Əlaqə Arxiv
news Image
2016.02.23
08:01
| A A A
MDB ölkələri İŞİD-in hədəfində
Elşən Manafov: “Burada həqiqətə söykənən məqamlar var” Qabil Hüseynli: “Rusiya prezidentinin söylədiyinin digər MDB ölkələrinə, o cümlədən Azərbaycana heç bir aidiyyatı yoxdur”

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriyadakı yaraqlılar MDB ölkələrinə hücum etməyi planlaşdırırlar.

Qeyd edək ki, İŞİD terror təşkilatı yaranan ilk dövrlərdən xilafət yaradacağını bəyan edib ki, onun qurmaq istədiyi bu dövlətin tərkibində MDB məkanındakı bəzi dövlətlərin adı keçir. Digər tərəfdən, hazırda Rusiya Suriyada İŞİD-lə mübarizə adı altında hərbi əməliyyatlar həyata keçirir. Bu fonda İŞİD terrorçuları da dəfələrlə Rusiyada terror həyata keçirmək niyyətlərini gizlətməyib. Belə bir məqamda Putin Suriyadakı yaraqlıların MDB ölkələrinə hücum edəcəyini bəyan edib. Görəsən, bu nə dərəcədə mümkündür? Mümkündürsə, MDB ölkələrinə, o cümlədən Azərbaycana təhdid yarana bilərmi?

Politoloq Elşən Manafov Putinin Suriyadakı İŞİD terrorçularının MDB ölkələrinə hücum etmək planlarının olduğu barədə söylədiklərinin həqiqət olduğunu bildirdi: "Burada həqiqətə söykənən məqamlar var. Çünki dünyanın ən böyük terrorçu təşkilatı olan İŞİD zamanında dəfələrlə bəyan edib ki, xilafət yaratmaq istəyir. Onların yaratmaq niyyətində olduğu xilafətin ərazisinə Cənubi Qafqaz, o cümlədən Rusiyaya aid Şimali Qafqaz da daxil edilib. Bu baxımdan İŞİD-in istər Cənubi Qafqazda, istərsə də Rusiyanın ərazisinə daxil olan Şimali Qafqazda terror aksiyalarını həyata keçirə biləcəyilə bağlı məqamlar istisna edilməməlidir. Təbii ki, İŞİD xilafət yaradacağını bəyan etməklə, deməli, MDB məkanında olan ayrı-ayrı dövlətlərin siyasi sisteminin dəyişdirilməsini, beynəlxalq birliyin subyekti olan bu dövlətlərin məhvini nəzərdə tutur. Təbii ki, Putinin səsləndirdiyi həmin fikirlərdə MDB məkanındakı siyasi elitaların Suriya probleminin çözülməsində Rusiya ilə əməkdaşlığa dəvət olunması ilə bağlı məqamlar da var. Ona görə də Putin belə bir mövqedən çıxış edir.

Artıq bir neçə aydır ki, Rusiya Suriyada aktiv hərbi hava zərbələrini həyata keçirir. Beynəlxalq birlik bu hava hücumlarına fərqli münasibət sərgiləsə də, Rusiyanı Suriyadan çıxara bilmir. Düşünürəm ki, bir tərəfdən Putin ölkəsinin Suriyada həyata keçirdiyi aksiyaların ümumi baxımdan legitim və qanuni olduğunu sübut etmək istəyir. İkinci bir tərəfdən, MDB məkanında ayrı-ayrı dövlətlərə münasibətdə İŞİD-in terror hadisələri həyata keçirə biləcəyini deməklə, bu bölgədəki siyasi elitaları da Suriya məsələsində Moskva ilə əməkdaşlığa dəvət edir. Eyni zamanda, güman edirəm ki, bu açıqlama həm də Suriya probleminin çözülməsində kifayət qədər fərqli mövqe sərgiləyən Qərb alyansına da bir mesaj kimi qəbul olunmalıdır. Bu mesaj da ondan ibarətdir ki, Rusiya prezidenti üstörtülü şəkildə postsovet məkanı uğrunda mübarizədə Moskvanın geri çəkilmək niyyətinin olmadığını da bəyan edir. Ukrayna hadisələri də göstərdi ki, Rusiya iqtidarı lazım olsa, silahlı qarşıdurmaya da gedərək, postsovet məkanındakı həyatı maraqlarını qorumaq fikrindədir. Beləliklə, Putinin həmin bəyanatına 3 aspektdən yanaşmaq olar. Rusiya prezidenti bununla ölkəsinin Suriyada apardığı fəaliyyətinin legitimliyini bəyan edir. İkincisi, Suriya məsələsində MDB ölkələrini də Moskva ilə əməkdaşlığa dəvət edir. Üçüncüsü, Qərbə Rusiyanın postsovet məkanını heç kimə güzəştə getməyəcəyini bəyan edir".

Politoloq Qabil Hüseynli isə o qənaətdədir ki, Rusiya prezidentinin həmim fikirlərində həqiqətn payı olsa da, bu pay azdır: "Bu deyilənlərdə müəyyən dərəcədə həqiqət payı vardır. İŞİD-in MDB məkanına hücum etmək planları ona görə baş verə bilər ki, Rusiya Suriyaya qoşun göndərib, onu havadan bombardman edərək, çoxlu sayda qırğınlara rəvac verib. İŞİD də bu mənada Rusiyanı bir növ hədəf kimi seçib və ondan intiqam alacağını deyir. Bir də onlar deyib ki, Moskvanı lap ürəyindən, yəni Kremldən vuracaq. Bunun isə digər MDB ölkələrinə, o cümlədən Azərbaycana fikrimcə, heç bir aidiyyatı yoxdur. Azərbaycan Suriyaya gedərək, orada mülkü əhalini, xəstəxanaları bombardman etmir ki? Rusiya bu fikirlərlə sadəcə olaraq, MDB ölkələrini də Suriya məsələsində öz yanında görmək istədiyini demək istəyir. Məhz bu səbəbdən də Putin İŞİD-dən öz ölkəsinə olan təhlükənin ünvanının habelə başqa yaxın qonşular da ola biləcəyini bəyan edib. Əslində, hazırda İŞİD-in tamamilə tarixdən silinməsi prosesi gedir".



Sizin Reklam Yeriniz