Türkiyədə son günlər baş verən terror hadisələri göstərdi ki, bu təhdid mənbəyinin miqyası genişlənir. Son bir neçə ayda Türkiyədə terror hadisələrinin sayı xeyli dərəcədə artıb. Bu kimi hadisələr Avropanı da bürüyüb. Fransa hələ də Parisdə baş verən terror olayından tam olaraq özünə gələ bilməyib. Bundan başqa Rusiyanın özü Misirdə baş verən təyyarə olaylı ilə terrorla üzləşdi.
Azərbaycan uzun illərdir ki, erməni terroru ilə qarşı-qarşıyadır. Erməni terrorçuları torpaqlarımızın 20 faizini işğal edib və bu zaman soydaşlarımıza qarşı çoxsaylı terror aktları həyata keçiriblər. Yəni, hadisələrin gedişi onu deməyə əsas verir ki, terror hadisələri geniş vüsət almağa başlayıb. Dünya ölkələrinin böyük əksəriyyəti bu dəhşətli hadisələrlə üz-üzədir. Belə bir vəziyyətdə gözlənilirdi ki, özləri də terrora məruz qalan və sözdə onun kökünü kəsməyin vacib olduğunu dilə gətirən böyük dövlətlər bu bəlaya qarşı bütün vasitələrdən istifadə edərək birgə mübarizə aparacaqlar. Amma reallıqda bunun tamamilə əksini görürük. Bunu Suriya hadisələrində aydın şəkildə sezmək mümkündür. Belə ki, İŞİD-i çoxsaylı ölkələr terror təşkilatı kimi tanısalar da, ona qarşı mübarizədə vahid birlik yoxdur. Eləcə də Ermənistan adlı dövlətin siyasətinin əsasında da terror dayanır. Bu çırtdan ölkə dövlət səviyyəsində Azərbaycana qarşı terror siyasəti yürüdür. Lakin onun da qarşısını almaq, terroru cilovlamaq üçün böyük dövlətlər lazımı addımlar atmırlar.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, terrora qarşı mübarizənin korrdinasiya edilməməsi, ona böyük dövlətlərin ümimi deyil, öz maraqları çərçivəsindən baxmalarının nəticəsidir ki, dünyada bu bəla genişlənir: "Terror müasir dünyamızın ən böyük bəlasıdır. Terror artıq inkişaf etmiş ölkələrin əksəriyyətini belə bürüyüb. Bir vaxtlar Ermənistan Azərbaycanda böyük terror hadisələri törədirdi. Buna da sadəcə olaraq, iki dövlətin münaqişəsi kimi baxan dövlətlərin özündə artıq gündəlik terror təhlükələri yaşanır.
Beynəlxalq təşkilatlar səviyyəsində, ayrı-ayrı görüşlər fonunda ona qarşı mübarizənin vacibliyi vurğulanıb və vurğulanır. Ancaq ona qarşı səmərəli mübarizə hələ ki, görünmür. Bunun da birinci səbəbi terrora qarşı mübarizənin korrdinasiya edilməməsindən irəli gəlir. Hələ də dövlətlərin xüsusi milli maraqları ümimi maraqlara üstün gəlir. Məsələn, Suriyada bütün böyük dövlətlər münaqişəyə cəlb edilsələr də, fəaliyyətin korrdinasiya edilməməsi fonunda İŞİD kimi təhlükənin qarşısında fəaliyyətsiz görünürlər. Türkiyənin vaxtaşırı üzləşdiyi terror hadisəsinin özünə də münasibət birmənalı olmur.
Terrora ilk növbədə siyasi maraqlar baxımından baxış hələ də gündəmdə qalmaqdadır. Hesab edirəm ki, terrorun yaşamasına səbəb olan amillər də məhz bu situasiyadan qaynaqlanır. Ermənistan məsələsinə gəldikdə isə, ona qarşı bəzi böyük dövlətlərin dost münasibəti, bəzilərinin də situasiyaya sadəcə olaraq, regional münaqişə kimi baxması İrəvan rejiminin bütün beynəlxalq hüquq normalarını pozmasına, özünü cəzasız hiss etməsinə gətirib çıxarır. Amma bununla belə problem özünün həllini tələb edir. İlk növbədə o baxımdan problem həll edilmədikcə, terror təhlükəsi gələcəkdə artıq inkişaf etmiş dövlətlər içərisində də özünə münbit şərait tapacaq".
Siyasi icmalçı Azər Həsrət də qeyd etdi ki, böyük dövlətlərin özləri belə terrordan bir vasitə olaraq yararlandıqlarından, ona qarşı mübarizəni də öz maraqları prizmasından yanaşmaqla dolayısı ilə aparırlar: "Əslində, böyük dövlətlər terrora qarşı mübarizə aparmırlar deməkdənsə, deyərdim ki, terroru dəstəkləyir və ondan bir vasitə kimi istifadə edirlər. Türkiyədə baş verən hadisə bir daha göstərdi ki, terroru törədənlər sadəcə olaraq, aldadılmış, beyinləri yuyulmuş adamlardır. Gənc bir adam qaçqın olaraq Suriyadan Türkiyəyə daxil olub, guya burada sığınacaq almaq istəyib. Amma görürük ki, ona guya həmin terror hadisəsini törətməklə cənnətə düşəcəyi təlqin edilib. Təbii ki, bütün bunların arxasında böyük dövlətlər, xüsusən də Türkiyəyə, türk dünyasına qarşı düşmən münasibətilə seçilənlər durur.
Türkiyənin çökdürülməsi istiqamətində çalışan dövlətlər bütün dünyaya bəllidir. Faktiki olaraq, Türkiyənin Yaxın Şərqdəki mövqelərinin zəiflədilməsi bir dövlət olaraq onun arxa plana keçirilməsi üçün atılır. Təbii ki, terror təkcə Türkiyənin problemi deyil. Dünyanın hər tərəfində bu kimi hadisələr baş verir. O cümlədən erməni terroru da özünün məşhurluğu ilə seçilir. Ermənilərin son 25 ildə Azərbaycanda törətdikləri terror hadisələri hər halda hər kəsin yaddaşındadır. Amma bu həmin erməni terror təşkilatlarının fəaliyyətinin heç də hamısı demək deyil. Ermənilər terror fəaliyyətinə hələ XIX əsrin sonlarından Osmanlı ərazisində başlayıblar. Sonrakı illərdə də bunu Azərbaycan Xalq Cümhuriyyətinə qarşı həyata keçirmək istiqamətində bulunublar. 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı bu terror əməlləri törədilib. Növbəti mərhələdə isə ASALA kmi erməni terror təşkilatı Türkiyənin xaricdəki diplomatlarına qarşı terror əməlləri təşkil ediblər. Hətta Fransanın hava limanına da hücum təşkil etmişdilər. Bunu da onunla əlaqələndirmişdilər ki, guya qondarma "erməni soyqırımı"nı dünyaya tanıtdırmaq istəyirlər. Təbii ki, terrora əl atan ermənilər də bir vasitədir. Əslinə qalanda, yenə də burada söhbət türklərə, türk dünyasına qarşı müəyyən dairələrin apardığı fəaliyyətdən gedir. Ermənilərdən, PKK-dan məhz türk dünyasına qarşı istifadə edilir. Terrorun vətəni, milliyəti olmur.
Sadəcə olaraq, bu adamlar istənilən dairələr tərəfindən istifadə olunmağa hazır adamlardır. Həmin dairələr də Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibəti olan dairələrdir ki, belə hadisələri davamlı olaraq törədirlər".