Əlaqə Arxiv
news Image
2016.04.01
09:39
| A A A
ABŞ Qarabağ münaqişəsinin həllilə bağlı yeni siyasətə başlayır?!
Aydın Ağayev: “Amerikadan istənilən odur ki, super güc böyük imkanları çərçivəsində real olaraq prosesə dəstək versin”

Vaşinqtonda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ABŞ- dövlət katibi Con Kerri ilə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi xüsusi diqqət mərkəzində olub. Dövlət katibi münaqişənin sülh yolu ilə nizamlanmasının vacib olduğunu vurğulayıb.

Ümumiyyətlə, Azərbaycan tərəfi hər bir görüşdə çalışır ki, həmsədr ölkələrin münaqişənin həllində aktivliyi real müstəviyə keçsin və bu aktivlik də son olaraq həllə gətirib çıxarsın. ABŞ dövlət katibi ilə görüş də bu mənada xüsusi əhəmiyyət kəsb edən görüşlərdəndir. Baş tutan bu görüş fonunda Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa yenilik gözləmək olarmı? Konkret ABŞ bu istiqamətdə hansı addımlar ata bilər?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Vaşinqton dünya super gücü kimi real olaarq Qarabağ probleminin həllinə ciddi dəstək verməlidir: "Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əlbəttə ki, çox mühüm rol oynaya bilər. Əgər bunu istəsə. İkincisi, bunun gerçəkləşməsi üçün geosiyasi şərait də olmalıdır. Ona görə ki, ABŞ Minsk qrupu deyilən mexanizmdə tərəflərdən biridir. Orada digər tərəflər olaraq Rusiya və Fransa da var. Təbii ki, münaqişənin nizamlanma prosesində onların hər birinin mövqeyi çox vacib olmaqla bərabər, onların öz arasında da bir anlaşma olmalıdır. Yəni, münaqişəyə münasibətdə onu həll etmək istəyini ifadə etməklə bağlı bir anlaşmanın tapılması lazımdır. Bu, çox mühüm məsələdir.

Təklikdə Amerika böyük qüdrətdir, Rusiya da qonşu ölkə olaraq burada çox güclü dövlətdir. Həmçinin, münaqişəyə münasibətdə Moskvanın özünün xüsusi münasibətini göstərən bir tarix də var. Amerika uzaq olsa da, dünyada bütün məsələlərə qarışan dövlətdir. Hər kəs də bunu bilir. İndiki halda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşdə dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini dilə gətirməsi özlüyündə çox əhəmiyyətlidir. Bunu eşitmək yaxşıdır. Bunu Rusiya da izləyir və eşidir. Eyni zamanda, Fransa da bunu bilir.

O biri tərəfdən, nəzərə almaq lazımdır ki, münaqişə kimin problemidir? Münaqişə nəticəsində yaranmış Dağlıq Qarabağ problemi və işğal edilmiş rayonlar Azərbaycanın ərazisidir. Azərbaycan o dövlətdir ki, onun yerləşdiyi regionda və daha geniş coğrafiyada dünyada gedən enerji və siyasi təhlükəsizlik məsələsində diqqət çəkən payı vardır. Kerri də bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllilə yanaşı, Azərbaycanın dünya tərəfindən qəbul olunan stabilliyə, terrora qarşı mübarizə və digər məsələlərə xidmət edən ümumi işdə ölkəmizin də payının olduğunu diqqətə çatdırıb. Məsələn, Əfqanıstanla bağlı məsələdə. Xüsusi olaraq görüşdə "Cənub Qaz Dəhlizi" məsələsi də vurğulandı. Ölkəmiz bu məsələlərdə Avropa və ona dəstək verən Amerikaya, yəni ümumi işə öz töhfəsini verir. Bu işlərin daha təhlükəsizlik şəraitində baş tutması, nəhəng transmilli layihələrin erməni işğalı nəticəsində yaranan təhlükənin mövcud olmadığı şəraitdə baş tutması daha yaxşı olmazdımı? İllərdir, Avropa, Amerika, ümumiyyətlə, bütün dünyaya bəyan edirik ki, bütün bu işlərə maneə olan, işimizə zərbə vuran bir nömrəli problem torpaqlarımızın işğalı problemidir. Təsəvvür edin, Avropanın enerji təhlükəsizliyinə xidmət edən ölkəmizin neft-qaz boru kəmərləri keçidində elə yerlər var ki, onlar hər an düşmənin hücumuna məruz qalar. Belə bir risq mövcuddur. Azərbaycan bütün bunları ona görə izah etmir ki, təkcə onun problemi deyil. Bu, həm də Avropanın problemidir, dünyanın enerji təhlükəsizliyi üçün bir problemdir. Bu terrora qarşı mübarizə üçün bir problemdir. Bütövlükdə regionda təhlükəsizliyə yönəlik problemdir.

Cənab Prezident bütün beynəlxalq tədbirlərdə məsələləri bu səviyyədə əsaslandırır. O cümlədən, Amerikadakı yüksək səviyyəli görüşdə də. Heç şübhə yoxdur ki, Prezidentin bütün bu danışıqları və verdiyi bəyanatlar oarda anlayışla qəbul olunur. Daha da konkretləşdirsək, Amerikadan istənilən odur ki, super güc böyük imkanları çərçivəsində real olaraq prosesə dəstək versin. Amma burada başqa problem var. Yəni, ABŞ tək deyil, burada Rusiya və Fransa faktorları da var. Ən azından bu dövlətlərin bəyanatlarında terror, işğal, xarici təcavüzə qarşı mübarizənin zəruriliyi faktı onları necə birləşdirirsə, Qarabağ məsələsində də belə bir anlaşmanın olması çox zəruridir. Bunu istəyirik. Yəni, problemin həllinin zəruriliyi daha geniş kontekstdə anlaşılmalı, başa düşülməli, qəbul edilməli və müvafiq konkret tədbirlər görülməlidir. Bu mənada konkret hansısa tədbirlərə əl atılsa, əlbəttə ki, nəticəsi olacaq. Bu, o halda olacaq ki, işğalçı Ermənistana münasibət dəyişməliidr. Ermənistanın bu illər ərzində dünya birliyini aldatmasına son qoyulmalıdır. Onu etmək də çox asandır, istəsələr. Çünki, açıq-aşkar bəllidir ki, Ermənistan təcavüzkardır. Amma bunu istəmək lazımdır. Dediyim məsələlərdə düzgün yanaşma olarsa, bu halda nəticə də ola bilər".



Sizin Reklam Yeriniz