Əlaqə Arxiv
news Image
2012.11.29
10:55
| A A A
Ermənistanla müharibə yenidən aktiv fazaya keçir?!
Aydın Ağayev: "Hazırda o vasitə və imkanlar üzrə işləmək lazımdır ki, Ermənistanın və Qarabağ avantürası ilə özünü regionda tamamilə təcrid vəziyyətinə salmış erməni siyasətçilərinin başına ağıl qoyulsun"

Prezident Adminstrasiyası Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması mümkün deyil. Azərbaycan əraziləri mütləq işğaldan azad olmalıdır.

Onun sözlərinə görə, beynəlxalq qurumların, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq qurumların bu münaqişə ilə bağlı müəyyən qərar və qətnamələri, həmsədr dövlətlərin-ABŞ, Rusiya və Fransa prezidentlərinin 4 bəyanatı olduğu üçün status kvo dəyişməlidir: "İndiki vəziyyət qəbuledilməzdir. Erməni tərəfi vaxtaşırı müəyyən bir bəhanə axtarıb taparaq danışıqlar prosesini uzatmağa nail olmamalıdır". Novruz Məmmədov rəsmi Bakının ATƏT-in Minsk qrupundan gözləntilərini də açıqlayıb: "Həmsədrlərdən bizim istəyimiz və tələbimiz ondan ibarətdir ki, ili ilə satmağa dəyməz. Neçə illərdir ki, onlar bu istiqamətdə danışıqlar aparırlar. Ancaq bu danışıqların hələlik real nəticəsi yoxdur. Şəxsən mənim də fikrim ondan ibarətdir ki, bu, nə qədər tez olarsa, Ermənistan bir dövlət kimi erməni xalqının gələcək taleyi üçün müəyyən mənada təminat ala bilər. Vəziyyət belə qalarsa, bu dövlətin də, bu millətin də gələcəyi sual altında qalacaq". Həmsədrlərin yeni təkliflərilə bağlı məsələyə münasibət bildirən Novruz Məmmədov qeyd edib ki, "Madrid prinsipləri" müəyyən sənədlərdə qəbul edilib: "Onların çərçivəsində bəhanə axtarmaq yox, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır. Ermənistan rəhbərləri bununla bağlı özlərində iradə tapmalıdırlar".

Xatırladaq ki, artıq hər üç həmsədr ölkəsi sözügedən konfliktlə bağlı status-kvonun dəyişməli olduğuna dair mesajlar veriblər. Lakin həmin mesajlar hələlik sadəcə olaraq, söz qismində deyilib. Onun real olaraq həyata keçirilməsilə bağlı isə həmsədr ölkələrdə hələlik bir tərpəniş yoxdur. Hər üç həmsədr sadəcə olaraq, günü-günə qatmaqla problemin həllinə deyil, əksinə daha da uzanmasına rəvac verirlər. Belə bir vəziyyətdə isə Azərbaycan beynəlxalq hüquqlardan irəli gələn prinsiplərə söykənməklə özünün işğal edilmiş ərazilərini digər vasitələrlə azad etmək hüququna malikdir. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, Ermənistan öz çirkin mövqeyindən geri çəkilməyəcəyi halda Azərbaycan müharibə variantına da gedə bilər. Status-kvonun hazırkı vəziyyətdə saxlanması fonunda isə müharibə ehtimalı artır.

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, münaqişə ətrafında status-kvo torpaqların işğaldan azad edilməsi istiqamətində dəyişməlidir: "Dağlıq Qarabağ ətrafında mövcud status-kvo dəyişmədiyi halda Azərbaycanın hərbi əməliyyatlara başlaması ehtimalı məsələsində bir qədər diqqətli olmaq lazımdır. O vasitə və imkanlar üzrə işləmək lazımdır ki, Rusiyanın asılığında olan Ermənistan və Qarabağ avantürası ilə özünü regiondan demək olar, tamamilə təcrid vəziyyətinə salmış erməni siyasətçilərinin başına ağıl qoyulsun. Ermənilər əlbəttə ki, sözlə başa düşən deyil, ona görə də təzyiqlər mexanizmi işə salınmalı və ciddi xəbərdarlıq edilməlidir. Nə qədər ki, bu yoxdur, dəyişən heç nə olmayacaq. Belə vəziyyətdə hərbi əməliyyatlar barədə tərəflər arasında səslənən fikirlərə də diqqətli olmaq lazımdır. O mənada ki, hərbi əməliyyatların başlaması ehtimalı fikirləri yalnız məcburiyyət üzündən səslənir. Bu fikirləri səsləndirməkdə məqsəd odur ki, birinci, erməni avantüristləri və işğalçıları, ikincisi, bu məsələnin həllində maraqlı olan dövlətlər mövcud status-kvo ilə Azərbaycanın barışmayacağını başa düşsünlər. Hərbi əməliyyatların başlaması ehtimalı fikri səslənərkən məhz bu məqamın işarəsi verilir. Yəni Azərbaycanın mövqeyinə hansısa təzyiqlər etmək və nəyisə dəyişməklə heç nəyə nail ola bilməyəcəklər. Onlar bunu başa düşməlidirlər. Hesab edirəm ki, hələlik mürəkkəb vəziyyətin dəyişməsinə ümidlər çox azdır. Belə halda dövlət günü-gündən güclənməli, dünya qarşısında imkanlarını qaldırmalıdır. Azərbaycan regionda Ermənistan xaric olmaqla, digər dövlətlərlə əməkdaşlığı daha da inkişaf etdirməlidir. Bütün bu əməkdaşlıqdan isə yenə də Ermənistana təzyiq mənasında hansısa rıçaqlar tapılmalı və yaxud tapılan rıçaqlar daha da gücləndirilməlidir.

İkincisi, Azərbaycan status-kvonun dəyişməli olduğunu deyəndə işğal olunmuş ərazilərin boşaldılması və Azərbaycanın torpaq bütövlüyünün bərpa olunmasını nəzərdə tutur. Qərdən isə status-kvonun dəyişməli olduğunu deyərkən mövcud vəziyyətin təhlükəli olduğu və hər an başqa hadisələr baş verəcəyini nəzərdə tuturlarsa, bu fikirlər düzdür. Amma bu zaman Azərbaycandan güzəştlər qoparmaqla hansısa sazişə nail olmağı mümkün sayırlarsa, belə status-kvonun dəyişilməsi barədə deyilənləri qəbul etmirik. Bütün dairələr Azərbaycanın torpaqlarının işğal olunduğunu deyir. Buna əsasən ən mötəbər beynəlxalq təşkilatların sənədlərinə istinadən deyirik ki, həmin sənədlərin tələblərindən biri də üstündən 20 il keçsə də yerinə yetirilməyib. Ona görə də status-kvo dəyişməlidir. Kimsə status-kvonun dəyişməsini ayrı cür düşünürsə, bunu istəmirik".

Sizin Reklam Yeriniz