Əlaqə Arxiv
news Image
2016.04.05
08:00
| A A A
Cəbhədəki itkilər Ermənistan daxilində böyük gərginliyə yol açır
Elnur Soltan: “Qarşıdurmalar Ermənistan daxilində ciddi narazılıq yarada bilər” Qabil Hüseynli: “Cəbhədəki döyüşlər Ermənistan ictimaiyyətini ölkənin iqtidarına qarşı qaldıra bilər”

Cəbhədəki qarşıdurmalar hər növbəti saatda ermənilərin itkilərin artırır. Artıq gərginlik Ermənistanın daxilinə də sirayət edib. Bu amil Ermənistan iqtidarına qarşı daxili etirazların daha da artacağına göstərir.

Politoloq Elnur Soltan bildirdi ki, Serj Sarkisyan rejiminin bütün legitimliyi birinci Qarabağ müharibəsində Ermənistan tərəfinin əldə etdiyi uğurlara bağlı idi: "Onların indiki hakimiyyətə gəlişinin səbəbi bu olmuşdu. Hazırda hakimiyyətdə qalmaqlarının da bir səbəbi budur. Xalqın onların başqa mövzulardakı uğursuzluqlarının bağışlama səbəbi ilkin uğurları və bu uğurun qalıcılığını təmin etmələridir. Bu qalıcılığın təməlində duran ən böyük səbəb onların müdafiə xətlərini keçilmə məsələsi idi. Ancaq artıq bütün leigitimliyin üzərində qurulmuş mifoloji sistem çökmüş oldu.

İndiki qarşıdurmanın ən böyük effekti Ermənistandakı hakimiyyətə təsiridir. Qarşıdurmalar Ermənistan daxilində ciddi narazılıq yarada bilər. Çünki, bu adamların bütün legitimlik faktoru ortadan qalxmış oldu. Çox sürətli, surpriz hücumlarla əfsanəvi olduğunu idda etdikləri bəndlər yarıldı. Təxmin edə bilmədikləri qədər insan qüvvəsi öldü. Bu, müxalifətin əlində istifadə vasitəsinə çevriləcək. Ermənistanda Qarabağ klanı hakimiyyətə gəlişindən bəri bu qədər sarsıdıcı zərbə almamışdı. Ona görə də döyüşlərin iqtidara qarşı narazılıqları artıracağını gözləmək olar".

Politoloqun fikrincə, etirazlar indiki halda Ermənistanı danışıqlar masasına gətirməyəcək: "Çünki, hazırda bütün qüvvələrini səfərbər edib hərbi sferada yaranan xoşagəlməz vəziyyəti dəyişdirməyə yönəldəcəklər. Ermənilər çalışacaqlar ki, status-kvo vəziyyətinə qayıda bilsinlər. İndiki halda bununla məşğul olacaqlar. Buna nail ola bilməsələr və hansısa böyük ölkədən kömək gəlməsə, bunu öz hərbi gücləri daxilində həyata keçirə bilməyəcəklər. Hərbi cəhətdən qarşılıq verməyə çalışacaqlar. Hətta yüksəklikləri geri ala bilməsələr belə, tərəfimizə ciddi insan zərəri verməyə çalışacaqlar ki, balansı heç olmasa, orada yaratsınlar. O mənada indiki halda danışıq masasına oturmaq istəməyəcəklər. Çünki, masaya oturmaq həm "hərbi zərbə yedim", həm də siyasi zərbə almaq deməkdir. Odur ki, indiki prsoses bir neçə ay davam edə bilər. Ancaq özləri də başa düşəcəklər ki, hesabladıqları qədər yenilməz deyillər.

İkinci faktor isə odur ki, beynəlxalq ictimaiyyətdə diqqətlər yenidən Qarabağa çevrildi. Beynəlxalq təzyiqlər də gəldikcə daxili narazılıqlar artacaq".

Digər siyasi şərhçi Qabil Hüseynli də hesab edir ki, cəbhədəki döyüşlər Ermənistan ictimaiyyətini ölkənin iqtidarına qarşı qaldıra bilər: "Çünki, cəbhədə baş vermiş itkilərin miqyasını erməni siyasi rəhbərliyi gizlədir. Ölən və yaralılanlar haqqında düzgün məlumat vermir. Ermənistanda Əsgər Anaları Komitəsi adlanan təşkilat Müdafiə Nazirliyinin qarşısında tolanaraq övladları haqqında məlumat verilməsini tələb edirdilər.

Eyni zamanda Ermənistan ordusunun cəbhənin bütün istiqamətlərində məğlubiyyəti cəmiyyətdə şok vəziyyət yaradıb. Müxalifət də artıq hakimiyyətdən məsuliyyət tələb edir. Ehtimal ki, İrəvanı yenidən mitinqlər dalğası bürüyəcək. Amma bu dalğalar həmçinin ölkədə erməni millətçiliyinin canlanmasına da kömək edə bilər. Ona görə də Ermənistan daxilində ictimai-siyasi vəziyyətin xeyli dərəcədə gərginləşəcəyini demək mümkündür".

Poliotoloq əlavə etdi ki, etirazlar fonunda belə Ermənistanın Dağlıq Qarabağ məsələsində danışıqlar masasına gələcəyi real görünmür: "Bunun üçün ilk növbədə ağalarının razılığı lazımdır. Ancaq indiki vəziyyət Ermənistan rəhbərliyini danışıqlar stolu ətrafında əvvəlki kimi güclü etmir. Hələlik atəşkəs rejiminin təmin edilməsinə çalışacaqlar. Cəbhədə müəyyən qədər sakitliyə nail olduqdan sonra danışıqlarda hansısa fikir yürütmək mümkündür".

Sizin Reklam Yeriniz