Əlaqə Arxiv
news Image
2012.11.30
11:11
| A A A
Müxalifət iqtidarla dialoq körpülərini yandırır

Mais Gülalıyev: "Əslində onları radikal yox, satqın müxalifət adlandırmaq daha düzgün olardı"

Tahir Kərimli: "Radikal müxalifət öz xalqından yox, xaricdən nəsə umur"

Yaxın keçmizə nəzər salaq. Bu ilin yay ayında dünyanın, xüsusilə də bütöv Avropanın diqqəti bizdə olan bir vaxtda çalışdığı qədər Azərbaycanı səhv tanıtmağa cəhd göstərdi. Dəfələrlə anti-Azərbaycan təşkilat və dövlətləri ilə əməkdaşlığa səy göstərdi. "İdeal yoxdur" prinsipinə əməl etmədən kiçicik səhvdən faydalanmaq istəyi ilə daxildə çaxnaşmalar yaratmağa meylləndi.

Bütün bunların fonunda isə hələ də əks qütblə dialoq istəyini orta qoymaq niyyətində bulunur. Daha doğrusu tapmağa çalışır. Söhbət Azərbaycanda hazırki radikal müxalifətdən gedir. Elə siyasi partiya rəhbərləri də yaradılmış bugünkü siyasi mənzərə fonunda radikal müxalifəti həmin dəyirmi masada görünməyi lüzumsuz hesab edirlər.

Yaşıllar Partiyasının sədri Mais Güləliyev ilk öncə bildirdi ki, əslində onları radikal yox, satqın müxalifət adlandırmaq daha düzgün olardı: "Çünki, hazırda bu fəaliyyəti yerinə yetirən, lakin sözdən xoşu gəlməyənlər çoxdur və onlar özlərini radikal adlandırmağa cəhd edirlər. İndi isə dialoq sözünün mənasına diqqət yetirək. Əgər dialoq sözündə 2 və yaxud da çoxtərəfli müzakirələrin olduğunu nəzərə alsaq, onda sual çıxır ki, iqtidarla müxalifət arasında ikitərəfli dialoqun mövzusu nə ola bilər? Hansı sahədə müzakirə apara bilərlər? Bu mövzular Qarabağ problemindən tutmuş, ictimai - siyasi vəziyyətə qədər müxtəlif məsələlər ola bilər. Yox, əgər tərəflərdən hansısa birinin məsələn, iqtidarın bu deyilənlərlə bağlı müəyyən oturuşmuş bir fikri varsa və həmin ideyanı həyata keçirirsə, müxalifətin bura hansı məqsədlə dəvət edilməsinin elə də ciddi mənası qalmır. Yaxud da əksinə, müxalifətin iqtidarın qoyduğu problemin həllinə aydın alternativ variantı yoxdursa, iqtidarın bu masa arxasında oturmasına ehtiyac qalmır. Odur ki, dialoq sözünün etimalogiyasına görə, indiki ictimai - siyasi vəziyyətdə belə bir dialoqun keçirilməsinə ehtiyac qalmır. Çünki, radikal müxalifətin bu məsələlərlə bağlı alternativ fikri yoxdur. Yaxud da müxalifətin o qədər fikri var ki, onların içərisindən əsaslandırılmış hansısa bir fikri, birləşərək irəli sürmək imkanı yoxdur. Bu halda müxalifətin o fikrini qəbul etmək üçün heç bir əsas da qalmır. İqtidar da nəyisə zaman - zaman formalaşdırıb və dəyişdirmək fikri yoxdursa, müxalifəti formal olaraq həmin dəyirmi masaya dəvət etməsinin elə də ciddi mənası qalmır".

Partiya sədrinin sözlərinə görə, müxalifət anti-Azərbaycan təşkilatları ilə etdiyi əməkdaşlığa görə, elə bir əl yeri qoymayıb ki, iqtidar onun səmimi olmasına inanaraq dəyirmi masaya dəvət etsin: "Çünki, müxtəlif səfirliklər müxalifətin müəyyən qruplarını - səfirlikdən maliyyə dəstəyi alan qruplarını dəvət edir və müəyyən sahələr üzrə onlara dəstək verməyə boyun olurlar. Belə olan halda yenə də iqtidarın müxalifəti masa arxasına dəvət etməsinə səbəb qalmır. Yəni, bugünkü ictimai - siyasi vəziyyətdə hər atılan addımlar praktiki olaraq müxalifət - iqtidar dialoqunu heçə endirib. Əgər müxalifət daxilində birlik olsaydı, həm regional, həm qlobal, həm də Cənubi Qafqaza aid olan problemlər barədə aydın proqramlar hazırlasaydı və hökumət də orada müsbət element görsəydi, o halda dialoq mümkün ola bilərdi. Ancaq hökümət görür ki, radikal müxalifət instruksiyanı xaricdən alır. Bunu edirsə, cəmiyyətdə qarışıqlıq yaradırsa, o halda iqtidar da öz hakimiyyətini qorumaq üçün başqa addımlar atmağa məcburdur".

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikrincə, hazırda Azərbaycanda iqtidar və müxalifət arasında qeyri - bərabər güc var: "Elə, ərəb dilində də müxalifət zəif, iqtidar güclü deməkdir. Amma hazırda bizim radikal müxalifət hədsiz zəifləyib. Sosial bazasını o qədər itirib ki, iqtidar onunla hesablaşmır. Müxalifət heç bir sosial baza təşkil edə bilmir, ancaq xaricdən olan kiminsə arxası ilə sürünür. Belə olan halda da iqtidar müxalifətə heç vaxt ciddi qiymət verə bilməz. Ona görə də inanmıram ki, iqtidar yüksək səviyyədə müxalifətlə dialoqa getsin. Amma iqtidar tərəfindən də dəfələrlə səsləndirilib ki, ayrı - ayrı məsələlərlə bağlı iqtidarın məmurları müxalifətlə görüşə bilər. Ancaq "istefa" şüarı irəli sürən, gücü olmadan hansısa "yol xəritəsi" hazırlayan, parlamentin buraxılmasını tələb qoyan müxalifətlə iqtidar hansısa dialoqa gedərmi? Həm də müxalifət o dərəcədə zəifdir ki, belə bir görüşün keçirilməsi mümkün deyil. İkinci tərəfdən də radikal müxalifət öz xalqından yox, xaricdən nəsə umur. Hansısa dövlətdə normal müxalifət xaricdən kömək ummaz. Onda belə çıxır ki, radikal müxalifət artıq xarici dövlətlərlə dialoq vəziyyətindədir. Daha nə ehtiyac var, iqtidarla dialoqa getməyə? Özü də çox maraqlıdır ki, onlar dialoqu prezident səviyyəsində tələb edirlər. Qeyri- bərabər qüvvələr nisbətində bu cür dialoq alına bilməz".

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz