Əlaqə Arxiv
news Image
2016.02.24
17:25
| A A A
XİN: Azərbaycan Rusiya və ABŞ-ın Suriyada atəşkəsə dair razılaşmasını alqışlayır

Azərbaycan Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatını alqışlayır. Movqe.az-ın məlumatına görə, bunu Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair razılaşmanın əldə olunması ilə bağlı Azərbaycanın mövqeyini şərh edən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.


H.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 4-də Londonda keçirilmiş "Suriyaya və regiona dəstək" adlı konfransda və 23 fevral tarixində İran İslam Respublikasına rəsmi səfəri zamanı mətbuat konfransında etdiyi çıxışında Azərbaycanın Suriya böhranı ilə əlaqədar mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: "Bildiririk ki, Azərbaycan Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun həmsədrləri olaraq Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair 22 fevral tarixli birgə bəyanatını alqışlayır. Bəyanata və Suriyada hərbi əməliyyatların dayandırılması şərtlərinə dair onun əlavəsinə uyğun olaraq, Suriyada 27 fevral 2016-cı il tarixindən etibarən atəşkəs qüvvəyə minməlidir".


XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Suriyada vəziyyəti normallaşdırmaq, problemin siyasi həllini tapmaq və yaşanan humanitar fəlakəti aradan qaldırmaq üçün ilk növbədə sülh və atəşkəs bərqərar olmalıdır. Sülh və atəşkəs bərqərar olduqdan sonra Suriya xalqı özü gələcəyini müəyyən etməlidir: "Ümid edirik ki, atəşkəsin əldə olunmasına dair razılaşma BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə və Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun qəbul etdiyi digər sənədlərə uyğun olaraq, Suriya xalqının iradəsi əsasında BMT-nin çətiri altında böhranın həlli üçün siyasi prosesinin başlanmasına təkan verəcək".


H.Hacıyev əlavə edib ki Azərbaycan donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən əziyyət çəkən qaçqınlara humanitar yardım edib və bu yardımı davam etdirəcək.

Sizin Reklam Yeriniz