ABŞ-la Rusiyanın Suriyada atəşkəsə dair razılaşmanı elan etməsinin ardınca. bu ölkənin şimalında kürd muxtariyyətinin yaradılmasına dair razılığa gəldikləri bildirilir.
Qeyd edək ki, Suriya kürdləri məsələsində Ankara ilə onun NATO üzrə müttəfiqi olan ABŞ arasında ciddi fikir ayrılığı var. ABŞ burada formalaşan kürd hərbi qüvvələrini dəstəkləsə də, Türkiyə onlara PKK terror təşkilatının bir qolu kimi baxır. Rusiya da bu məsələdə sanki Ankaranın acığına kürdlərə böyük dəstək verir. Belədə ABŞ-la Rusiya Suriyadakı kürd hərbi birləşmələri olan PYD-ni terrorçu təşkilat kimi tanımırlar. Suriyanın şimalında yaşayan kürdlər də aydın məsələdir ki, İraq kürdləri kimi muxtariyyət əldə etməyə çalışır. Bu isə Türkiyəni narahat edir.
Politoloq Elşən Manafovun fikrincə, ABŞ Suriya ilə bağlı "B" planını işə saldığı halda Türkiyə regional dövlət olaraq özünün bölgə ilə bağlı maraqlarını qorumaq məcburiyyətində qalacaq: "Hələlik ABŞ-la Rusiya arasında Suriyada atəşkəslə bağlı razılıq əldə olunub. Baxır, ABŞ və Əsəd rejiminə müxalif olan qüvvələr o razılığa necə əməl edəcəklər. Söhbət ondan gedir ki, ABŞ Dövlət Departament rəsmisi Vaşinqtonun "B" variantının olduğu fikrini də açıqladı.
Bu "B" variantı da belə məlum olur ki, əslində, Suriyanın parçalanmasını nəzərdə tutur. Suriyanın parçalanması isə bütün hallarda Türkiyənin xeyrinə deyil. Çünki Suriyanın parçalanması prinsip etibarı ilə bölgədə kürd dövlətinin yaradılması ehtimalını ehtiva edəcək. Bu da əlbəttə, Ankaranın maraqlarına cavab verməyən bir məsələdir. Ona görə Türkiyə tərəflərin atəşkəs rejiminə necə əməl edəcəyini gözləməyə məcburdur. Güman edirəm ki, bundan çıxış edərək Türkiyə siyasi elitasının hansı addımlar atacağını proqnozlaşdırmaq olacaq.
Əslində, hər şey göstərir ki, ABŞ-ın bölgə ilə bağlı maraqları nədən ibarətdir. Vaşinqton gerçəkdən "B" planıı işə salacaqsa, Türkiyə siyasi elitası da görəcək ki, ABŞ artıq Ankaraya NATO üzrə strateji müttəfiq kimi yanaşmır. O halda Türkiyə regional dövlət olaraq özünün bölgə ilə bağlı maraqlarını qorumaq məcburiyyətində qalacaq. Bir məsələ var ki, Türkiyənin Suriyaya müdaxiləsi bütün hallarda Rusiya ilə hərbi qarşıdurmanın yaşanmasına gətirib çıxaracaq. Bu isə NATO işə qarışmayacağı təqdirdə, Türkiyəyə yaxşı heç nə vəd etmir. Bəzi ekspertlər deyir ki, Türkiyənin Rusiyaya qarşı müharibəyə başlaması əslində, NATO-nun da Moskvaya qarşı müharibəsi olacaq. Bu zaman onlar NATO-nun nizamnaməsinin 5-ci maddəsini əsas göstərirlər. Amma məsələ ondadır ki, NATO-da qərarlar konsensus yolu ilə qəbul olunur. Qurumdakı 28 dövlətdən hər hansı biri fərqli mövqe sərgiləsə, NATO Türkiyəyə kömək edə bilməyəcək. Yunanıstanın həmişə Türkiyə ilə gərgin münasibətlərdə olduğunu nəzərə alsaq, bu məsələdə Ankaranın perspektivdə Moskva ilə təkbətək qalacağı amilləri də istisna edilməməlidir. Təəssüflər olsun ki, Türkiyənin rus təyyarəsini vurması Ankaranın maraqlarından daha çox, ABŞ-ın bölgə ilə bağlı maraqlarına xidmət edir. Güman edirəm, bu Türkiyə siyasi elitasının ciddi səhvi idi".
Politoloq Mais Gülalıyev isə Suriyada kürd muxtariyyətinin yaradıla biləcəyini istisna etdi: "Düşünürəm ki, indiki şəraitdə Suriyanın ərazi bütövlüyünün pozulmasına BMT imkan verməz. Çünki onun baş verməsi zəncirvari reaksiyaya səbəb ola bilər. Suriyanın parçalanması gələcəkdə İraqın da parçalanması deməkdir. Belədə Yaxın Şərqin xəritəsi dəyişə bilər. Düzdür, neçə illərdir Yaxın Şərqin xəritəsinin dəyişməsilə bağlı söhbətlər gedir. Amma aydındır ki, onun baş verməsi Yaxın Şərqə ciddi problemlər gətirəcək. Ona görə də hazırda Suriyanın parçalana, kürd muxtariyyətinin yarana biləcəyi məsələsinə real baxmıram.
Digər tərəfdən, Suriyanın parçalanması Moskvanın özü üçün də maraqlı sayıla bilməz. Suriya Rusiyaya kifayət qədər yaxın müttəfiqdir, burada rus hərbi qüvvələri yerləşdirilib. Amerika ilə Rusiya digər tərəfdən kürd dövlətinin yaradılması qərarına gəlsələr, buna Ankara da narazılıq edə bilməyəcək. Yaxın Şərq kimi həssas bir bölgədə xəritənin dəyişməsi nəinki bu regionda, ümumiyyətlə dünyada rezonans doğuran hadisə ola bilər. Ona görə düşünürəm ki, böyük dövlətlər buna yol verməyə cəhd etməzlər. Suriyada kürd dövlətinin yaranmasının, İraqın parçalanmasının ABŞ, yaxud da Rusiyaya nə xeyir var ki? Çünki xırda hissələrə bölünən region nəzarətdən tamamilə çıxa bilər. Belə bir halda sərhədlərin dəyişəcəyinə inanmıram".