA-ya eksklüziv
müsahibəsində bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu
bununla noyabrın 29-da Fələstinin BMT-yə müşahidəçi statuslu üzv
qəbul olunmaq niyyətinin qarşısını almaq istəyir: "İkinci səbəb isə
seçkilərdir. İsraildə seçkilər yanvarda keçiriləcək. Netanyahu
yenidən seçilmək istəyir, bu əməliyyat isə ona özünü sərt və güclü
siyasətçi kimi göstərməyə imkan verəcək. Bu iki həyasız məqsədin
əvəzini isə din sakinlər, uşaqlar və qadınlar ödəyir. Hazırda Qəzza
sektorunda vəziyyət faciəlidir. İndiyədək ölənlərin sayı 110 nəfərə
çatıb, bombardmanlar davam edir, Qəzza sektoru dünyada əhalinin ən
sıx məskunlaşdığı bölgələrdən biridir. Buna görə də, hansı
əməliyyat keçirilirsə-keçirilsin, bu, istənilən halda dinc əhaliyə
öz təsirini göstərir. Həlak olan 110 nəfərdən 28-i uşaq, 14-ü
qadın, 13-ü yaşlı insandır. Eyni zamanda onsuz da 2008-ci ildə
dağıdılmış infrastruktur yenidən darmadağın edilir. Ümidvarıq ki
hərbi əməliyyatlar tezliklə dayandırılacaq. Axı bu əməliyyatlar
dinc fələstinlilər kimi, İsrail vətəndaşlarına da təsir
edir".
Səfir Qəzza sektorunda yaşayanların hərbi əməliyyatdan əvvəl blokada vəziyyətində olduqlarını diqqətə çatdırıb: "İki-üç ay əvvəl BMT Qəzza sektorunda vəziyyəti öyrənərək hesabat hazırlayıb. Qəzza yaxın 10-15 il ərzində insan yaşamayan yerə çevrilə bilər. İnfrastruktur dağıdılıb, səhiyyə sahəsində problemlər var, Qəzza sektorunda yaşamaq çox çətindir".
Səfir Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın heç vaxt İsrailə raket atılmasını təqdir etmədiyini deyib: "Biz bunu düzgün saymırıq. Lakin indiki vəziyyətdən danışırıqsa, bu dəfə münaqişənin eskalasiyası İsrail tərəfdən başlayıb. İsrail və danışıqlarda HAMAS-ı təmsil edən Misir arasında müəyyən qarşılıqlı anlaşma yaranmışdı, lakin HAMAS-ın silahlı qanadının rəhbəri öldürüldükdən sonra vəziyyət yenidən gərginləşib".
Səfir hesab edir ki, İsrailin baş naziri B. Netanyahu danışıqlar aparmaqda maraqlı deyil və Şərqi Qüdsdə məskunlaşma siyasətini davam etdirir: "Yürütdüyü ideologiya Netanyahunun gözlərini kor edib. O, baş nazir olduqdan sonra bütün danışıqlar prosesini dəyişməyə çalışıb. Fələstin rəhbərliyi buna qədər əvvəlki İsrail hökumətləri ilə səmimi danışıqlar aparıb. Netanyahu isə hər şeyə sıfırdan başlamaq istəyir. Təəssüf ki, o, hakimiyyətə gəldikdən sonra sülh prosesinə badalaq vurmaq istəyir. Deməli, problemin kökü HAMAS-da deyil, superdövlət olan İsraildədir".
Səfir bildirib ki, İsrail həmişə öz hərbi üstünlüyünə güvənə bilməz və Fələstin tərəfi ilə razılığa gəlmək zəruridir: "Fələstin İsraillə digər ərəb dünyası və İslam aləmi arasında körpü rolunu oynaya bilər, dinc yanaşı yaşamaq yeganə üsuldur. Təəssüf ki, reallıqda bunun əksini görürük".
Xatırladaq ki, İsrail ordusu noyabrın 14-dən "Buludlu sütun" əməliyyatına başlayıb, əməliyyat çərçivəsində HAMAS-ın Qəzza sektorunda yerləşən mövqelərinə aviasiya və artilleriya zərbələri endirilir.