Əlaqə Arxiv
news Image
2012.11.27
11:13
| A A A
Hindistanın Xəzərə gəlişi Qarabağ münaqişəsinə nə vəd edir?
Fuad Rəsulov: “Bu gün bizim bazara elə bir şirkət daxil olursa, burada daha çox siyasi qazancımız ola bilər” Elman Nəsirli: “Hindistanın iqtisadi maraqları fonunda siyasi proseslərə cəlb olunarsa, ilk gündən onun münaqişənin həllində həmsədr olmaq fikri ortalığa atıla bilər”

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və Hindistanın Milli Neft şirkəti olan "ONGC Videsh Ltd"-nin idarəedici direktoru D.K.Sarrafın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı Hindistan şirkətinin "Azəri - Çiraq - Günəşli" (AÇG) layihəsinə və "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənilməsinə dair hasilatın pay bölgüsü sazişi" üzrə tərəfdaşlardan olan "Hess" şirkətinin iştirak payına maraq göstərməsi məsələləri müzakirə olunub. İdarəedici direktor Azərbaycanda neft-qaz layihələrində iştirak etməkdə maraqlı olduqlarını və "ONGC Videsh Ltd" hazırda 15 ölkədə 30 layihə həyata keçirdiyini söyləyib. Bəs, görəsən ekspertlər bu pay bölgüsünü necə qiymətləndirirlər?

İqtisadçı ekspert, professor Fuad Rəsulovun sözlərinə görə, "Azəri", "Çıraq", "Günəşli" kimi yataqlarda iştirakçılığa, təkcə transmilli şirkətlərin gücü çata bilər: "Burada istər Hindistan, istərsə də Çinin xırda şirkətləri pay bölgüsünə gedə bilməzlər. Buna heç Azərbaycanın özü də imkan verməz. Çünki, burada milyardlardan söhbət gedir. Amma bu gün bizim bazara elə bir şirkət daxil olursa, burada daha çox siyasi qazancımız ola bilər. Coğrafi əlaqəmiz, Azərbaycana investisiya qoyan, bizim iqtisadiyyatımızda maraqlı olan şirkət və ölkələrin sayı genişlənər. Daha çox ölkələrin də bizim iqtisadiyyatımızda iştirak etməsi hər halda müsbət haldır. Amma belə payların bir - birinə satılması, alınması ölkədən asılı deyil. Belə məsələlər şirkətlərin səlahiyyətindədir. Məsələn, vaxtı ilə Rusiyanın şirkəti olan "Lukoil"un Bakı - Tiflis - Ceyhanda payı var idi. Rusiya siyasi maraqlar güdürdü. Sonradan maneçilik törətmək naminə öz paylarını iki qatına yapon şirkətinə satdılar".

Xarici şirkətlərin Azərbaycana maraq göstərməsi məsələsinə gəldikdə isə ekspert bildirdi ki, böyük transmilli şirkətlərin vəsaitləri çox olur: "Bu vəsaitlər də dövriyyədə olmalıdır. Ona görə də onlar harada daha etibarlı, təhlükəsiz, riski aşağı olan layihələr varsa, vəsaitlərini ora yatırmağa çalışırlar. Bilirlər ki, Azərbaycanda riski çox aşağıdır, burada ən azı 10 il neft var, keyfiyyəti, qiyməti yüksək olmaqla stabil satılır. Odur ki, banklarda vəsaitlərini aşağı faizlə saxlamaqdansa, hansısa layihələrdə yüksək faizlərlə dövriyyədə olmasını istəyirlər".

Siyasi şərhçi Elman Nəsirli isə bildirir ki, istənilən halda bu sövdələşmənin ölkəmiz üçün müəyyən qədər müsbət təsiri ola bilər: "Düzdür, Hindistan böyük dövlətdir, BMT Təhlükəsizlik Şursına daimi üzv olmaq istəyini bildirən dövlətdir. BMT Təhlükəsizlik Şurasında islahatlar barəsində söhbətlər gedərkən çox zaman Asiya regionundan təmsil olunması baxımından daimi üzv kimi məhz Hindistan və Pakistanın adı çəkilir. Bunlar var. Amma bizim əsas problemin həllində Hindistanın rolu demək olar ki, yox səviyyəsindədir. Prinsip etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə Hindistanın mövqeyi bu problemin həllinə nail ola bilər kimi fikirləşmək, bir az illuziyadır. Çünki, bu məsələdə ABŞ, Rusiya və Fransa həmsədrdir. Belə olan təqdirdə Hindistanın bu prosesə cəlb olunması və regionda müəyyən mənada vəziyyəti dəyişəcəyi ümidlərini düşünmək düzgün olmazdır. Yəni, belə çıxır ki, Hindistan bu məsələlərdə onlarla baş - başa gəlib, münaqişənin həlli ilə bağlı əsas mövqeyini bildirəcək və prosesə dəyişiklik gətirəcək. Uzağı, həmsədrlərdən birinin əvəzlənməsini fikirləşə bilərik. Amma onun əvəz etməsinin özü də bir müşkül məsələdir. Elə əvəz olunması da bir şeyi dəyişməz. Amma hər halda həmsədr olmasında bizə ziyanı da dəyməzdir. Çünki, biz bir çox hallarda həmsədrlərin xeyrinin yox, ziyanının dəyməməsini istəyirik. Yəni, elə bir anomal vəziyyət gəlib çatıb ki, onların xeyir verməyini düşünməkdənsə, biz daha çox ziyan verəməməsini arzulayırıq. Odur ki, Hindistan şirkətləri "Azəri", "Çıraq", "Günəşli" yatalarında iştirak edərsə, sonradan onun iqtisadi maraqları fonunda siyasi proseslərə cəlb olunarsa, ilk gündən onun münaqişənin həllində həmsədr olmaq fikri ortalığa atıla bilər. Amma bu, həm də çox müşkül məsələdir".

Sizin Reklam Yeriniz