Əlaqə Arxiv
news Image
2016.02.17
09:00
| A A A
İqtidar-müxalifət dialoqu yenidən başlanır?!

İqtidarla müxalifət arasında ötən il baş tutan dialoqlar cəmiyyətdə müsbət qarşılanıb. Bu dialoqlar nəticəsində cəmiyyətin aparıcı siyasi qüvvləri arasında bir konsolidasiya da yaranıb. Bu mənada maraqlıdır, siyasi qüvvələr arasında dialoqun cari il ərzində də davam etdirilməsinə ehtiyac varmı? Buna ehtiyac varsa, hansı məqamlar üzrə tərəflərin təması zəruridir?

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa dialoqa ehtiyac olduğunu bildirdi: "Keçən ilin dekabrın sonlarında devalvasiya prosesindən sonra təklifimiz oldu ki, iqtidarla müxalifət arasında dialoq yenidən başlamalı və müxtəlif məsələlər müzakirə olunmalıdır. Ölkədə iqtisadi böhranla bağlı olaraq siyasi partiyalarla hakimiyyət arasında belə bir dialoqun olmasına ehtiyac yaranıb. Lakin hələlik hakimiyyətdən bu məsələyə cavab verilməyib. Belə bir dialoq olsaydı, düşünürəm ki, cəmiyyətin, dövlətimizin maraqları baxımından daha yaxşı olardı. Ən azı insanlar ölkədə ümumi sabitliyin qorunması, siyasi partiyaların məsələləri dialoq müstəvisində müzakirə etməsi baxımından faydalı olardı. Ümid edirəm ki, sözügedən istiqamətdə bu ərəfədə addımlar atıla bilər. Mart ayında həm də əfv prosesi gözlənilir. Ən azından siyasi qüvvələrlə bu məsələlərin müzakirəsi faydalı olardı".

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə də iqtidar müxalifət dialoqunun davam etdirilməsinə müsbət yanaşdı: "Cərəyan edən istənilən proseslərlə bağlı, Azərbaycana qarşı olan təcavüz, ümumxalq müharibəsinin müzakirəsi və sair bu kimi çoxsaylı məsələlərin müzakirəsi mümkündür. Hər zaman belə diskussiyaların keçirilməsi fikrimcə, faydalı olardı".

ASDP sədri, millət vəkili Araz Əlizadə isə dialoqda əhalinin kreditlərilə bağlı məsələnin müzakirəsinin daha vacib olduğunu düşünür: "İnsanların bir-birilə görüşməsinin həmişə tərəfdarı olmuşam. Nə qədər çox görüşsək, nə qədər çox danışsaq, bir o qədər yaxşı nəticələr əldə edə bilərik. Heç olmasa, azından kimin nə düşündüyü və nə dediyini bilərik.

Müxalifətlə iqtidar arasında dialoq olarsa, heç şübhəsiz, danışılası mövzu da tapılar. Bizim üçün bu günün aktual məsələsi kreditlər məsələsidir. Ancaq düşünmürəm ki, bu iqtidar-müxalifət məsələsidir".

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev isə bildirdi ki, ümumiyyətlə, dialoqlara həmişə ehtiyac vardır: "Dialoq bütün münasibətlərin daha da normal olmasına yönələn bir addımdır. Xatırlayırsınızsa, dialoq təklifi həmişə iqtidar nümayəndələrindən gəlib. Əslində, Azərbaycan iqtidarının bu gün müxalifətlə nəyisə müzakirə etməsinə ehtiyac yoxdur. Çünki, bu gün hakimiyyəti təmsil edən partiya müxalifətin ən azından min misli gücündədir. Heç zaman müxalifətdən hər hansı çəkinmə, qorxu olmayıb ki, onlarla bir qədər həssas olaq. Sadəcə, iqtidarın dialoqa meylli olması hakimiyyətin humanizmliyindən, insani münasibətlərdən, siyasi sistemin özünə olan hörmətindən irəli gələn bir addım olub. Amma təəssüf ki, bunu da radikal müxalifəti təmsil edən insanlar həmişə şişirdib, burada da nəsə mənfi çalarlar axtarmağa, öz mənfur havalarını qatmağa çalışıblar. Ələxsus da söhbət AXCP və onun rəhbəri Əli Kərimlidən gedir. Həmişə bir bəhanə, məsələyə kölgə salmaqla dialoqdan onun kimiləri qaçmağa, yayınmağa çalışıb. Amma müxalifət deyilərkən bir tək AXCP və ona bənzər qrupları nəzərdə tutmuruq.

Azərbaycanda konstruktiv, dövlətçiliyi dəstəkləyən, milli maraqları hər şeydən üstün tutan müxalifət də var. Amma dialoq təklifi hamıya aiddir, kim istəyirsə gəlib, bu müzakirələrə qoşulur. Hesab edirəm ki, dialoq olmalıdır. Dialoq bütün cəmiyyətlərdə öz müsbət təsirini göstərdiyi kimi, ölkəmizdə də göstərməlidir. Dialoqlar ictimaiyyət tərəfindən də normal qarşılanır, onların istədiyi də budur. Bizim bir tək siyasi mübarizəmiz yoxdur ki, bizim ancaq ümumi maraqlarımız var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edərkən burada qaçıb Avropada gizlənən radikal müxalifət üzvlərinin hətta dövlət maraqları, Qarabağ məsələsi olan yerdə də öz şəxsi maraqlarını güddüklərinin şahidi oldum. Onlar Ermənistanın əleyhinə olan qətnamə qəbul olunmayanda sanki sevinirdilər. Bu məsələyə xüsusi diqqət etmək gərəkdir. Ermənilər qeyri dövlətlərdə müxalifət və ya iqtidar olmasından asılı olmayaraq, ümummilli məsələlərdə birləşdikləri kimi, Azərbaycan müxalifəti də bunu bacarmalıdır. Bir qədər kənara da baxmaq lazımdır. Bu dialoqlar vacibdir, olmalıdır. Azərbaycan iqtidarı həmişə opponentlərilə normal münasibətlərin yaradılması tərəfdarı olub. Yəni, ən əsası odur ki, siyasi qüvvələr arasında düşmənçilik olmasın. Bütün hallarda müxalifət və iqtidar təmsilçiləri də Azərbaycan vətəndaşlarıdır, bu torpağın övladlarıdır. Azərbaycan iqtidarının çalışdığı başlıca məsələ budur ki, sivil münasibətlər formalaşsın.

İkincisi, milli maraqlarda zərbəni bir yerə vurmağı bacarmalıyıq. Xüsusən də, bu günün ən böyük problemi olan Qarabağ məsələsində. Hazırda dünya qarışıb. Bir tərəfdən Rusiya, o biri tərəfdən də Amerika bölgəyə təsir göstərməyə çalışır. Ən azından beynəlxalq siyasət məsələsində Azərbaycana yönələn qəsdlərə qarşı birgə mübarizə aparılması vacibdir. Bu 3 məsələdə iqtidarla müxalifətin bir yerdə dil tapmasını arzulayardım".



Sizin Reklam Yeriniz