Əlaqə Arxiv
news Image
2016.02.26
10:55
| A A A
Xocalı həqiqətləri Efiopiya mətbuatında (FOTO)

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın tanınmış radio-kanalı "AfroFM"in canlı efirində Xocalı Soyqırımı haqqında müsahibə verib.


Bu barədə Movqe.az-a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.


Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı xüsusi amansızlıq və qəddarlıqla cinayətlərin törədildiyini qeyd edən səfir E.Abdullayev artıq 20-dən çox xarici dövlətlərinin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını vurğuladı.


Səfir E.Abdullayev cinayətkarların cəzasız qalmayacaqlarını və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında aparılan "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının dünya ictimaiyyətinin məlumatlandırılmasına və Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.


Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda uşaqlara, qadınlara və yaşlılara qarşı törədilmiş vəhşiliklərdən dəhşətə gələn radio-aparıcısı bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymətin verilməsinin davam edəcəyinə ümidvar olduğunu bildirib.


Səfir E.Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın 20% torpaqlarının hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərinin yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini vurğulayıb. Səfir qeyd edib ki, dünya ictimaiyyəti bu ədalətsizliyə biganə qalmamalıdır.


Müsahibənin sonunda səfir E.Abdullayev ölkəmizin tarixi, mədəniyyəti, tolerantlığı haqqında dinləyicilərə məlumat verib və Azərbaycanın mədəniyyətlərarası dialoqun aparılmasında xüsusi rolu barədə danışıb.

Sizin Reklam Yeriniz