Son günlər bir sıra siyasilər, analitik mərkəzlər 2016-cı il Cənubi Qafqazda müharibə ehtimalının yüksək olması haqqında proqnozlar irəli sürürlər. Belə ki, ABŞ Milli Kəşfiyyatı illik hesabatında 2016-cı ildə Qarabağ münaqişəsinin gərginləşmə potensialını yüksək qiymətləndirib. Eyni zamanda belə bir fikir də var ki, Rusiya-Türkiyə rəqabəti yeni Qarabağ savaşı riskini artırır.
Bundan başqa, Rusiyanın "Qazeta.ru" portalı da maraqlı bir məqama diqqət çəkir: "Dağlıq Qarabağda vəziyyət xeyli gərgindir və Bakı ərazilərini qaytarmaq üçün müharibə variantına əl ata bilər".
"Foreign Affairs" nəşri isə hesab edir ki, Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır. Belə bir sensasiyalı iddia ilə çıxış edən məqalə müəlliflərinə görə, Türkiyə, sadəcə, Birləşmiş Ştatlardan bundan ötrü zəmanət gözləyir: "Hər şeydən əvvəl bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bundan ötrü Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər - hansı ki, artıq belə bir vəziyyət yetişib".
Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlının fikrincə, son zamanlarda bölgəmizin təhlükəsizlik mühiti ilə bağlı analizlər edərkən, mütləq beynəlxalq aləmdə, xüsusən də Yaxın və Orta Şərqdə, Şərqi Avropada, Ukrayna ətrafında cərəyan edən hadisələri diqqətlə izləmək, bu bölgədə siyasi, iqtisadi, təhlükəsizlik maraqları olan böyük dövlətlərin siyasətini və rəsmi dairələrinin verdikləri bəyanatları düzgün oxumaq lazımdır: "Bölgəmizin təhlükəsizliyinin qorunması və yaxud pozulması artıq sadəcə, bölgə dövlətlərindən asılı deyil, kənar faktorlar da önəmlidir. Hələlik bölgəmizin təhlükəsizlik mühitində ciddi qırılma nöqtələri yaşanmasa da, bu, o demək deyil ki, heç bir zaman belə bir hadisə olmayacaq. Əksinə, Yaxın və Orta Şərqdə yaşanan siyasi və təhlükəsizlik böhranı 2-3 il əvvəl bizdən xeyli uzaqda olsa da, son zamanlarda Rusiyanın Suriya böhranına hərbi müdaxiləsi, Rusiya döyüş təyyarəsinin vurulmasından sonra gərginləşən Türkiyə-Rusiya münasibətləri bu prosesi sürətlə bölgəmizə doğru yaxınlaşdırır. Sadəcə, bölgəmiz deyil, ümumən bütün dünya xaosa doğru sürüklənir.
Bir neçə gün bundan
əvvəl "Foreign Affairs" nəşri və ABŞ Milli Kəşfiyyatının direktoru
Ceyms Klepper Konqresdə Birləşmiş Ştatların təhlükəsizliyi üçün
əsas qlobal təhlükələrin qiymətləndirilməsi üzrə illik hesabatında
bildirib ki, Dağlıq Qarabağda iri miqyaslı hərbi əməliyyatlar
başlaya bilər. Burada təəccüblü nə var ki? Bu problemdə marağı olan
böyük dövlətlər 25 ildən çoxdur işğal edən və işğala məruz qalan
dövləti ayırd etməkdə, özlərinin beş daimi üzvü olduğu Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi
qətnamələri həyata keçirməkdə, Minsk qrupunun effektiv fəaliyyətini
təmin etməkdə çətinliklərlə qarşılaşırlarsa və yaxud bunu etmək
istəmirlərsə, Azərbaycan sonsuza qədər torpaqlarının Ermənistanın
işğalı altında qalması ilə əsla razılaşmayacaq. Təhlükəsizlik
Şurasının üzvləri olan dövlətlər sərhədlərindən minlərlə kilometr
uzaqda, hətta başqa qitələrdə cərəyan edən konfliktlərə müdaxilə
edirlərsə, özlərinin mənafelərini qorumaq üçün yeni konfliktlər
ortaya çıxararaq hərbi müdaxilə edirlərsə, Azərbaycan niyə
Ermənistan işğalı altında qalan torpaqlarının hərbi yolla azad
etmək planından imtina etməlidir?
Birincisi, Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasını istəməyən dövlətlər ədalətli olmalıdır. İşğalçı Ermənistana qarşı eynilə Rusiya, İran, Şimali Koreya və digər dövlətlərə qarşı tətbiq etdikləri iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidirlər. Niyə Ermənistana sadəcə, siyasi və iqtisadi dəstək verməklə yetinməyib bu ölkə ilə hətta hərbi əməkdaşlığı belə genişləndirirlər? Bölgə və beynəlxalq aləmdə siyasi və təhlükəsizlik mühitində uyğun şərtlər yetişdiyində Azərbaycan istədiyi an Ermənistanın işğalı altında qalan torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər. Böyük dövlətlər bu zaman Azərbaycana mane olmamalı, əksinə bölgənin təhlükəsizlik problemini həll etməyə çalışdığı üçün dəstək verməlidirlər. Amma bu dövlətlər hələlik reallığı görmür və yaxud görmək istəmir. Bölgənin təhlükəsizlik mühitinin daha kövrək qalmasında siyasi maraqları vardır".
Digər siyasi şərhçi
Elnur Soltan bildirir ki, ABŞ Milli Kəşfiyyatının dünyada mövcud
olan bütün münaqişələr ocaqları haqqında fikir bildirmək
məsuliyyəti var: "Bu kontektsdə deyilib ki, Qarabağda vəziyyət
gərgin olaraq qalır. Amma burada əsas konyuktura məlum olan
məsələdir. Ermənistan təkbaşına torpaqlarımızı işğal altında
saxlamağa davam edə bilməz. Ermənistan təkbaşına qalarsa,
Azərbaycanın hərbi metoddan müəyyən ölçüdə istifadə etməsi
nəticələr verə bilər. Çünki, Ermənistan bu gün hərbi cəhətdən
Azərbaycandan geridə qalır.
Ermənistanın hərbi əməliyyat başlaması üçün bir səbəb yoxdur. Özlərini daha pis vəziyyətə qoya bilərlər. İndiki status-kvo da Azərbaycana sərf etmir. Ona görə də hərbi cəhətdən biz nəsə edə bilərik. Əgər Suriyada proseslər nəzarətdən çıxarsa, Qarabağda bu kontektsdə heç kəsin təxmin edə bilməyəcəyi hadisələr ola bilər. Ancaq böyük etimalla 2016-cı ildə də status-kvo dəyişməyəcək".