Əlaqə Arxiv
news Image
2016.02.12
09:30
| A A A
Qarabağ münaqişəsinin həllində Almaniya yeni vasitəçi ola bilər…
Fikrət Sadıxov: “Rəsmi Berlin ən azından BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin yerinə yetirilməsinə nail olmaq istiqamətində ciddi addımlar ata bilər” Rasim Ağayev: “Almaniya həqiqətən elə bir dövlətdir ki, onun rolu Dağlıq Qarabağ probleminin həllinə, regionumuzdakı problemlərin aradan qaldırılmasına lazımı qədər təsir göstərə bilər”

Rəsmi Bakı Almaniyanın bu il ATƏT sədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynayacağına ümid etdiyini bildirib. Rəsmi Berlin də ATƏT-ə sədr gəlməsi ərəfəsində bu istiqamətdə müəyyən addımlar ata biləcəyini bəyan edib.

Qeyd edək ki, uzun müddətdir yerli və xarici mətbuatda Almaniyanın da münaqişənin tənzimlənməsi prosesində iştirakının vacib olduğu barədə fikirlər yer alıb. Belə ki, tənzimlənmə prosesinə Avropa İttifaqının cəlb edilməsi məsələsi gündəmə gətirilən andan bu funksiyanı Berlinin oynaya biləcəyi iddia edilib. Hazırda ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin üçü də ermənipərəst dövlətlər kimi tanınır. Belə ki, Moskva ilə İrəvan strateji müttəfiqdirlər, Rusiya bu işğalçı ölkəyə hərtərəfli dəstək olur. Fransa və ABŞ-da isə erməni lobbisinin güclü təsirləri vardır. Bu mənada Almaniya daha çox bitərəf kimi görünə bilən bir ölkədir. Digər tərəfdən, İkinci Dünya Müharibəsindəki məğlubiyyətdən və bu əsasda da ayrı-ayrı beynəlxalq problemlərin çözülməsində müəyyən rola sahib olmaqdan məhrum edilən Berlin hökuməti hazırda çalışır ki, özləri haqqında formalaşan belə bir steoreotipi aradan qaldırmağa nail ola bilsinlər. Bu mənada indiki situasiyada Almaniya özü barədə ədalətli beynəlxalq arbitr imici formalaşdırmaq üçün yəqin ki, Qarabağ münaqişəsinin həllinə digərlərilə müqayisədə daha ciddi töhfə verməyə çalışacaq.

Amma maraqlıdır, bu istiqamətdə Almaniya nə kimi işlər görə bilər?

Politoloq Fikrət Sadıxovun fikrincə, rəsmi Berlin ən azından BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin yerinə yetirilməsinə nail olmaq istiqamətində ciddi addımlar ata bilər: "Əslində, belə baxsaq, Avropa Birliyinin nümayəndəsi Minsk qrupunda təmsil olunub, bu Fransadır. Amma son illər ərzində Almaniya da Dağlıq Qarabağ probleminin həllində hər halda bir neçə dəfə Azərbaycanın maraqlarına cavab verən bəyanatlar verib. Bu fonda düşünürəm ki, Almaniya həmin məsələdə daha müstəqil, reallığı nəzərə alan maraqlar çərçivəsində hərəkət edir. Onu da nəzərə alaq ki, Berlinin Ankara ilə münasibətləri də kifayət qədər yumşaqdır. Bu barədə kansler Angela Merkelin Türkiyəyə səfərini, onların miqrantlarla bağlı əldə etdikləri razılıqları da yada sala bilərik. Bu günlərdə Türkiyə baş naziri Əhməd Davudoğlu da Almaniyaya gedərək Merkellə görüşüb. Bu görüşlərdə düşünürəm ki, Qarabağ məsələsi də onlar arasında müzakirə predmeti olub.

Hər halda Almaniya Avropa Birliyinin aparıcı oyunçusu kimi problemin həlli istiqamətində ciddi addımlar ata bilər. Heç olmasa, vaxtilə BMT Təhlükəsizlik Şurasında qəbul olunan məlum 4 qətnamənin, eyni zamanda Avropa Şurasının Azərbaycanın xeyrinə çıxardığı qətnamənin yerinə yetirilməsi istiqamətində əsaslı töhfələr verə bilər".

Politoloq Rasim Ağayev isə Almaniyanın münaqişənin həlli prosesinə real töhfə verəcəyinə inanmadığını bildirdi: "Məsələyə nəzəri baxımdan yanaşaq, əslində, Almaniya həqiqətən elə bir dövlətdir ki, onun rolu Dağlıq Qarabağ probleminin həllinə, regionumuzdakı problemlərin aradan qaldırılmasına lazımı qədər təsir göstərə bilər. Yəni, Almaniya nəinki Dağlıq Qarabağ, Gürcüstan regionundakı problemlərin həllinə də töhfə verə bilər. Amma bilirik ki, hazırkı şəraitdə Almaniya Yaxın Şərq, Əfqanıstan, Afrikadan gələn kütləvi qaçqın ordusu problemilə qarşı-qarşıyadır. Bu məsələdə Almaniyada son zamanlar yaşanan problemlər isə kansler Angela Merkelin avtoritetinin zədələnməsinə gətirib çıxarıb.

Bu fonda onun Qarabağ probleminin həllində fəal iştirak edə biləcəyi bir qədər real görünür. Çünki, Suriya və Afrikadan olan qaçqınların Almaniyaya gəlməsində ictimaiyyətin rəyinə görə, faktiki olaraq, Merkel təcrübəsizlik və bacarıqsızlığını nümayiş etdirdi. Bu fonda fikrimcə, ATƏT-ə sədrlik etdiyi dövrdə Almaniyadan gözlənilən köməyi gözləmək əsassız olardı".

Sizin Reklam Yeriniz