Əlaqə Arxiv
news Image
2016.02.25
19:20
| A A A
"Facebook" və "Twitter" də İŞİD-lə mübarizəyə qoşuldu

İŞİD-lə mübarizəyə texnologiya şirkətləri də qoşulub. ABŞ hökuməti ilə "Silikon vadisi"nin qabaqcıl şirkətləri arasında razılıq əldə edilib. Artıq bu şirkətlər İŞİD üzvlərinin sosial şəbəkələrdəki yazışmalarını yaxından izləyəcək.

ABŞ Ədliyyə Nazirliyinin ötən gün keçirilən toplantısında "Apple", "Facebook", "Twitter", "Snapchat", MTV və "Buzzfeed" kimi önəmli şirkətlərin rəsmiləri iştirak ediblər.

Toplantıda terrorla mübarizə mərkəzinin direktoru Nik Rasmussen də yer alıb. Əsas gündəm isə İŞİD-in sosial şəbəkə hesablarından istifadə edərək özlərinə yeni tərəfdaşlar tapmalarının qarşısını almaq olub. Bunun üçün İŞİD üzvlərinin sosial mediadakı yazışmalarının açıqlanması və rəsmi şəxslərin məlumatlandırılması ilə bağlı anlaşma əldə edilib.

Ötən həftə ABŞ dövlət katibi Con Kerri də Los Ancelesdə texnologiya şirkətlərinin təmsilçiləri ilə görüşmüşdü. Ümumiyyətlə bu sahədə danışıqlar yanvar ayında davam edib.

Bu ayın əvvəlində "Twitter" 125 min İŞİD-lə əlaqəli hesabı bağladığını açıqlamışdı.

Məlumat üçün əlavə edək ki, bir müddətdir ki, "Apple" şirkəti ilə bu sahədə qalmaqal yaşanır. Belə ki, ABŞ Federal Araşdırma Bürosu (FBI) Kaliforniyada törədilən terror hadisəsində şübhəli şəxslərdən birinin "iPhone"nun şifrəsini sındırmağa kömək etməsini istəyir. Lakin qarşı tərəf bundan boyun qaçırır.

Brokinq İnstitununun əməkdaşı Benjamin Vittes bildirib ki, konqres bu kimi hallarda kimin məsuliyyət daşıması barədə qərara aydınlıq gətirənə qədər tərəflər arasında savaş davam edəcək.

Bu barədə xəbər yayılandan qısa müddət sonra terror təşkilatı ən populyar sosial şəbəkələrin yaradıcılarını hədələyən video çarx yayıb. Onlar "Facebook"un yaradıcısı olan Mark Zukerberq və "Twitter" mikrobloqunun rəhbəri Cek Dorsini hədəfə alıblar. "Telegram" mesenceri vasitəsilə yayılan 25 dəqiqəlik çarxda çıxış edənlər özlərini "Xəlifə ordusunun oğulları" adlandırırlar. Onlar "Facebook" və "Twitter"in ekstremist informasiyaların, terrorçuların hesablarının silinməsi barədə razılaşmaya görə cavab verəcəklərini deyiblər.


Sizin Reklam Yeriniz