Əlaqə Arxiv
news Image
2016.02.11
09:00
| A A A
Dünya cəbhədə artan gərginlikdən əndişələnməyə başladı
“Qarabağ probleminin həlli ilə məşğul olan tərəflər, regionda marağı olan qüvvələr hazırda problemin gərginləşməsində qətiyyən maraqlı deyillər” Elşən Mustafayev: “Rusiya və Qərb koalisiyası hər hansı bir razılaşmaya gedərlərsə, bunun Qarabağ konfliktinə də müsbət təsiri ola bilər”

ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper Konqresdə çıxışı zamanı bildirib ki, 2016-cı ildə Qarabağ münaqişəsinin gərginləşmə potensialı artacaq. Qeyd edək ki, 2014-2015-ci illərdə Qarabağ konflikti ətrafında gərginlik əvvəlki illərlə müqayisədə artıb. Bundan öncəki illərdə cəbhə bölgəsində yaşanan gərginliklər zamanı ancaq kiçik çaplı silahlardan istifadə olunurdusa, son iki ildə, xüsusən də keçən il ərzində yaşanan gərginlik fonunda lokal toqquşmaların da şahidi olduq. Eyni zamanda, münaqişənin həlli istiqamətində diplomatik cəbhədə aparılan danışıqlar da bu illər ərzində hər hansı bir səmərə vermədi. Onu da qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik potensialının artdığını digər xarici ekspertlər də bir neçə dəfə vurğulayıblar. Onlar da öz hesabatlarında sözügedən konfliktin getdikcə daha kəskin xarakter ala biləcəyini istisna etmirlər.

İndi də belə bir fikri ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper Konqresdə çıxışı zamanı dilə gətirib.

Görəsən, bu hal nədən qaynaqlanır və münaqişə ətrafında yenidən müharibənin alovlanması mümkündürmü?

Politoloq Mais Gülalıyevin fikrincə, münaqişə ətrafında cərəyan edən proseslərin müharibəyə küçəcəyi inandırıcı deyil: "Doğrusu, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepperin Konqresdə Qarabağ münaqişəsi ətrafında səsləndirdiyi fikirlərlə tanış deyiləm. Ancaq bütün hallarda fikrimcə, Dağlıq Qarabağ probleminin yaxın perspektivdə kəskinləşməsi gözlənilmir. Çünki, Qarabağ probleminin həlli ilə məşğul olan tərəflər, regionda marağı olan qüvvələr hazırda problemin gərginləşməsində qətiyyən maraqlı deyillər. Nə Vaşinqton, nə də Moskva indilikdə bunda maraqlı görünmürlər. Bu mənada Milli Kəşfiyyat İdarəsi rəhbəri həmin bəyanatı səsləndirərkən nəyə əsaslandığını özü bilər. Ancaq yaxın perspektivdə konflikt ətrafında kəskinləşmə gözlənilmir. Münaqişə tərəfləri müəyyən müddət ərzində atəşkəsi poza bilərlər. Bu mümkündür və onsuz da görürük ki, az qala hər gün baş verir. Atışmaların, müəyyən itkilərin olması da mümkündür. Ancaq bu prosesin müharibəyə keçəcəyi gözlənilmir".

Politoloq Elşən Mustafayev isə qeyd etdi ki, nəhəng dövlətlər arasındakı münasibətlərdən asılı olaraq Qarabağ bölgəsində də müharibənin alovlanması mümkündür: "ABŞ Milli Kəşfiyyat İdarəsi rəhbəri Ceyms Klepperin Konqresdə çıxışı zamanı 2016-cı ildə Qarabağ münaqişəsinin gərginləşmə potensialının artacağını deməsi elə də təəccüblü bəyanat deyil ki, bizi də təəccübləndirsin. Sözsüz ki, Azərbaycanda bu prosesləri izləyən normal siyasi ekspertlər də həmin fikirləri söyləyə bilərdi.

Regionda baş verən proseslər fonunda Dağlıq Qarabağ məsələsinin kəskinləşməsi müşahidə edilə bilər. Burada söhbət Rusiya faktorundan gedir. Yəni, artıq şərtlərin müəyyənləşdirilməsi prosesinə start verilib. Bu günlərdə Qərb Rusiya qarşıdurmasında hələlik Azərbaycanın neytral mövqe tutduğu görünür. Amma bu, ilk növbədə Rusiyanın özünü qane etmir. Təbii ki, Qərbi də ölkəmizin belə mövqeyi qane etmir, amma daha çox Rusiya bundan əndişələnir. Prosesdə Azərbaycana təzyiq vasitəsi olaraq Rusiyanın əlində olan yeganə kart Qarabağ kartıdır.

Heç şübhəsiz cari il keçən illə müqayisədə Yaxın Şərq regionu üçün daha gərgin keçəcək. Azərbayan da bu regionun tərkib hissəsi olduğundan orada baş verən kataklizmlərin ölkəmizə də təsiri olacaq. Rusiya və Qərb koalisiyası hər hansı bir razılaşmaya gedərlərsə, bunun Qarabağ konfliktinə də müsbət təsiri ola bilər".



Sizin Reklam Yeriniz