"Avropa İnsan Hüquqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib".Bunu Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" adlı tədbirdə deyib. PA rəsmisi bildirib ki, Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir: "Avropa Məhkəməsi ildən artıqdır ki, öz torpaqlarında erməni quldurları tərəfindən qanunsuz girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxmır və işə baxmaqdan imtina edib. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi tərəfindən 2014-cü ildə Avropa Məhkəməsinə müraciət edilib. Onların müraciətində Avropa Konvensiyasının əlavə protokolunun 11 maddəsinin pozulduğu iddia edilib və burada kifayət qədər tutarlı sübutlar əks olunub. Müraciətdə isə Avropa Məhkəməsində baxılması üçün presedent yaradan faktlara istinad edilib. Ancaq Avropa Məhkəməsi həmin müraciətə presedent qaydada baxmaqdan imtina edib. Bu da Avropa Məhkəməsinin qeyri-obyektivliyini göstərir". C.Əsgərov onu da əlavə edib ki, məsələ ilə bağlı Azərbaycan hökuməti Avropa Məhkəməsinə müraciət etsə də, bu günə kimi münasib cavab ala bilməyib. Digər siyasilər də Avropa Məhkəməsinin ikili siyasət yürütməkdə ittiham edirlər."Zaman-zaman baş verən proseslər onu göstərir ki, demokratik dəyər bildiyimiz məkanlar, üz tutduğumuz qapılarda əyləşənlər siyasi güclərin maraqları çərçivəsində fəaliyyət göstərirlər" Bunu Avropa İnsan Hüquqları Məhkəməsinin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətə baxmaqdan imtina etməsini şərh edərkən "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyin sədri, siyasi ekspert Emil Hüseynli deyib. E.Hüseynli bildirib ki, Avropa Məhkəməsi kimi ali hüquqi qurum ikili standartlardan çıxış edirsə, demək, artıq hüquq siyasətin girovuna çevrilib: "Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilməkdədir. Belə olmasaydı, Avropa Məhkəməsi Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi tərəfindən 2014-cü ildən edilən müraciətə cavab verərdi. Avropa Məhkəməsi ən azından hüquqi prosedur çərçivəsində işə baxmağa borcludur".Ekspert qeyd edib ki, anoloji hadisəyə görə, Ermənistan tərəfindən Avropa Məhkəməsinə müraciət olunsaydı, başqa mənzərənin şahidinə çevrilərdik: "Bu gün dünyada gedən proseslər, terrorizm, yeni münaqişə ocaqlarının yaranmasının əsas səbəblərindən biri də ikili standart yanaşmalarıdır. Avropa Məhkəməsi hər hansı insanın taleyinə belə biganə yanaşırsa, demək, bu qurumun çıxardığı qərarların obyektivliyi şübhə altında olur".Yurddaş Partiyasının sədri Mais Səfərli bildirir ki, bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasının əyani sübutudur: "Bu, Avropada Azərbaycana qarşı ikili standartın mövcudluğundan xəbər verir. Belə vəziyyət Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi strukturdan siyasi struktura transformasiya olunduğunun göstəricisidir. Məhkəmə qanunların aliliyini təmin etməli, qanunlardan irəli gələn müddəaları yerinə yetirməlidir. Siyasətlə məşğul olmalı deyil. Həmin şəxslər öz ata yurdlarına, valideynlərinin qəbrlərinə ziyarətə gediblər. Amma torpaqlarımızı zəbt etmiş erməni terrorçuları qannusuz olaraq onları həbs edib, hətta bir nəfəri də öldürüblər. Buna görə, ermənilər cəzalandırılmalıdır. Qanunla vətəndaşlarımız həbsdə qalmamalıdır. Ancaq Avropa İnsan Hüquqları Məhkəməsinin reaksiya verməməsi onu göstərir ki, BMT və onun strukturları, Avropanın digər beynəlxalq təşkilatları artıq bu vəziyyətdə fəaliyyətlərini davam etdirə bilməzlər. Zaman-zaman açıqca qərəzli mövqe nümayiş etdirirlər. Böyük güclərin diqtəsi ilə işləyirlər. Öz funksiyalarını yerinə yetirmirlər. Bu halda müsəlman ölkələrindən təşəbbüs gəlməlidir. Dünyada müsəlman ölkələrinin sayı, həm də maliyyə gücləri çoxdur. Məhz həmin beynəlxalq təşkilatların fəaliyyətsizliyinin, ikili standartlarından əziyyət çəkən müsəlman ölkələridir. Ona görə müsəlman ölkələri yeni dünya düzəninin yaranması üçün yeni beynəlxalq təşkilatların yaradılması təşəbbüsü ilə çıxış etməlidirlər. Əks-təqdirdə xristian dünyasının təsiri altında olan bu təşkilatlar bizlərə çox böyük zərbə vuracaqlar".