Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçiriləcək parlament seçkilərində ATƏT/DTİHB-nin növbəti 28 müşahidəçisini qeydiyyata alıb.
Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, MSK üzvü Tatyana Oxlopkova indiyədək DTİHB-nin ümumilikdə 40 müşahidəçisinin qeydiyyata alındığını deyib: "Onlar Avstriya, Almaniya, Gürcüstan, Danimarka, İrlandiya, Moldova, Niderland daxil olmaqda 19 ölkəni təmsil edirlər".
T. Oxlopkovanın sözlərinə görə, ən çox müşahidəçi sayı Rusiya (6), Almaniya (5), ABŞ (4) və Böyük Britaniyanın (4) payına düşür.
Qazaxıstanda müşahidəçilərin və xarici KİV-in akkreditasiyası martın 14-dək davam edəcək.
Qeyd edək ki, daha əvvəl T. Oxlopkova Qazaxıstanda keçiriləcək seçkilərə 112 ölkədən müşahidəçi gələcəyini bildirmişdi.
Xatırladaq ki, növbədənkənar parlament seçkiləri prezidentin fərmanı ilə martın 20-nə təyin edilib. Seçkilərdə respublikada rəsmi qeydiyyatda olan 7 partiyadan 6-sı iştirak edəcək.
Təşviqat kampaniyasına fevralın 20-dən başlanılacaq.