Əlaqə Arxiv
news Image
2016.02.26
09:15
| A A A
"Vatikan radiosu"nun saytında Heydər Əliyev Fondu ilə əməkdaşlıq barədə məqalə verilib

"Vatikan radiosu"nun rus dilində saytında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfərinə həsr edilmiş məqalə verilib."Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası başa çatdırılıb" sərlövhəli məqalədə qeyd edilir ki, yaxın vaxtlarda qapıları ictimaiyyətin üzünə açılmış məşhur Müqəddəs Marçellinio və Pietro katakombalarındakı freskalar əvvəlki möhtəşəm görkəminə qayıdıb. Bir neçə il davam edən kompleks bərpa işlərinin nəticələri fevralın 23-də Papanın Mədəniyyət Şurasının iqamətgahında təqdim edilib. Bu qədim şedevrlərin bərpası üçün xərcləri Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb.Məqalədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Vatikan radiosu"na müsahibəsi yer alıb. Azərbaycanın birinci xanımı "Müsəlman ölkəsi olan Azərbaycandakı Fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir" sualının cavabında deyib: "Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim Fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq".Məqalədə daha sonra deyilir ki, Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq geniş spektri əhatə edir. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi bununla əlaqədar deyib: "Müştərək işlər əsasən Müqəddəs Marçellinio və Pietro katakombalarında, habelə Müqəddəs Sebastian katakombalarında cəmləşib. Heydər Əliyev Fondunun və xüsusən onun prezidentinin fəaliyyəti Vatikan Apostol Kitabxanasını da əhatə edib, orada saxlanılan Azərbaycan əlyazmalarının bir çoxu bərpa olunub, Vatikan muzeylərində isə Yupiterin əzəmətli heykəlinin bərpası üzrə işlər başlanıb. Bizim əməkdaşlığımızın daha bir aspekti mənim Azərbaycana çoxsaylı səfərlərimə aiddir. Orada mən müxtəlif dini icmalarla görüşmək imkanına malik olmuşam. Beləliklə, bu əməkdaşlıq çoxşaxəli bir şəbəkədir".Məqalədə izah edilir ki, İtaliyanın paytaxtında, Via Kazilina, 641 ünvanında yerləşən katakombalar möhtəşəm yeraltı rəsm qalereyasıdır. Roma katakombaları arasında uzunluğuna görə üçüncü yeri tutan bu katakombaların ümumi sahəsi 18 min kvadratmetrdən çoxdur. Erkən xristianlıq dövründən dünyada qalmış yeganə təsvirlərin yerləşdiyi "Ad duas Lauros" ("İki dəfnə ağacının yanında") adlanan arxeoloji kompleksin ərazisində yaxın vaxtlarda aparılmış bərpa işləri bu misilsiz freskaların orijinal palitrasını görməyə imkan verir. Əsrlər boyu olduğu kimi, bu il - yubiley ili sayılan Müqəddəs Mərhəmət ilində də bu katakombalar üstünlük verilən ziyarətgahlardan biridir və onlar Müqəddəs Pietro və Marçellinionun din yolunda şəhid olması ilə birbaşa bağlıdır.Heydər Əliyev Fondu bu işləri 2012-ci ildə imzalanmış sazişə uyğun olaraq maliyyələşdirib. Bu razılaşma mütərəqqi metodlardan istifadə edilməklə görkəmli abidələrin bərpasına başlamağa imkan verib.Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq başqa mühüm layihələr çərçivəsində də davam etdiriləcək. Məsələn, fevralın 23-də qədim Alliya yolu üzərində divarların xaricində yerləşən monumental Müqəddəs Sebastian kompleksindəki əsərlərin bərpası haqqında saziş imzalanıb. Bu sazişdə başqa məqamlarla yanaşı, qədim sərdabələrın müstəsna kolleksiyasının bərpası da nəzərdə tutulub.

Sizin Reklam Yeriniz