Əlaqə Arxiv
news Image
2012.11.23
11:27
| A A A
“Ayrı-seçkilik ola bilməz”

Yeni Azərbaycan Partiyası sədrinin müavini, deputat Əli Əhmədov "Media forum" saytına açıqlamasında deyib ki, yeni yaradılan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi haqda geniş məlumatı yoxdur. Bununla belə, Əli Əhmədov ölkədə etnik zəmində fəaliyyət göstərəcək təşkilatlara ehtiyac olmadığını da vurğulayıb: "Çünki Azərbaycan demokratik bir cəmiyyət olaraq bütün vətəndaşları birləşdirən, onların maraq və mənafelərini qoruyan bir ölkədir. Ona görə də hər hansı separatçı meylin olması bütövlükdə Azərbaycanın qanunlarına, ölkənin bütövlüyünə, maraqlarına hörmətsizlikdir. Azərbaycanda hər hansı separatçı meyl əsasında təşkilatların, birləşmələrin yaranması mümkün deyil. Əgər kimlərsə buna cəhd edirsə, biz bunu qətiyyətlə pisləyirik.

Azərbaycanda etnik prinsiplər, amillər əsasında hansısa birliyin yaranması üçün heç bir əsas yoxdur. Dövlətimiz bütün vətəndaşların maraqlarını bərabər şəkildə qoruyur. Əgər haradasa sosial xarakterli bir problem varsa, hökumət bunların həll olunması üçün böyük layihələr həyata keçirir, problemlər planlı şəkildə aradan qaldırılır.

İkincisi, haradasa hansısa sosial problem varsa, bu heç bir halda etnik xarakter daşımır. Bunlar sosial problemlər kimi qəbul olunmalıdır. Cəmiyyət də bunu belə qəbul edir. Kimlərsə bu kimi problemləri şişirdərək ona etnik don geyindirməyə, cəmiyyətin birliyinə, milli həmrəyliyinə zərbə vurmağa çalışarsa, Azərbaycan cəmiyyəti belə zərbələrə, zərərli meyllərə qarşı mübarizə aparmağa hazırdır".

Əli Əhmədov bildirib ki, Azərbaycanda etnik zəmində hər hansı ayrı-seçkilik ola bilməz, bu, mümkün deyil: "Nə Azərbaycan qanunvericiliyi belə bir ayrı-seçkiliyin olmasını mümkün edir, nə də ölkədə qərarlaşan azərbaycançılıq məfkurəsi hər hansı ayrı-seçkiliyin olmasına imkan yaradır".

Sizin Reklam Yeriniz