Əlaqə Arxiv
news Image
2016.02.10
08:00
| A A A
Pozulan atəşkəsdən böyük müharibəyə doğru
Üzeyir Cəfərov: “Problem həllini tapmayana qədər atışmalar davam edəcək” Fərrux Məmmədov: “Beynəlxalq hüquqla mütləq razılaşmalısan və qəbul olunan qaydalara əməl etməlisən”

Cəbhədə atəşkəsin pozulması adi hala çevrilib. Artıq atəşkəsin 100 dəfədən aşağı pozulduğu gün olmur. Məsələn, erməni silahlı bölmələri fevralın 8-dən 9-a keçən gecə cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119, ondan əvvəlki gecələr isə müvafiq olaraq 128 və 121 dəfə pozub. Getdikcə iriçaplı silahlardan istifadə halları da artır. Bir sıra beynəlxalq ekspertlər, hətta araşdırma mərkəzləri prosesin böyük toqquşmalara gətirib çıxaracağını proqnozlaşdırır.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirir ki, 1994-cü ildən bu yana atəşkəs daim pozulub: "Hər iki tərəfdən itkilər var. Nə qədər ki, problem beynəlxalq hüquq və normalar çərçivəsində həllini tapmayıb, narahatçılıq davam edəcək. Beynəlxalq qurumlar iğşalçının və işğala məruz olanın kim olduğunu yaxşı bilirlər. Bütün məsələlər BMT-nin 4 qətnaməsi ilə öz təsdiqini tapıb. Ondan sonra bu və ya digər beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

İndi də həmsədrlərin regiona növbəti heç bir mənası olmayan səfəri planlaşdırılır. Bütün bunlar işğalçını bir qədər də şirnikləndirən addımlardır. Çünki, Azərbaycan hələlik məsələnin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Ancaq Ermənistan bütün şanslardan istifadə edir, havadarlarının köməyi ilə ərazilərimizi işğal altında saxlamaqdadır. Yenə də təxribatların şahidiyik. Hətta Qarabağdan çox uzaq Qazax-Tovuz istiqamətində atəşkəsin pozulması halları intensivləşib. Amma hazırkı vəziyyət böyük toqquşmaya gətirməyəcək. Problem həllini tapmayana qədər atışmalar davam edəcək. Halbuki, məsələnin həll olunması hər iki tərəfdən itkilərin sayının azalmasına gətirib çıxara bilər. Bu da çətin görünür. Çünki, Ermənistan hər dəfə danışıqlarını prosesində imitasiya edir. Bununla da vaxt qazanır. Sonuncu dəfə prezidentlərin görüşündə bir daha şahid olduq ki, bu görüşlər Ermənistana və ATƏT-ə sadəcə, hesabat üçün lazımdır. Ortada isə 20 ildən artıq işğal faktı var. Beynəlxalq qurumlarla Ermənistanın iş birliyi məsələnin həllinin uzadılmasına hesablanıb. Vəziyyətin gərginləşməsi həmsədrlərlə, Ermənistana sərf edir".

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bildirir ki, cəbhədə atəşkəsin pozulmasının əsas səbəbi Rusiya aqressiyasının böyüməsidir: "Cəbhədəki mesaj bizimlə yanaşı, ən çox Avropaya hesablanıb. Rusiya dərin siyasi çirkab içərisində batıb qalmış bir ölkədir. Avropa və Amerikadan təcrid olunan, ərəb ölkələrində nüfuzunu itirən, Türkiyə ilə münasibətləri soyuyan,Yaponiya ilə demək olar heç bir iqtisadi bağı qalmayan bir ölkənin bu addımları onun batdığının əyani sübutudur. Bir dövlətin bu qədər aqressiyası ondan irəli gəlir ki, o, qlobal gücdən regional gücə düşməsini qəbul edə bilmir.

Bu gün Rusiya regional gücdür. Hətta bu günlərdə ən yaxın müttəfiqi sayılan Çin bankları belə Rusiyaya qarşı sanksiyalarda iştirak etdilər. Bu, onun göstəricisidir ki, beynəlxalq hüquqla mütləq razılaşmalısan və qəbul olunan qaydalara əməl etməlisən". Fərrux Məmmədov düşünür ki, cəbhədə atəşkəsin intensivləşməsinin digər səbəbi isə ərəb ölkələrinin Türkiyə ilə bərabər Suriyaya qoşun yeritmək istəməsidir: "Bu reallaşarsa, Rusiya tezliklə Yaxın Şərqdə son qalası olan Suriyanı itirmək mövqeyi ilə üzləşəcək. Bu isə o deməkdir ki, Rusiya ərəb coğrafiyasında var olmayacaq. Bütün bunlar cəbhədə gərginliyi artırır. Provokativ hücum xarakterli manevrlər ola bilər. Bu aylar çox həssas dönəmdir".



Sizin Reklam Yeriniz