Əlaqə Arxiv
news Image
2012.11.24
12:10
| A A A
Müxalif düşərgədə parçalanma yeni vüsət alır

Məmməd Əlizadə: "Hazırda Azərbaycanda liderlik missiyasını üzərinə götürən yeganə lider Prezident İlham Əliyevdir və növbəti seçkilər də onun şəksiz qələbəsilə sonuclanacaq"  


Prezident seçkilərinə gedən yol qısaldıqca müxalifət düşərgəsində də bu istiqamətdə diskussiya və müzakirələr genişlənir. Həmişə olduğu kimi, yenə də müxalifət vahid namizədin olması ideyasından dəm vurmağa başlayıb. İctimai Palata adlanan qurumda təmsil olunan AXCP ilə Müsavat Partiyası da seçkilərə vahid namizədlə getmək niyyətində olduqlarını bəyan edirlər. 

Amma aydındır ki, bu məsələdə Müsavat başqanı İsa Qəmbər heç bir halda Əli Kərimliyə, nə də AXCP sədri birinciyə güzəştə gedən deyil. Gələn il baş tutacaq seçkilərdə hər ikisi iştirak etməyi qarşılarına məqsəd qoyub. Onlar vahid namizədin olmasından dəm vursalar da, aydındır ki, Müsavat başqanı AXCP sədrinə güzəştə getməklə özünün karyerasına son qoymuş olacaq. Eləcə də AXCP sədri sözügedən məsələdə İsa Qəmbərə güzəştə getsə, ictimaiyyətdə Əli Kərimli barədə Müsavat başqanının arxasında sürünən bir şəxs imici formalaşa bilər. Bu səbəbdən də onların seçkilərdə vahid mövqedən çıxış edəcəkləri ağlabatan deyil. Belə vəziyyət isə sonda istər-istəməz İctimai Palatanın da dağılmasına gətirib çıxaracaq. Müqavimət Hərəkatı adlı qurumda yığışanlar da seçkilərə öz namizədlərilə qatılacağını bəyan edirlər. Eyni zamanda onlar da vahid namizədin olmasının vacibliyini qeyd etməkdən də çəkinmirlər. Amma digərləri kimi Müqavimət Hərəkatına toplaşanlar da başqasına güzəştə getməyi qətiyyən düşünmürlər. Hətta okeanın o tayında olan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev də qarşıdakı seçki marafonuna qatılmaq niyyətini gizlətmir. O, hətta müxalifətdəki digər həmkarlarına bununla bağlı mesaj da göndərib. Son proseslər ondan xəbər verir ki, qarşıdan gələn seçkilərə müxalifət vahid namizəd şəklində deyil, əksinə, daha da parçalanmış halda gedəcək. Bu dəfəki seçkilərdə hər an vahid namizəddən dəm vuran müxalifətdən azı 10-15 namizəd ola bilər. Müxalifətin vahid namizədsiz seçkilərə qatılması isə onun olan-qalan gücünün daha da zəifləməsinə gətirib çıxaracaq. Müxalifətin vahid namizədi müəyyənləşdirə bilməməsi nəticəsində əhalinin də bu siyasi quruma etibarı günü-gündən aşağı enir. Bu halda gözləniləndir ki, növbəti prezident seçkilərində müxalifətdən olan ən şanslı namizəd heç 3 faiz səs belə toplaya bilməsin. Eyni zamanda, hazırkı situasiyada müxalifət vahid namizədlə seçkilərə qatılsa da, (yuxarıda qeyd etdiyimiz kimi, bu əslində gözlənilən deyil) onun hazırkı iqtidar üzərində qələbə çalmaq şansları belə sıfır səviyyəsindədir. Mövcud iqtidar hazırda gördüyü işlər sayəsində əhalinin böyük hissəsinin rəğbətini qazanıb ki, belə şəraitdə müxalifətin seçkilərdə cüzi nailiyyət əldə etməsi belə gözlənilən deyil. 

DADP-nın sabiq sədri Məmməd Əlizadə bildirdi ki, müxalifət seçkilərə vahid namizəd və ya dağınıq halda getsə də belə, qələbə yenə də hazırkı iqtidarındır: "2013-cü il seçkilərində ciddi maraq doğuran sürprizlərlə qarşılaşa bilərik. Həmin seçkilərdə həm namizədlərin irəli sürülməsi məsələsində, həm də prosesin daha demokratik keçirilməsinin şahidi olacağıq. Müxalifətin vahid namizəd məsələsi isə həmişə olduğu kimi, öz həllini tapmayacaq. Düşünürəm ki, bu qüvvələr sonda 4-5 namizəd üzərində dayanacaqlar. Amma bütün hallarda, hətta müxalifət vahid namizədlə prosesə qoşulduqda da belə seçkilər demokratik prinsiplərə söykənən prinsiplər çərçivədə keçiriləcək. Hazırda Azərbaycanda liderlik missiyasını üzərinə götürən yeganə lider prezident İlham Əliyevdir və növbəti seçkilər də onun şəksiz qələbəsilə sonuclanacaq. Prezidentin apardığı siyasət və gördüyü işlər və Azərbaycanın yürütdüyü neft strategiyası baxımından hesab edirəm ki, yenə də İlham Əliyev dəstəklənəcək. Onun üçüncü dəfə seçilməsi ölkəmizin inkişafı yolunda böyük əhəmiyyət daşıyacaq. Bunu xalq da gözəl bilir. Ona görə növbəti seçkilərdə də hazırkı dövlət başçısının böyük hesabla qələbə çalacağı şəksizdir".

Həsən İSLAMOV  

Sizin Reklam Yeriniz