Əlaqə Arxiv
news Image
2016.02.06
09:44
| A A A
Almaniyanın Qarabağ narahatlığı
Mais Gülalıyev: “Atəşkəsin pozulması üzrə araşdırma mexanizminin yaradılması vacibdir” Aydın Mirzəzadə: “Almaniya və digər ölkələr problemin kökünə daha çox diqqət yetirməli, işğalçı Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxmağa vadar etməlidir”

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Avropada təhlükəsizlik məsələsinə həsr olunmuş məqaləsində yazır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların ATƏT-in Minsk Qrupunun himayəsi altında intensivləşdirilməsinin tərəfdarıdır: "Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar bizə narahat olmağa əsas verir". Almaniyanın XİN başçısının fikrincə, münaqişənin həlli istiqamətində daha bir mühüm addım atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizminin yaradılmasıdır. Maraqlıdır, atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizminin yaradılması mümkündürmü və bunun baş verməsi nəyi dəyişəcək?

Politoloq Mais Gülalıyev atəşkəs rejiminin pozulması üzrə araşdırma mexanizminin yaradılmasını vacib bildi: "Atəşkəs rejiminin pozulmasının araşdırılması üzrə mexanizmin yaradılması əlbəttə ki, mümkündür. Bu, nəinki mümkündür, hətta lazımdır. Belə bir razılığa gəlinibsə, niyə dinc şərait adlandırılan indiki vəziyyətdə yüzlərlə insan həlak olmalıdır. Atəşkəs varsa, insan qırğını, gündə yüz dəfələrlə atəşkəsin pozulması halları olmamalıdır. Yəni, nə qədər mümkündürsə, atəşkəs rejimindən istifadə edib danışıqları genişləndirmək lazımdır.

Atəşkəsin pozulması halları da dərhal ATƏT-in müvafiq nümayəndəlikləri tərəfindən yoxlanılmalıdır. Çünki atəşkəsin pozulması danışıqların gedişinə heç bir halda müsbət təsir göstərmir, əksinə, bu halda müharibə təhlükəsi də artır, sülhün əldə edilməsi və Dağlıq Qarabağ probleminin həlli məsələsi daha da ləngiyir. Ona görə də atəşkəsin pozulması üzrə araşdırma mexanizminin yaradılması vacibdir".

Bununla belə, həmsöhbətimizin qənaətincə, atəşkəs rejiminin pozulması üzrə araşdırma mexanizminin yaradılması da münaqişə ətrafında heç nəyi dəyişməyəcək: "Belə bir araşdırma mexanizminin yaradılmasının nəyi dəyişəcəyinə gəldikdə, bu ciddi problemdir. Bu gün nəinki araşdırma missiyası nəyisə dəyişmək iqtidarında deyil, hətta Minsk qrupunun özü problemin həllində kifayət qədər gücsüzdür. Onun belə bir səlahiyyəti də yoxdur. Çünki, bu qurum münaqişənin həlli üçün cavabdeh deyil. Qurum sadəcə olaraq, məsləhətçi bir qurumdur. Onlar sadəcə, həll prosesi üzrə görüşlər təşkil edə, müəyyən məsləhətlər verə bilərlər. Münaqişənin həlli isə tərəflərin danışıqlarından, razılaşmasından asılıdır. Amma da bəllidir ki, Ermənistan tərəfi hər vəchlə çalışır ki, bu danışıqlarda nəticə əldə olunmasın.

Digər tərəfdən Qarabağ probleminin həllilə məşğul olan və onun həll olunması vacibliyini vurğulayan bu ölkələrin problemin həlli deyəndə nəyi nəzərdə tutduqları da qaranlıq olaraq qalır. Almaniya nümayəndələri də Qarabağ probleminin həllinin vacibliyini qabardırlar, amma bu zaman nəyi nəzərdə tutduqlarını, həll prosesinin mahiyyətinin nədən ibarət olduğunu heç zaman açıqlamırlar. Həll prosesinin mahiyyətinin qaranlıq qalması da tərəfləri həmişə sakitləşdirir və problemi uzun müddət üçün dondurmuş olur. Problem aydın məsələdir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İşğal olunmuş ərazilər təcili azad olunmalı, ərazi bütövlüyümüz təmin olunmalı, insanlar öz yurdlarına qayıtmalıdır. Bu olmadan nə dayanıqlı, davamlı sülhə nail olmaq mümkün olacaq, nə də regionda iqtisadi inkişafa. Yəni stabillik və möhkəm sülhün əsası işğal olunmuş torpaqlarımızın azad edilməsindən keçir. Qalan məsələləri ATƏT, BMT və digərləri həll edə bilməz, çünki onun həll Azərbaycanla Ermənistanın qarşılıqlı razılaşmasından asılı olan bir haldır. Razılaşmanın özü də ancaq beynəlxalq hüquq çərçivəsində olmalıdır. Beynəlxalq hüquq da bu gün Azərbaycanın tərəfindədir. Azərbaycanın ərazisi işğal olunub, İşğal olunmuş ərazilərimizə çox böyük maddi və ekoloji ziyan dəyib".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Almaniya və Qarabağ məsələsinin həlli ilə maraqlanan digər ölkələri problemin kökünə daha çox diqqət yetirməyə çağırdı: "Azərbaycan atəşkəs elan edilən dövrdən bu rejimə əməl edir, atəşkəsi hər zaman gözləyib. Amma məsələ ondadır ki, problemin əsas səbəbkarı Ermənistan daima olaraq atəşkəs rejimini pozur. Ermənistan hökuməti konfliktin olması, gərginliyin dərinləşməsində maraqlıdır. Çünki ölkəsində gedən dərin sosial-iqtisadi böhran əhalini hakimiyyətə qarşı sərt mövqe tutmağa məcbur edir. Hakimiyyət isə diqqəti ölkə daxili problemlərdən yönəldərək, daha çox iqtidarda qalmağa çalışır. Bu baxımdan da vaxtaşırı cəbhə xəttində Ermənistan tərəfdən provokasiya halları çoxalır.

Hesab edirəm ki, Almaniya, həm də digər ölkələrin nümayəndələri problemin kökünə daha çox diqqət yetirməli, işğalçı Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxmağa vadar, İrəvanı ölkəmizin ərazi bütövlüyünü tanımağa nəcbur etməlidirlər. Belədə isə diplomatik səylər bu günlər az nəticə verir və hər hansı çağırışlar Azərbaycan tərəfdən qəbul edilsə də, Ermənistan tərəfdən bir qayda olaraq qəbul edilmir".



Sizin Reklam Yeriniz